Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Qroznı marşrutu üzrə uçan təyyarənin Rusiya ərazisində, Qroznı yaxınlığında xaricdən zədə aldığını, idarəetməni itirdiyini deyir. O, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsinin də xeyli zədələndiyini bildirib. Prezident Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində bu haqda danışıb.
Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL təyyarəsi Aktauda qəza enişi edib. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Təyyarənin radioelektron mübarizə vasitələri ilə idarəolunmaz hala salındığını deyən prezident təyyarənin füzelyajın dəlik-deşik olmasının “ilkin olaraq kimin tərəfindən atılmış quş versiyasını sıradan çıxardığını” söyləyib.
Qeyd edək ki, sərnişin təyyarəsinin quş sürüsü ilə toqquşması versiyası həm Rosaviasiya, həm də AZAL-ın ilkin məlumatlarında yer alıb.
“Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir...”, – deyən prezident təyyarənin təsadüfən vurulduğunu, qəsdən terror aktından söhbət getmədiyini əlavə edib. O bildirib ki, Rusiya vaxtında üzr istəməyib, əvəzində birinci üç gün ərzində cəfəng versiyalar səslənib.
Rusiyanın təklifindən imtina edilib
Prezident Əliyev qəzanı Dövlətlərarası Aviasiya Komitəsinin araşdırması barədə Rusiyanın təklifini rədd etdiyini dilə gətirib, bunu həmin qurumun başında Rusiya vətəndaşlarının durması ilə əsaslandırıb. O deyib ki, qəzadan dərhal sonra Rusiyanın ədalətli və adekvat addımlar atmadığını, məsələni ört-basdır etməyə cəhd göstərdiyini vurğulayıb. Prezident beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradıldığını söyləyib.
İ.Əliyev təyyarənin niyə Qroznıya enə bilməməsi, havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələrinin nə dərəcədə təsirli olmasına dair sualların olduğunu qeyd edib.
“Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır”, – prezident bildirib.
İ.Əliyev təhlükəsizliklə əlaqədar Rusiyanın bəzi şəhərlərinə uçuşların onun göstərişilə, müddətsiz dayandırıldığını deyib. Onun sözlərinə görə, Moskvaya rəsmi tələblər çatdırılıb – Rusiya Azərbaycandan üzr istəsin, öz günahını etiraf etsin, günahkarları cinayət məsuliyyətinə cəlb etsin, Azərbaycan dövlətinə, sərnişinlərə, ekipaj üzvlərinə təzminat ödənsin. İ.Əliyev birinci şərtin təmin olunduğunu, digər şərtlərin də qəbul ediləcəyinə ümidini bildirib.
Rusiya prezidenti Vladimir Putin dekabrın 28-də azərbaycanlı həmkarına zəng edərək təyyarə qəzasının Rusiya səmasında baş verməsinə görə üzr istəyib. Ancaq o, təyyarə faciəsinə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etməyib.
Dekabrın 29-da iki dövlət başçısının daha bir telefon söhbəti barədə rəsmi açıqlama yayılıb.
Kreml bir gün öncə deyirdi ki...
Dekabrın 28-də Kremlin bu telefon söhbəti haqda yaydığı məlumatda deyilirdi ki, "sərnişin təyyarəsi dəfələrlə Qroznı aeroportuna enməyə cəhd edib. Həmin vaxt Qroznı, Mozdok və Vladiqafqaz Ukraynanın döyüş dronlarının hücumuna məruz qalmışdı və Rusiyanın havadan müdafiə sistemləri bu hücumların qarşısını alırdı".
Rusiyanın İstintaq Komitəsi uçuş təhlükəsizliyi və hava gəmisinin istismarı qaydalarının pozulması üzrə cinayət işi açıb. Azərbaycanda isə hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, səhlənkarlıq - iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddələri üzrə cinayət işi başlanıb.
Təyyarənin Qroznı yaxınlığında Rusiya raketi ilə vurulduğunu Azərbaycan hökumətindəki mənbələrə istinadla qərb mediası da yazıb.