Keçid linkləri

2025, 01 Yanvar, çərşənbə, Bakı vaxtı 16:59

İlsonundan 2025-ci ilə baxış: Dünya necə görünəcək?


2025-ci il üçün qlobal proqnoz
2025-ci il üçün qlobal proqnoz

Ötən il AzadlıqRadiosu 10 jurnalistindən gələcəyə baxıb 2024-cü ildə nələrin baş verə biləcəyini proqnozlaşdırmağı xahiş etmişdi.

İndi onlar geri dönərək 2024-cü ilə yenidən baxır və 2025-ci ildə baş verə biləcək olaylarla bağlı düşüncələrini paylaşırlar.

Proqnozlarda təkrarlanan bir neçə mövzu var:

  • Ukrayna müharibəsi qlobal münaqişəyə çevrilib; savaş Qərbi mövcud dünya düzənini sorğulayan dövlətlərin yaranmaqda olan blokuna qarşı qoyur;
  • Dünyada populist hərəkatlar və avtoritar liderlər möhkəmlənərək demokratiyanı və demokratik institutları təhdid edir.
  • Donald Trampdan çox şey asılı olacaq. 2025-ci ilin yanvarında Ağ evə geri dönəcək Tramp artıq transatlantik ticarətdən Balkanlardakı siyasətədək beynəlxalq aləmin dinamikasını yenidən formalaşdırır.

Vitali Portnikov
Vitali Portnikov

Ukrayna

AzadlıqRadiosunun müxbiri Vitali Portnikov 2023-cü ilin sonunda yazmışdı ki, 2024-cü ildə Ukraynada tərəflərdən biri hərbi qələbə qazansa da, bu bizi siyasi çözümə yaxınlaşdırmaya bilər.

O, indiki ilsonu təhlilində yazır ki, bu, o zaman olduğu kimi, indi də doğrudur, axı Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumu daha geniş niyyətin bir hissəsidir. Niyyətsə Sovet imperiyasının özünü olmasa da, ən azı, nüfuz dairəsini bərpa etməkdir.

Ukraynadakı müharibəni çözümə yaxınlaşdıra biləcək amil Ağ evdə baş verəcək dəyişiklikdir. …Donald Tramp hələ də Rusiya ilə Ukrayna arasında sülh razılaşmasına vasitəçilik etməyə hazır olduğunu deyir. Di gəl, sual doğur: Trampın niyyət və qətiyyəti yetəcəkmi?

Putinin münaqişəni bitirməyə razılığı iki başlıca amildən asılı olacaq: Birincisi, ölkəsinin iqtisadi durumunun uzunmüddətli savaşı sürdürməyə yol verə bilməyəcəyini Rusiya prezidentinin anlamasıdır. İkincisi isə, Putinin Ukraynaya hərbi basqıdan siyasi təsir və destabilizasiya yoluna keçməyə hazır olmasıdır.

Belə sülh altında Ukraynanın gələcəyi Qərb tərəfdaşlarının güvənlik təminatlarından və Ukrayna cəmiyyətinin Rusiyanın sabitliyi pozmaq cəhdlərinə - məsələn, gələcək prezident seçkiləri zamanı dezinformasiya axınına, - dirəniş gücündən asılı olacaq.

Ancaq Putin savaşı sürdürmək üçün yetərli resursu olduğunu düşünsə, münaqişə, heç sözsüz, 2025-ci ildə və hətta ondan sonra da davam edəcək.

Hanna Kaviani
Hanna Kaviani

İran

AzadlıqRadiosunun əməkdaşı Hanna Kaviani yazır ki, İranda prezident İbrahim Rəisinin qəfil ölümünün ardınca daha mötədil siyasətçi Məsud Pezeşkian prezident seçildi.

İranda bir çox adam Pezeşkianın seçilməsini dini hakimiyyətin tutduğu sərt xəttin yumşalacağının əlaməti kimi görməyə başladı. 2024-cü il sona çatsa da, Pezeşkian iranlıların yaşayışı ilə bağlı dini hakimiyyətin qoyduğu məhdudiyyətləri yumşaltmağa dair vədlərini hələ də yerinə yetirməyib.

Pezeşkianın çox işi var: valyuta dəyərsizləşir, ekoloji böhran var, əhali yaşlanır və beyin axını get-gedə dərinləşir. Büdcə kəsirinin öhdəsindən gəlmək üçün yanacağı bahalaşdırmaq vacib sayılacaq, ancaq bu, 2019-cu ildəki kimi, etiraz doğura bilər. O zaman baş qaldıran etirazlarda yüzlərlə insan həyatını itirmişdi.

İranın beynəlxalq aləmdəki durumu daha ağırdır. Livanda "Hizbullah"a, Qəzza zolağında HƏMAS-a endirilən zərbələr, eləcə də Suriya diktatorunun devrilməsi, İsrailin İrana hücumu 2024-cü ildə baş verən əsas olaylardır. Uzun zamandan bəri ilk dəfədir ki, İran siyasətçiləri müdafiə olunmaq üçün nüvə silahı hazırlanması haqda açıqca danışırlar.

Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) ilə Tehranın münasibətlərinin durumu narahatlıq doğurur. Nəticədə Avropanın güclü dövlətləri Tehranı 2024-cü ildə iki dəfə qınayıb. Qərbi narahat edən məsələlər çözülməsə, elə 2025-ci ilin yazında BMT-nin İrana qarşı sanksiyaları geri qaytarması prosesinə başlanıla bilər.

2025-ci ilin yanvarında Donald Trampın Ağ evə qayıdışı ilə İrana qarşı beynəlxalq basqının artacağını da düşünməyə dəyər. Tramp ilk prezidentliyi dövründə ABŞ-ni İranla nüvə sazişindən birtərəfli qaydada geri çəkmişdi. O, nüvə iddiaları və bölgədəki təsirini zəiflətmək üçün İrana daha ağır iqtisadi sanksiyaların tətbiq edilməsinin vacibliyini də söyləyirdi.

Pablo Qorondi
Pablo Qorondi

Macarıstan

AzadlıqRadiosunun əməkdaşı Pablo Qorondi yazır ki, heç bir ekspert Macarıstanda Peter Madyarın sürətlə yüksələcəyini proqnozlaşdırmamışdı. Bir il öncə Madyar sağyönlü baş nazir Viktor Orbana sadiq idi. Ancaq indi o, Macarıstan müxalifətinin populyar və çevik lideridir.

Madyarın TISZA Partiyası iyun ayında Avropa Parlamentinə keçirilən seçkilərdə Macarıstana aid 21 yerin 1/3-i qazanmaqla və yerli sorğularda yaxşı nəticə göstərməklə macar siyasi səhnəsini əməlli-başlı silkələyib.

Onun sürətli yüksəlişi hakim FIDES partiyasına başağrısı yaradıb. Orbanın rəhbərlik etdiyi bu partiya demokratiyanı gerilətməsinə və avtoritar meyllərinə görə çox tənqid olunur. Partiya mediada hücumlara əl atıb və hətta erkən seçkilər haqda düşünür.

Bu ilin ikinci yarısında Avropa İttifaqı Şurasına (AİŞ) sədrlik Macarıstana keçib. Orban bu fürsətdən yararlanaraq Madyarın partiyasının onu kölgədə qoymasına imkan verməyib. Orban AİŞ-dəki vəzifəsinə göstərişli və ziddiyyətli tərzdə başlayıb: o, iyulda Kiyev, Moskva, Pekin və Mar-a-Laqonu (Trampın Floridadakı iqamətgahını) ziyarət edib və bu səfərlərini Ukraynadakı savaşı bitirmək yönündə səylər kimi qələmə verib. Avropa rəsmiləri onu bu özbaşına və koordinasiya edilməmiş davranışına görə tənqid atəşinə tutublar.

Rikard Yozvyak
Rikard Yozvyak

Avropa İttifaqı

AzadlıqRadiosunun müxbiri Rikard Yozvyak yazır ki, 2024-cü ildə "Avropa qalası" ifadəsi çox dilə gətirilib. Aİ üzvləri miqrasiya siyasətlərini get-gedə sərtləşdirməyə, bu məsələni üçüncü ölkələrə həvalə etməyin kreativ yollarını tapmağa çalışırlar. Məsələn, İtaliya qonşu Albaniyada miqrant mərkəzləri yaradıb.

Aşırı sağçı və populist partiyalar Avropa Parlamentinə 2024-cü ildə keçirilən seçkilərdə bəlli uğur qazansa da, mərkəz öz mövqeyini qoruyub saxlayıb. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ikinci müddətə seçilib.

Yozvyakın analitik yazısında deyilir ki, bu, 2025-ci ildə də davam edəcək. Populist partiyalar Aİ ölkələrində yenə siyasəti şəkilləndirəcək. Çexiyada populist milyarder və keçmiş baş nazir Andrey Babiş payızda yenidən hakimiyyətə qayıda bilər. Deməli, onun Macarıstan baş naziri Viktor Orban və Slovakiya baş naziri Robert Fitso ilə birlikdə avroskeptik üçbucaq formalaşdırmaq ehtimalı var.

Fransada populist solçu və sağçılar prezident Emmanuel Makrona başağrısı olmağa davam edəcəklər. Makronun 2024-cü ilin yayında növbədənkənar parlament seçkilərinə getmək addımı uğurlu olmayıb. 2025-ci ilin yayında yeni seçkilər keçirilə və bu seçkilərdə Makron daha böyük məğlubiyyətə uğraya bilər. Bu dəfə səslərin çoxunu ya aşırı solçuların, ya da aşırı sağçıların qazanması sürpriz olmaz.

2025-ci ilin fevralında Almaniyada seçki keçiriləcək. Aşırı sağçı "Almaniya üçün Alternativ" partiyasının buvaxtadək ən yaxşı nəticəsini – səslərin 20 faizini - qazanacağı gözlənilir. Ancaq mərkəz-solçu sosial-demokratlar və mərkəz-sağçı xristian-demokratların iri koalisiyasının qalib gələcəyi, sonuncuların rəhbəri Fridrix Mertsin kansler olacağı gözlənilir.

Qarşıdakı il ərzində Donald Tramp Avropa siyasətini avropalıların özləri qədər şəkilləndirəcək. İyunda Niderlandda keçiriləcək NATO zirvəsində o, avropalı müttəfiqlərini müdafiə xərclərini artırmağa çağıracaq.

Transatlantik ticarətlə bağlı fikir ayrılıqları baş verə bilər. Özəlliklə Brüsselin texnologiya maqnatı və Trampın müttəfiqi Elon Mask və onun X sosial media platformasına blokun daxilindəki sosial media qaydalarına əməl etmədiyi üçün milyard avroluq cərimə tətbiq edilərsə, bu proqnozun gerçəkləşmə ehtimalı daha yüksək olacaq.

Valer Karbaleviç
Valer Karbaleviç

Belarus

Jurnalist Valer Karbaleviç yazır ki, 2024-cü ildə Aleksandr Lukaşenko avtoritar rejimi totalitar dövlətə çevrilmək istiqamətində sürətli hərəkətini davam etdirib. Siyasi repressiyalar daha da güclənib və demokratik seçki kimi qələmə verilən iki seçki kampaniyası sayəsində legitimləşdirilib.

Bu il marionet parlament və yerli şuralar seçilib. İlin sonuna doğru isə prezident seçkisi üçün kampaniya başlanıb. Kampaniya 2025-ci ilin yanvarında bitəcək.

2024-cü ildə Belarusla Rusiyanın ittifaqı daha da güclənib və dərinləşib. Bu, özəlliklə hərbi sahəyə aiddir. Dekabrda Lukaşenko Rusiyanın müasir "Oreşnik" raket sisteminin 2025-ci ilin ikinci yarısında Belarus ərazisində yerləşdirilməsi haqda qərarını açıqlayıb.

2025-ci ildə Lukaşenko üçün əsas çətinlik Ukraynaya dair mümkün sülh danışıqlarının yaradacağı yeni geosiyasi reallıqdan baş çıxarmaqla bağlı olacaq. Bu danışıqlardan Şərqi və Mərkəzi Avropanın yeni güvənlik düzəni meydana çıxa bilər. Minsk bu düzən formalaşdırılarkən onun maraqlarının diqqətə alınmayacağından narahatdır.

Bu danışıqlara qatılmaq rıçağı kimi legitimliyini yeniləmək istəyən Lukaşenko hətta prezident seçkilərini də altı ay önə çəkib.

Ukraynadakı müharibə dondurulmuş münaqişəyə çevrilərsə, Belarus da illərlə donmuş durumda qala bilər. Lukaşenko rejimi möhkəmlənəcək, Belarusda isə iqtisadiyyatdan tutmuş, mədəniyyətədək bütün həyat tədricən çökəcək.

Coşua Kuçera
Coşua Kuçera

Qafqaz

Coşua Kuçera yazır ki, bir il öncə Ermənistanla Azərbaycan arasında sülh çox yaxın görünürdü. Azərbaycan bütün Dağlıq Qarabağa nəzarətini yeni bərpa etmişdi. Hər iki tərəf saziş imzalamağa, az qala, hazır olduğunu dilə gətirmişdi. Əsas məsələlərin çoxunda razılığa gəlinmişdi.

İndi məsələ, demək olar, eyni nöqtədədir. Ermənistanla Azərbaycan hələ də sülh sazişinin bəzi məqamlarını dartışır. Bəzən Azərbaycanın, ümumiyyətlə, sülh sazişi istəmədiyi təəssüratı doğur.

Bununla yanaşı, Qafqazda diqqət Gürcüstana yönəlib. Oktyabrda keçirilən parlament seçkilərinin həlledici olacağı əvvəldən gözlənilirdi. Ancaq seçkidən sonra meydana gələn böhran heç kimin gözləmədiyi qədər təhlükəli vəziyyət yaradıb.

Müxalifət və etirazçılar seçkinin nəticələrini qəbul etməkdən boyun qaçırırlar. Onlar nəticələrin qeyri-legitim olduğunu deyirlər. Hökumətin etirazları yatırmaq üsulu artıq Gürcüstanın postsovet dövründəki ən sərt tədbirlər kimi tarixə düşüb. Dekabrın 29-da prezidentlik müddəti başa çatan Salome Zurabişvili postu tərk etmək istəmir. Onun hökumətlə toqquşmasının nəticəsi ağır ola bilər. Ənənəvi olaraq, Gürcüstanın əsas tərəfdaşları olan ABŞ və Avropa gücləri ilə münasibətlər pisləşməyə davam edir.

C.Kuçera daha sonra yazır ki, hazırda istər hökumət, istərsə müxalifət və etirazçılar güzəştə getmək niyyətində olmadığından hər hansı proqnoz vermək çətindir, ancaq bir ildən sonra Gürcüstan siyasəti indi olduğundan çox fərqli görünəcək.

Malali Bəşir
Malali Bəşir

Əfqanıstan

Jurnalist Malali Bəşirin Əfqanıstanda qadın haqlarına fokuslanan yazısında 2024-cü ilin noyabrında BMT Baş Assambleyasının müvafiq komitəsinin insanlığa qarşı cinayətlərə dair ilk sazişlə bağlı danışıqları təsdiqləməsinə diqqət çəkilir. Bu hadisə beynəlxalq hüquqa görə qadın aparteidini önə çəkə bilər. Bu, əfqan qadın haqları fəallarının uzun zamandan bəri tələb etdiyi önəmli addımlardan biridir.

Kris Riklton
Kris Riklton

Orta Asiya

Kris Riklton yazır ki, 2024-cü ildə Özbəkistanla Qazaxıstan Moskvanın prestiji üçün vacib olan bloklara qoşulmaqdan imtina edib. Bölgədə rus dili və Rusiyanın müstəmləkə irsinə dair mübahisələrsə Kremlin yumşaq güc perspektivlərinə yaxşı töhfə vermir.

Yazıda deyilir ki, qarşıdakı il boyunca Çin öz sakit diplomatiyası və özəlliklə bölgənin nəqliyyat və yenilənəbilən enerji sektorlarına çoxmilyardlıq investisiyaları ilə Orta Asiyada özünə dostlar qazanmağa davam edəcək.

Qazaxıstan, Qırğızıstan və Özbəkistanda jurnalistlər və rejimi tənqid edənlərin durumu yenə ağırlaşmaqdadır. Bölgədəki rejimlər repressiv qanunlar, ağır həbs cəzaları və azadlıqların yox edilməsinin düzgün yol olduğuna dair möhkəm inamlarında həmrəydir.

Sergey Medvedev
Sergey Medvedev

Qlobal savaş

Jurnalist Sergey Medvedev yazır ki, Ukrayna müharibəsi, sözün gerçək anlamında, qlobal miqyas alıb. Fiziki olaraq Ukraynada aparılsa da, bu müharibəyə onlarla ölkə qatılır, onun təsirləri Afrika, Cənubi Amerika, Şərqi Asiya və s. bölgələrin əhalisinə toxunur.

Soyuq savaşın qızğın dönəmlərindən bəri ən iri qlobal hərbi güc yetişdirilməsinə səbəb olan bu müharibə NATO, Avropa İttifaqı, BMT və Beynəlxalq Cinayət Məhkəməsi kimi beynəlxalq institutlara inamı sual altına alıb.

Bir yanda Ukraynanı dəstəkləyən ABŞ və onun NATO müttəfiqləri, digər yanda da mövcud dünya düzənini sorğulayan qeyri-Qərb dövlətlərinin formalaşmaqda olan bloku var.

Bu qeyri-rəsmi qrupa Çin başçılıq edir. Rusiya onun kiçik tərəfdaşı, İranla Şimali Koreya isə əsas dəstəkçiləridir. Qərbin sanksiyalarından yayınmağın yeni mexanizmlərini, kriptovalyutalara əsaslanan yeni maliyyə sistemləri, habelə BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi təsisatlarını ortaya qoyan bu dövlətlər qloballaşmaya alternativi təmsil edir.

Döyüş xətti Ukraynada olsa da, müharibə hər yerdə gedir: Rusiya bütün dünyada seçkilərə müdaxilə edir (bunun, bəlkə də, ən son örnəyi Rumıniyadır) və onun bir çox Qərb ölkəsində təxribat aktları gerçəkləşdirdiyi düşünülür.

Yaxın Şərq yenə savaşa bürünüb; Venesuela qonşusu Qayanaya qarşı ərazi iddiaları irəli sürür; Çin Ukrayna münaqişəsini sakitcə izləyir, özü isə Tayvanda öz əməliyyatını hazırlayır.

2025-ci ildə Ukraynadakı durum necə olsa da, bu qlobal müharibənin genişlənəcəyi gözlənilir. Hətta mümkün atəşkəs belə bu qlobal qarışıqlığı, o cümlədən Rusiyanın ekspansionist iştahını, yaxud Kremlin Ukraynanın dövlətçiliyinə son qoymaq, NATO və ABŞ-yə meydan oxumaq arzusunu dayandırmayacaq.

Ukraynadakı müharibə əsl qar uçqunu effekti yaradıb. İslamçılardan revanşistlərədək qloballaşma əleyhinə elitalar qan iyini hiss edir. Dünyanın fərqli və gözlənilməyən yerlərində yeni münaqişələr körüklənəcək.

Bu anlamda Putin Ukrayna münaqişəsini qlobal münaqişəyə çevirmək və dünya düzəninə meydan oxumaqla bağlı uzunmüddətli planına nail olub. Əgər İkinci Dünya müharibəsinə bənzətsək, indi biz haradasa 1938-ci ildəyik. Dünyaya meydan oxuyan da var, qərarsız Qərb də; yeni Münxen sazişi də yetişməkdədir. Adam, olsa-olsa, yeni 1945-ci ili görənədək yaşamağa ümid bəsləyə bilər.

XS
SM
MD
LG