Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili prezident sarayını könüllü tərk edib.
O, yeni prezident Mixeil Kavelaşvilinin andiçməsini “parodiya” adlandırıb. Zurabişvili prezident iqamətgahından çıxıb. O deyib ki, “”legitimliyi, bayrağı və xalqın etimadını” özüylə aparacaq. S.Zurabişvili yeni parlament seçkiləri üçün şərtlərin yaradılması üzərində işləyəcəklərini deyib.
Konstitusiyaya görə, yeni ölkə başçısı and içəndən sonra vəzifədə olanın səlahiyyəti bitir. Zurabişvili isə deyib ki, parlamenti qeyri-legitim saydığından prezident postundan çəkilməyəcək.
+++
M.Kavelaşvili dekabrın 29-da parlamentdə prezident andı içib.
Andiçmə mərasiminə ABŞ-nin sanksiya siyahısına düşmüş milyarder Bidzina İvanişvili də qatılıb.
Gürcüstanda akkreditə olunmuş diplomatlar “zalda yer çatışmazlığı” səbəbindən mərasimə çağrılmayıblar. Bazar günü səhərdən parlament binasında sarı təhlükəsizlik səviyyəsi elan olunub, giriş məhdudlaşdırılıb. Jurnalistlər öncədən verilmiş xüsusi akkreditasiya əsasında işləyiblər.
+++
Gürcüstan prezidenti Salome Zurabişvili tərəfdarlarını dekabrın 29-da prezident sarayının qarşısına yığışmağa çağırıb. Bir gün öncə isə o, hökumətin Avropa İttifaqına (Aİ) inteqrasiyanı yubatmaq səylərinə etiraz edənlərə qoşulub.
“Orbeliani sarayından salamlar. Buradayam, burada olacağam, gecəni də burada keçirəcəyəm”, – Zurabişvili sosial mediada yayılmış videoda deyir.
Prezident bu gün tərəfdarlarını küçələrə çıxmağa səsləyib. O, dekabrın 29-da prezidentlik müddətinin bitməsinə baxmayaraq, vəzifədən getməyəcəyini deyir. Hakim “Gürcü Arzusu”nun dominantlıq etdiyi Seçici Kollegiyasının ayın əvvəlində seçdiyi varisini isə “qeyri-legitim” sayır.
Bazar günü Tbilisi küçələrində potensial toqquşmalar gözlənilir.
Şənbə günü isə etirazçılar Gürcüstan və Aİ bayraqları qaldırıb, “insan zənciri” yaradıblar. Zurabişvili də etirazçılara qoşulub.
Gürcüstanda müxalifət və prezident oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımayıb. Hakim partiya seçkini udduğunu bildirib. ATƏT seçkinin pozuntularla keçdiyini açıqlayıb.
O vaxtdan ölkədə etirazlar keçirilir. Ötən ay hökumət Aİ-yə üzvlük danışıqlarının təxirə salınması qərarı verəndən sonra etirazlar intensivləşib.
İvanişviliyə sanksiyalar
Dekabrın 27-də ABŞ keçmiş baş nazir, "Gürcü Arzusu"nun təsisçisi Bidzina İvanişviliyə sanksiyalar açıqlayıb. Onun “Rusiya Federasiyasının xeyrinə” Gürcüstanda demokratiyanı sarsıtdığı bildirilib.
Zurabişvili hökuməti dekabrın 29-dək yeni parlament seçkilərinin vaxtını təyin etməyə çağırıb.
ABŞ Nümayəndələr Palatasının üzvü Co Uilson (Joe Wilson) dekabrın 27-də X hesabında yazıb ki, yeni sanksiyaları alqışlayır və Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə “Gürcüstanın yeganə legitim lideri kimi” Zurabişvilini dəvət edib.
Seçicilər Kollegiyasının yeni prezident seçdiyi Mixeil Kavelaşvilinin 53yaşı var, keçmiş futbolçudur, sağ-qanad populistdir. O, dekabrın 29-da and içməlidir.
72 yaşlı Zurabişvili isə dekabrın 27-də “Gələn həftə bu vaxtlar mən prezident olacağam” sözlərini dilə gətirib.
Gürcüstana 2023-cü ilin dekabrında Aİ-yə namizəd ölkə statusu verilib. Mayda hökumətin “xarici agent” qanununu qəbul etməsindən sonra Brüssellə münasibətlər gərginləşib. “Gürcü Arzusu” 2012-ci ildən hakimiyyətdədir.