Keçid linkləri

2025, 04 Yanvar, şənbə, Bakı vaxtı 12:47

Trampın tarif hədələri Avropa avtomobil sənayesinə problem yaradır


Donald Tramp Ağ evdə rüsum nümunələrini göstərir.
Donald Tramp Ağ evdə rüsum nümunələrini göstərir.

Donald Tramp yanvarın 20-də vəzifəsinin icrasına başlar-başlamaz, Çin, Kanada və Meksikadan gələn mallara yeni tariflər tətbiq edəcəyinə söz verib. Bu vədin gerçəkləşməsi ticarət savaşlarına yol aça bilər.

Avropanın avtomobil istehsalçıları da Trampın tətbiq edəcəyi ilə hədələdiyi yeni tariflərə hazırlaşırlar. Bu, onsuz da ABŞ və Çin kimi əsas bazarlarda satış və istehsalatda azalma ilə üzləşən şirkətlər üçün pis xəbərdir.

Tətbiq edilərsə, bu tarifləri Avropanın təkcə "Volkswagen", "Volvo" və "Stellantis" ("Fiat", "Chrysler" və "Citroen"i istehsal edən konqlomerat) kimi aparıcı avtomobil şirkətləri deyil, Mərkəzi və Şərqi Avropa ölkələri də hiss edəcək; onların iqtisadiyyatı bu avtomobillərin istehsalından çox asılıdır.

Serbiyanın 2008-ci ildə bağlanan beynəlxalq avtomobil istehsalçısı "Zastava"nın keçmiş direktoru Toma Saviç deyir ki, bu tariflər özəlliklə Balkan ölkələrindəki istehsalata ağır zərbə vuracaq: "Bu, qaçılmaz olaraq, Avropada istehsalı azaldacaq və kütləvi ixtisarlar doğuracaq".

"Zastava" sonradan "Fiat Chrysler Automobiles Serbia" şirkətinə çevrilib və "Stellantis"in nəzarətinə keçib.

Serbiyanın mərkəzi hissəsindəki Kraquyevats şəhərində yerləşən "Fiat Chrysler Automobiles Serbia" hələ 1990-cı illərin əvvəllərində - Yuqoslaviyanın parçalanmasından öncə Avropa avtomobil sənayesində öz mövqelərini geri qaytarmağa çətinlik çəkirdi. O zaman şirkət ildə 200 min avtomobil yığır, onları 26 ölkəyə ixrac edirdi.

Ağır bədəl

Almaniyanın avtomobil sənayesi də Trampın vəd etdiyi tariflər qarşısında həssas duruma düşə bilər. Avropanın ən iri iqtisadiyyata malik ölkəsi həm də Avropanın ABŞ-yə minik avtomobilləri satan ən iri ixracatçısıdır.

Bəzi hesablamalara görə, ABŞ Avropa, Meksika və Kanadada mallarına idxal tarifləri tətbiq edərsə, Avropa və Amerika avtomobil istehsalçıları birgə illik əsas gəlirlərinin 17 faizinə qədərini itirə bilər.

Volfsburqda "Volkswagen" zavodu.
Volfsburqda "Volkswagen" zavodu.

Trampın noyabrın sonlarındakı ilk tarif elanında Avropanın adı vurğulanmasa da, hələ seçki kampaniyasında Avropa İttifaqı hədəf alınmış, avropalı tərəfdaşlar ədalətsiz ticarətdə və Amerikanın istehsalat sahəsindəki iş yerlərini oğurlamaqda suçlanmışdı.

"Onlar bizim maşınlarımızı, bizim ferma məhsullarımızı, heç nəyimizi götürmürlər. Onlar bunun bədəlini ağır ödəyəcəklər", - Tramp oktyabrdakı seçki kampaniyasında belə demişdi.

ABŞ bazarı Avropa minik avtomobillərinin başlıca bazarıdır. Almaniyanın data toplama və vizualizasiya üzrə ixtisaslaşan onlayn platformasının – "Statista"nın bilgisinə görə, ötən il bu ixracat 42.5 milyard dollar olub. Müqayisə üçün, eyni dövrdə Avropaya idxal olunan Amerika avtomobillərinin toplam dəyəri 7.8 milyard dollar aşmayıb.

Tramp sentyabrda seçki kampaniyası zamanı demişdi ki, Almaniya avtomobil istehsalçılarının Amerika avtomobil şirkətləri olmasını və zavodlarını burada tikməsini istəyir. O, daha çox şirkəti istehsalatını məhz ABŞ-də qurmağa cəlb etmək üçün aşağı vergilər və enerji qiymətləri təklif etməyə də hazır olduğunu söyləmişdi.

Vergi yükü

2016-cı ildə Almaniya avtomobil istehsalçıları ABŞ-dəki istehsalata daha çox yatırım etməklə Trampın 35 faizlik tarifindən yayına bilmişdi.

Ancaq Trampın təklif etdiyi yeni tariflər Avropa avtomobil istehsalçıları üçün ABŞ-də zavod açmağı daha bahalı hala gətirə bilər.

Yeni tarif hədəsi Çin istehsalçılarının dominant olduğu elektrikli avtomobil (EA) bazarının gələcəyi uğrunda rəqabət aparmağa çalışan Avropa avtomobil sənayesinin onsuz da artan qayğılarını daha da ağırlaşdıracaq.

Çində gəmiyə yüklənməsini gözləyən BYD elektrik avtomobilləri.
Çində gəmiyə yüklənməsini gözləyən BYD elektrik avtomobilləri.

Bu il Aİ Çindən idxal olunan EA-lara 35 faizlik rüsum tətbiq edib.

Aİ-də EA-ların satışı azalıb və bəzi hökumətlər istehlakçıları bu növ maşınları almağa həvəsləndirmək üçün nəzərdə tutulan subsidiyaları ləğv edib.

Çin şirkətləri, o sıradan EA istehsalı sahəsində lider sayılan BYD-nin yüksəlişi fonunda Qərb maşın markalarının Çin daxilindəki bazar payı aramsız azalır. Bu bazardakı satışların azalmasından, özəlliklə, "Volkswagen" çox əziyyət çəkir.

Çinlə rəqabətin güclənməsi, Avropanın özündə satışın azalması və Trampın yeni basqıları Avropa avtomobil istehsalçılarını çox çətin duruma sala bilər.

Heç kim zərərdən sığortalanmayıb

ABŞ-nin mümkün tariflərinə cavab olaraq Avropanın ata biləcəyi addımlardan da narahatlıq var. Bu baş verərsə, həm ABŞ, həm də Avropa istehlakçılar üçün qiymətləri artıra və özəlliklə Avropanın avtomobil nəhəngi olan Almaniya ağır zərbə ala bilər.

Almaniya İqtisadiyyat İnstitutunun proqnozuna görə, Trampın Aİ-yə 20 faizlik tarif tətbiqi dörd il ərzində alman iqtisadiyyatının 192.5 milyard dollar itirməsi deməkdir.

Belə sonucların avtomobil istehsalından asılı olan Mərkəzi və Şərqi Avropa ölkələrinə də ciddi təsirləri olacaq.

XS
SM
MD
LG