Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 04:30

Xəbərlər

Putin təyyarə qəzasına görə üzr istədi. Zelenski də Əliyevə zəng etdi

İ.Əliyev və V.Putin
İ.Əliyev və V.Putin

Rusiya prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək təyyarə qəzasına görə üzr istəyib, həlak olanların ailələrinə başsağlığı çatdırıb. Bu barədə prezidentlərin mətbuat xidmətləri məlumat yayıb.

Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL təyyarəsi Aktauda qəza enişi edib. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Prezident İ.Əliyev deyib ki, sərnişin təyyarəsi Rusiyanın hava məkanında kənar fiziki-texniki müdaxiləyə məruz qalıb, idarəetməni tam itirib, Qazaxıstanın Aktau şəhərinə yönləndirilib və yalnız pilotların şücaəti, peşəkarlığı sayəsində qəza enişi edə bilib.

Kremlin yaydığı məlumata görə, "söhbətdə qeyd olunub ki, sərnişin təyyarəsi dəfələrlə Qroznı aeroportuna enməyə cəhd edib. Həmin vaxt Qroznı, Mozdok və Vladiqafqaz Ukraynanın döyüş dronlarının hücumuna məruz qalmışdı və Rusiyanın havadan müdafiə sistemləri bu hücumların qarşısını alırdı".

Məlumatda deyilir ki, Rusiyanın İstintaq Komitəsi uçuş təhlükəsizliyi və hava gəmisinin istismarı qaydalarının pozulması üzrə cinayət işi açıb.

Azərbaycanda isə hadisə ilə bağlı Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Zelenski Rusiyadan dəqiq izahat tələb edib

Dekabrın 28-də Ukrayna prezidenti Volodimir Zelenski də Azərbaycan prezidentinə zəng edərək təyyarə qəzasına görə başsağlığı verməsinə dair məlumat yayıb. O, qeyd edib ki, Rusiya dəqiq izahat verməli, dezinformasiya yaymağı dayandırmalıdır.

“Foto və videolarda təyyarənin gövdəsinin zədələnməsi, o cümlədən zenit raket zərbəsinə çox bənzəyən dəliklər və əyilmələr aydın şəkildə əks olunub”, – məlumatda deyilir.

Təyyarə faciəsindən bir gün sonra qərb mediası və ona istinadla Azərbaycan hakimiyyətinin nəzarətində olan media orqanları təyyarənin Qroznı yaxınlığında Rusiya raketi ilə vurulduğunu yazıblar. AZAL şirkəti də sonradan təyyarəyə kənar müdaxilə olunduğunu bildirib. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri şad Nəbiyev də təsdiqləyib.

AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırıb.

Kremlin bəyanatının Embraer-190 təyyarəsinin Rusiya raketi ilə vurulması şübhələrini artıracağı görünür. Azərbaycanda hakimiyyətyönlü deputatlar da bu ehtimalı dilə gətiriblər.

'Kanal 11' TV-ın rəhbəri 8 il həbsə məhkum edilib

Teymur Kərimov
Teymur Kərimov

“Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimova 8 il həbs cəzası verilib. Üstəlik, əlavə cəza kimi, ona 2 il də jurnalist fəaliyyətilə məşğul olmaq qadağan edilib.

T.Kərimovla birlikdə mühakimə olunan reportyor İstək Totiyevaya isə şərti cəza verilib. Bu barədə dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarıb.

Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb-etmə) maddəsilə - Fərrux Ələkbərov adlı şəxsdən saytdan materialın silinməsi üçün 10 min manat pul tələb edib, sonda 1000 manat almaqda təqsirli bilinib.

Ancaq T.Kərimov deyir ki, yalandır, nə F.Ələkbərovdan pul tələb eləyib, nə də alıb. Elə bu məsələnin araşdırılması üçün də məhkəmədə telefon anten məlumatlarının sorğu ilə alınmasını istəyirdi. Amma hakim bunu etməyib. Onun sözlərinə görə, istintaqda yol verilən çoxsaylı qanun pozuntuları məhkəmədə də davam edib: “Azad Məcidov o hakimlərdəndir ki, onun əlindən adamlar qan ağlayır...”

Etiraz aksiyalarını, vətəndaşların hüquqlarının pozulması ilə bağlı hadisələri çəkib yaydığına görə sifarişlə həbs edildiyini vurğulayan T. Kərimov son sözündə bildirib ki, saxlanılarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb: “Sonda məni dubinka ilə zorlamaqla təhdid edib ifadə aldılar”.

T.Kərimov son sözündə əlavə edib ki, himayəsində 4 azyaşlı uşağı var, evin yeganə gəlir gətirənidir. Hazırda ailəsi dost-tanışının maddi dəstəyi sayəsində dolanır: “Necə olur, dövlətin 27 milyonunu yeyən Səlim Müslümovu Bakı Ağır Cinayətlər Məhkəməsi azadlıqda saxlayır, heç bir günahı olmayan adamları illərlə həbsxanada çürüdür? Budur sizin vicdanınız?”

Xatırlatma

Teymur Kərimov 2023-cü il dekabrın 11-dən həbsdədir. O, polislərin Qarabağ müharibəsi əlillərini döyməsini çəkib yaydığına görə cəzalandırıldığını deyir. Jurnalist saxlanılarkən və daha sonra etirafedici ifadə verməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qaldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti T.Kərimovun hədələnməsi, işgəncəyə məruz qalması haqda iddiaları rədd edib.

Son 13 ay ərzində Azərbaycanda 30-dan artıq jurnalist və bloqer həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq, hədə-qorxu ilə tələb etmə və başqa ittihamlarla üzləşiblər.

Jurnalistlər ittihamları qurama sayır və bunu peşə fəaliyyətlərinə bağlayırlar. Rəsmilərsə ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı həbs olunmalarına dair fikirləri qəbul etmirlər.

Bəxtiyar Hacıyevə prokuror 11 il həbs cəzası istədi

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyevə prokuror 11 il həbs cəzası verilməsini istəyib. Dövlət ittihamçısı dekabrın 28-də Bakı Ağır Cinayətlər məhkəməsində bu təkliflə çıxış edib. Prokurur ictimai fəalın üzərinə həbs qoyulmuş əmlaklarının da müsadirəsini istəyib.

Məhkəmədə öncə B.Hacıyev vəsatət qaldırıb ki, heç olmasa, Beynəlxalq Bankda olan hesabının üzərindəki həbs götürülsün. Həmin hesabındakı vəsait Avropa Məhkəməsinin qərarı əsasında Azərbaycan hökumətinin ödədiyi kompensasiyadır. İctimai fəal deyir ki, ailə üzvləri təcridxanaya onun yanına ərzaq və başqa sovqat gətirməkdən ötrü maddi baxımdan çətinlik çəkirlər. Bank hesabındakı vəsaitdən istifadə bundan ötrü lazımdır.

Ancaq hakimlər buna razılıq verməyib. Deyiblər ki, sonda hökm çıxaranda bu məsələ barədə də qərar verəcəklər.

Ardınca məhkəmə istintaqının yekunlaşmasına qərar verilib.

Prokuror Eldar Həmzə iddia edib ki, B.Hacıyevə verilən qaçaqmalçılıq, vergidən yayınma, cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və başqa ittihamlar məhkəmədə sübut olunub. Ancaq Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və bir neçə başqa maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib. Bu üzdən həmin ittihamlar üzrə ona cəza təyin olunmamalıdır. Lakin qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, leqallaşdırma kimi kimi əməllərə görə ictimai fəala 11 il həbs cəzası istəyib.

İctimai fəalın məhkəməsi yanvarın 6-da B.Hacıyevin vəkillərinin çıxışıyla davam edəcək. Ardından özü son sözünü deyəcək və hökm oxunacaq.

Xatırlatma

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs olunanda ona Cinayət Məcəlləsinin 221.2.2 (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham verilmişdi. Bu ittihamlarda söhbət Yasamal rayon Məhkəməsindəki zallardan birində onunla bloger Ülviyyə Alovlu arasındakı qalmaqaldan bəhs olunur.

İstintaqın gedişində B.Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.

Lakin o, özünü təqsirli bilmir, bu ittihamların hamısının əsassız olduğunu deyir. B.Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə onun sifarişiylə həbs olunduğunu iddia edir.

Daxili İşlər Nazirliyi isə bu iddiaları rədd edir.

ABŞ İvanişviliyə maliyyə sanksiyaları tətbiq edib

Bidzina İvanişvili
Bidzina İvanişvili

ABŞ Gürcüstanın hakim partiyası olan "Gürcü arzusu"nun qurucusu, keçmiş baş nazir Bidzina İvanişviliyə maliyyə sanksiyaları tətbiq edib. Qərar ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilib.

"Gürcü arzusu" partiyasının liderləri deyirdilər ki, İvanişvili "qlobal müharibə partiyası"nın təsiri altında olan amerikalı siyasətçilər və bürokratlarla görüşdən maliyyə şantajı səbəbiylə yayınır. Partiya "Credit Suisse" bankında İvanişviliyə aid 2 milyard dolların bloklanmasını "qeyri-rəsmi sanksiya" adlandırıb.

"Gürcü Arzusu" Qərbə qarşı "qlobal müharibə partiyası" ifadəsini işlədir.

Bu ilin oktyabrında “Imedi” telekanalına müsahibəsində İvanişvili Sinqapurda məhkəmə prosesinin müsbət nəticələndiyini deyib. Onun sözlərinə görə, bu nəticədən sonra Qərb siyasətçiləri ilə görüşlərə heç bir maneə qalmayıb. Daha sonra o, Fransa prezidenti Emmanuel Makronla telefonla da danışıb.

Milyarderin sərvətinin hansı hissəsinin hələ də Qərb ölkələrində olduğu bilinmir. Daha əvvəl onun özünə aid incəsənət əsərlərini Londondan və Nyu-Yorkdan çıxardığı barədə məlumatlar yayılmışdı.

"Bloomberg"in məlumatına görə, İvanişvilinin sərvəti son bir il ərzində 955 milyon dollar artaraq 7.6 milyard dollara çatıb.

YAP-çı deputat: 'Məsuliyyət Rusiya Federasiyasının üzərinə düşür'

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

"Hazırda "Azərbaycan Hava Yolları"na aid təyyarənin qəzaya uğramasının səbəbləri içərisində daha çox ehtimal edilən səbəb təyyarənin vurulmasıdır". Bunu AzadlıqRadiosuna hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Hikmət Babaoğlu deyib.

"Bu, bir ehtimaldır, ancaq çox qüvvətli ehtimaldır", -- o əlavə edib.

Deputat vurğulayıb ki, Beynəlxalq Mülki Aviasiya (Çikaqo) Konvensiyasına görə, hava məkanı kimi aiddirsə, uçuşların təhlükəsizliyi ilə bağlı təminatı da həmin ölkə həyata keçirilməlidir: "Azərbaycanın hava layneri Rusiya Federasiyasının ərazisində zədələnib və qəzaya səbəb olacaq hadisə orada baş verib. Buna görə də, heç şübhəsiz ki, məsuliyyət Rusiya Federasiyasının üzərinə düşür və cavabdehlik də, əgər bu ehtimallar doğrudursa, yenə Rusiyanın üzərinə düşür".

Deputat düşünür ki, Rusiya Federasiyası prezidentinin köməkçisi Dmitri Peskovun açıqlaması, yekun nəticənin gözlənilməsi ilə bağlı səsləndirdiyi fikirlər "bir şəkildə bu versiyanın qəbul edilməsinə işarədir".

H.Babaoğlunun sözlərinə görə, spekulyasiya mövzusuna çevrilmədən Rusiya bu məsələyə daha çevik reaksiya verməlidir və məsələ ilə bağlı həqiqətin ortaya çıxmasında daha çox maraqlı olmalıdır. Deputatın fikrincə, əks təqdirdə, Rusiya hava-məkanı etibarsız və təhlükəli hesab edilə bilər: "Biz başa düşürük ki, hazırda müharibə vəziyyətində olan Rusiya Federasiyası heç də hava məkanının hər hissəsində təhlükəsizliyi təmin edə bilmir. Biz təkcə Şimalı Qafqazda, Dağıstanda yox, hətta Rusiyanın mərkəzi coğrafiyalarında da bəzən bununla bağlı çətinliklərin olduğunu, reyslərin və ya hava nəqliyyatının hərəkətində məhdudiyyətlərin tətbiq olunduğunu görürük. Amma, şübhəsiz ki, belə hallarda önləyici tədbirlər həyata keçirməlidir".

"Zərərçəkənlərə kompensasiya ödəməlidir"

Deputat hesab edir ki, vəziyyət necə olursa olsun, komissiyanın yekun sənədində konkret rəy orta çıxdıqdan sonra məsələ ilə bağlı məsuliyyət daşıyan tərəf üzr istəməlidir: "Heç şübhəsiz ki, zərərçəkənlərə kompensasiya ödəməlidir. Mən ümid edirəm ki, Rusiya kimi böyük dövlət belə bir məsuliyyət yaranacağı təqdirdə mütləq bunu edəcəkdir. Rusiya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsi və Rusiyanın özünün hava məkanı ilə bağlı mənafeləri bunu tələb edir. Ona görə də Azərbaycan tərəfi, əlbəttə ki, belə bir üzrxahlığı gözləyir".

Xatırlatma

Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.

Səhiyyə sistemində ev dustaqlığına alınanlar var

Baş Prokurorluq
Baş Prokurorluq

Azərbaycanda qanunsuz tibbi fəaliyyətə şərait yaradılması əvəzində rüşvət almaqda şübhəli bilinən vəzifəli şəxslərlə bağlı cinayət işi açılıb.

Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə məlumatında bəhs edilir.

İttihamlar Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Akkreditasiya şöbəsinin müdirlərinə yönəlib. "Həkimlərin ixtisaslarının dəyişdirilməsi, tibbi və ya əczaçılıq, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılış icazələrinin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlar... müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib", - açıqlamada bildirilir.

Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Məlumatda vurğulanır ki, hər iki vəzifələrdə çalışan şəxslərlə bağlı prokurorun təqdimatı əsasında Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Hələlik, iddialara sözügedən şəxslərin və ya onların vəkillərinin münasibəti bəlli deyil.

Xatırlatma

Son zamanlar Azərbaycanda plastik əməliyyat həyata keçirən bəzi həkimlərin buna səlahiyyətlərinin olmaması ilə bağlı məsələlər geniş müzakirə olunur. Ayrı-ayrı iddialara görə, bu sahədə bir sıra həkimlərin heç müvafiq diplomu belə yoxdur. Ötən həftə Səhiyyə Nazirliyindən bildirilmişdi ki, bu məsələ ilə bağlı məlumatlar onlara da daxil olur və müraciətləri araşdırmaq məqsədilə səhiyyə nazirinin əmri əsasında xüsusi işçi qrup yaradılıb.

update

Azərbaycan deputatının üzrlə bağlı çağırışına Kremldən cavab

Qazaxıstanın qərbində yerləşən Aktau şəhəri yaxınlığında AZAL-a məxsus "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan Azərbaycan vətəndaşlarının Bakıya gətirilməsi.
Qazaxıstanın qərbində yerləşən Aktau şəhəri yaxınlığında AZAL-a məxsus "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan Azərbaycan vətəndaşlarının Bakıya gətirilməsi.
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. 62 sərnişin və beş ekipaj üzvündən 29 nəfərin sağ qaldığı bildirilir.
+++

Nazir: 'Təyyarəyə kənar müdaxilə olub'

"Mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, yerdə olan təyyarə qalıqları və şahid ifadələri deməyə əsas verir ki, burada kənar müdaxilə olub. Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək".

Bunu jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

Nazirin vurğulamasına görə, zərərçəkən sərnişinlər və sağ qalan təyyarə bələdçiləri bildiriblər ki, Qroznı üzərində olarkən partlayış səsi eşidiblər: "Hətta təyyarə bələdçisinin birinin qolu yaralanıb. Həmçinin sosial şəbəkələrdən və mətbuatın yaydığı görüntüdən də görmək olur ki, bir xanım qolundan və ayağından xəsarət alıb. Bundan başqa, təyyarənin qanadında deşik izlərini görmək olar. Təyyarənin daxilində füzelyajda müxtəlif kəsici, yaxud da hansısa kənar cismin dəyməsi nəticəsində müxtəlif zədələri müşahidə etmək olur. Rusiya vətəndaşları olan zərərçəkənlər də bildiriblər ki, Qroznı üzərində üç dəfə partlayış səsi eşidiblər. Onların dediyinə görə, partlayış səsləri kənardan gəlib, daha sonra təyyarəyə nəsə toxunub".

'Hamısı Rusiya puluyladır' - Bu kənddə quru sərhədlərinin açılmasını istəyirlər - REPORTAJ
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

+++

Kreml istintaq tamamlanana qədər Qazaxıstanda təyyarə qəzası ilə bağlı şərh verməyəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Kremldə Azərbaycan parlamentinin deputatı Rasim Musabəyovun təyyarə qəzasından sonra Rusiya tərəfini üzr istəməyə çağıran bəyanatlarını görüblər, lakin onu şərh etməyi də mümkün saymırlar.

"Hazırda bu aviasiya hadisəsi ilə bağlı araşdırma aparılır və istintaqdan nəticə çıxarılana qədər bizim hər hansı qiymətləndirmə aparmağa haqqımız yoxdur və bunu da etməyəcəyik. Bunu edə bilən aviasiya orqanlarımız var və bu məlumat ancaq onlardan gələ bilər", – Peskov deyib.

Rusiyanın bir sıra şəhərlərinə uçuşlar dayandırılır

"Azərbaycan Hava Yolları" (AZAL) Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırır.

Şirkətdən bu, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarı ilə əsaslandırılıb. Əlavə edilib ki, "Embraer 190" təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın bəzi hava limanlarına uçuşlar sabah - dekabrın 28-dən yekun araşdırma başa çatana qədər dayandırılır.

Uçuşların dayandırıldığı hava limanları bunlardır:

∙ Mineralnıye Vodı

∙ Soçi

∙ Volqoqrad

∙ Ufa

∙ Samara

∙ Qroznı

∙ Mahaçqala

Bakıdan Mineralnıye Vodıya uçan təyyarə geri dönüb

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsi havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.

Bu barədə AZAL məlumat yayıb. Qurum bildirilib ki, təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

"Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq", - məlumatda əlavə edilib.

Rusiya Ukrayna ilə müharibə səbəbindən son günlər bəzi hava məkanlarını bağlayıb.

+++

"Qara qutu"nun harada deşifrə ediləcəyi aydın deyil. Bu proses texniki baxımdan çox çətindir və bir çox ölkənin bunu gerçəkləşdirməyə resursu yoxdur.

Rəsmilər deyirlər ki, "qara qutu"da olanları tam oxumaqdan ötrü, adətən, iki həftəyədək vaxt gərəkdir. Ancaq fərqli şərtlər bu vaxtı uzada da bilər.

26 dekabr

Həlak olanların ailələrinə 40 min manat ödəniləcək

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Müşahidə Şurasının qərarı ilə dekabrın 25-də qəzaya uğradığı bildirilən "Embraer 190" təyyarəsində olan və xəsarət alanların hər birinə 20 min manat ödəniləcək. Vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edilib.

Dekabrın 26-da axşam saatlarında təyyarə qəzası nəticəsində həlak olan sərnişinlərdən dörd nəfərin cənazəsi və daha yeddi yaralı Azərbaycana gətirilib.

Saatlar öncə hadisədə xəsarət alan yeddi Azərbaycan vətəndaşının ölkəyə gətirildiyi açıqlanmışdı.

+++

Dekabrın 26-da Qərbin "Euronews", "Reuters" media orqanları, eləcə də Türkiyənin "Anadolu" agentliyi Azərbaycan hökumətindəki mənbələrə istinadla Aktauda təyyarə qəzasına Rusiyanın "yer-hava" tipli raketinin səbəb olduğunu deyib.

Mənbələrin bildirdiyinə görə, təyyarəyə raket Qroznı üzərində "dron fəaliyyəti" zamanı atılıb. Raket təyyarənin yaxınlığında partlayıb, sərnişinlərə və ekipaja qəlpələr dəyib.

Zədələnmiş təyyarənin Rusiya aeroportlarına eniş etməsinə icazə verilmədiyi bildirilir. Pilotlar təcili eniş icazəsi istəyiblər, ancaq onlara Xəzər üzərindən Qazaxıstanın Aktau şəhərinə uçmaq əmri verilib. Dəniz üzərində uçuş zamanı təyyarənin GPS naviqasiya sistemlərinin bloklandığı vurğulanır.

Adının çəkilməsini istəməyən ABŞ rəsmisi də, detalları açıqlamasa da, təyyarənin Rusiyaya məxsus zenit qurğusu ilə vurulduğunu söyləyib. Kanada Rusiyanın havadan müdafiə sistemlərinin qəzaya səbəb ola biləcəyi barədə narahatlığını dilə gətirib.

"Biz Rusiyanı hadisə ilə bağlı açıq və şəffaf istintaq keçirməyə və onun nəticələrini tanımağa çağırırıq", - Kanada Xarici İşlər Nazirliyinin açıqlamasıdır.

+++

Avropa Şurasının baş katibi Alen Berse Qazaxıstanda "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin çoxsaylı insan tələfatı ilə nəticələnən faciəvi qəzası ilə bağlı başsağlığı verib, dərin kədərini bildirib. O, sağ qalanların tezliklə və tam sağalmasını arzulayıb.

Təyyarə qəzasını görüntüləyən Qazaxıstan bloqerinə 10 gün həbs cəzası verilib

Təyyarə qəzasını görüntüləyən Qazaxıstan bloqerinə 10 gün həbs cəzası verilib

AZAL təyyarəsinin Aktaudakı qəza yerini görüntüləyən bloqer Azamat Sarsenbayevə 10 gün həbs cəzası verilib. Bu bilgini AzadlıqRadiosunun qazax xidməti yayıb. Bloqer polisin tələbinə tabe olmamaqda suçlanıb. Tabesizlik deyərkən, polis və məhkəmə Sarsenbayevin qəza yerini telefonun kamerasıyla və dronla çəkdiyini nəzərdə tutub.

Məhkəmə zamanı bloqer ittihamla razılaşmadığını bildirib. O, çəkilişi BBC və "Reuters"in xahişiylə gerçəkləşdirdiyini və polisin onun işini əngəlləmədiyini söyləyib.

Sarsenbayevin vəkili apellyasiya şikayəti verəcəklərini deyib.

+++

Qazaxıstan Senatının sədri Maulen Aşımbayev təyyarənin raketlə vurula biləcəyi barədə şayiələrə münasibət bildirib. Belə ehtimalların əsassız olduğunu deyən spiker onların spekulyativ xarakter daşıdığını bildirib. O əlavə edib ki, fotoşəkillərə dayanaraq nəticə çıxarmaq tələskənlik və yanlış davranış göstəricisidir. Aşımbayev bildirib ki, qəzanın səbəblərini araşdırmaq üçün Qazaxıstan, Azərbaycan və Rusiyadan olan mütəxəssislərin iştirakı ilə dövlət komissiyası yaradılıb. O, hamını komissiyanın rəsmi nəticələrini gözləməyə çağırıb.

Kremlin sözçüsü Dmitri Peskov da oxşar şərh verib. "Təhqiqatın bitməsini gözləməliyik", – deyən Peskov əlavə edib ki, təhqiqatçılar nəsə deməmiş spekulyasiya etmək düz deyil.

+++

"Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Onlardan 38 nəfər həlak olub".

Bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı jurnalistlərə deyib.

"Həlak olanlardan 26 nəfəri Azərbaycan vətəndaşıdır. Son məlumata görə, 16 nəfər Azərbaycan vətəndaşı sağ qalıb. 16 nəfərdən 10-12 nəfərin vəziyyəti yaxşıdır, digərləri də ağır-stabil olaraq qalır. Çalışırıq ki, yaralıları Azərbaycana göndərək", – o vurğulayıb.

AZAL prezidenti: Təyyarədə texniki nasazlıq olmayıb

"Sağ qalanların bu gündən (dekabrın 26-dan) etibarən ölkəyə gətirilməsi planlaşdırılır. Yəqin ki, yaxın günlərdə onlar hamısı Azərbaycana gətiriləcək".

Bunu AZAL prezidenti Samir Rzayev jurnalistlərə deyib. O, qəza ilə bağlı hər hansı məqamdan danışmağın hələ tez olduğunu bildirib: "Təyyarəni qara qutusu tapılıb. Detallı araşdırmalardan sonra bütün məqamlar aydın olacaq".

S.Rzayevin sözlərinə görə, qəzaya düşən təyyarə yeni kapital təmirdən çıxıb: "2024-cü ilin oktyabrında tam təmirdən çıxmışdı. Daim yoxlanılıb. Pilotlarımız 15 min saatdan çox uçmuş təcrübəli pilotlardır. Çox möhkəm təyyarə bələdçilərimiz olub".

Bir dəqiqəlik sükut...
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

+++

Azərbaycan ərazisində Aktauda təyyarə faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bakı vaxtilə saat 12:00-da ölkə ərazisində bir sıra nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal, gəmilər, qatarlar fit veriblər.

Bakıda, digər şəhər və rayonlarda, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib.

25 dekabr

Aktau yaxınlığında qəzaya uğramış təyyarənin 'qara qutu'su tapılıb

Axtarış qrupu dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğramış "Embraer 190" sərnişin təyyarəsinin "qara qutu"sunu aşkar edib.

Bu barədə Qazaxıstanın baş nəqliyyat prokuroru Timur Süleymenov Aktauda keçirilən brifinqdə bildirib.

+++

Qazaxıstan rəsmiləri AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfərin öldüyünü bildirirlər.

Bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev açıqlama verib. Onun sözlərinə görə, qəzadan sağ çıxan 29 nəfərin vəziyyəti ağır və orta-ağırdır, bəzilərinin ağır yanıq xəsarətləri var.

Qazaxıstanın Səhiyyə Nazirliyi xəsarət alanlar arasında azı iki uşağın olduğunu, 11 nəfərin reanimasiyaya yerləşdirildiyini bildirib.

Bakıdan Qroznı və Mahaçqalaya uçuşlar dayandırılır

İstintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır.

Bu barədə AZƏRTAC-a AZAL-dan məlumat verilib.

Prezident: 'Qəzanın səbəbləri bizə bəlli deyil'

Prezident İlham Əliyev Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı müşavirə keçirib.

AZƏRTAC-ın məlumatına görə, o, hadisəni "böyük faciə" adlandırıb: "Mənə verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən, AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir. Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər".

Prezidentin vurğulamasına görə, ancaq qəzanın səbəbləri onlara bəlli deyil: "Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır...".

+++

Bakıda Heydər Əliyev adına Hava Limanının 2-ci terminalında qəzada zərərçəkənlərin ailələri üçün qərargah yaradılıb. Amma jurnalistləri içəri buraxmayıblar, ailələr ilə çöldə danışa biliblər.

Ətrafda çoxlu sayda polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım maşınları var. Hava limanının sözçüsü vurğulayıb ki, qəza ilə bağlı heç bir reysdə dəyişiklik olmayıb.

+++

Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Keçmiş hərbi pilot: 'Hadisə zamanı hündürlük məsələsini nəzərə almaq lazımdır'

Keçmiş hərbi pilot, ehtiyatda olan polkovnik-leytenant Mirzə Fərəcov AZAL-ın Bakı-Qroznı reysi ilə uçan təyyarəsinin Aktauda qəzaya düşməsinin mümkün səbəblərini şərh edib.

"Təyyarə eniş üçün çox aşağı hündürlüyündə idi və sərt eniş etdi. Videodan görünür ki, təyyarə birbaşa çırpılıb yerə. Ola bilsin ki, hansısa mühərrikdə problem yarandı. Mən baxdım, təyyarə artıq təkərləri açmışdı. Deməli, enişə hazırlaşırdı. Nə baş verdisə, həmin zaman baş verdi", - keçmiş pilot "Turan"a deyib.

Ancaq onun sözlərinə görə, daha dəqiq təhlil etmək üçün hündürlüyü və hava limanına qalan məsafəni bilmək lazımdır.

"Çünki eniş etmək üçün təyyarənin olduğu hündürlük ən azı 500 metr olmalıdır", - Fərəcov deyib. "Deyilənə görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Ola bilsin, quşlar mühərrikə girib, mühərrik də dayandı. Quşlar şüşəyə çırpıla bilər, amma o dərəcədə onu sındıra bilməz", - o əlavə edib.

+++

Qəzaya uğrayan təyyarədə olan Leyla Bayramovanın bacısı Nəzakət Bayramova "Turan"a bildirib ki, bacısının taleyi hələ də naməlumdur: "Biz yaradılan Qaynar xəttə zəng vurmuşuq, məlumatlarımızı götürüblər, dedilər xəbər edəcəyik. Amma hələ də xəbər yoxdur".

N.Bayramova qeyd edib ki, bacısı Qroznı şəhərinə gedirdi: "Heç nədən xəbərim yoxdur. Eşitdiyimə görə, təyyarəyə quş dəyib. Ayrı heç nə bilmirəm".

+++

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

+++

Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb.

+++

+++

Qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı olub, - Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

+++

Bakı-Qroznı reysi ilə uçan təyyarənin göyərtəsində 62 sərnişin və beş ekipaj üzvü olub.

+++

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin "J2-8243" nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib.

AZAL-dan bildirilib ki, ilkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Çeçenistanın paytaxtı hava limanının mətbuat xidmətindən "RİA Novosti"yə verilən məlumata görə, Bakıdan gələn təyyarə Qroznıda duman səbəbindən Mahaçqalaya, oradan isə Aktauya yönləndirilib.

Putin müharibəni Slovakiyada bitirməyi təklif edir

Robert Fitso və Vladimir Putin
Robert Fitso və Vladimir Putin

Slovakiya Ukrayna savaşına son qoyacaq sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır. Bu bilgini dekabrın 26-da Ali Avrasiya İqtisadi Şurası iclasının yekunlarına dair mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin dilə gətirib və ardınca deyib: "Biz buna qarşı deyilik. Fikrimizcə, Slovakiya tərəfsiz mövqe tutur və bu, bizim üçün məqbul variantdır".

Rusiya lideri Ukraynadakı münaqişəyə son qoymağa çalışdığını söyləyib, amma ölkəsinin "xüsusi hərbi əməliyyat"ın (Rusiya Ukrayna savaşını belə adlandırır - red.) məqsədlərinə 2025-ci ildə də nail olmağa davam edəcəyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski Robert Fitsonun Moskvaya səfərini kəskin qınayıb. O, Slovakiya hüquq-mühafizə və xüsusi xidmət orqanlarının səfərlə yaxından maraqlanmasını tövsiyə edib. Zelenskinin fikrincə, Fitsonun bu addımı təkcə Slovakiyanın deyil, bütün Avropanın güvənliyini təhlükəyə ata bilər.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzündən sonra Fitso Putinlə yaxşı münasibətləri qoruyub saxlayan az sayda Avropa ölkəsi liderlərindən biridir.

Bildirilir ki, R.Fitsonun dekabrın 22-də Moskvaya səfəri rəsmi Kiyevin Rusiya qazının tranziti ilə bağlı bu il bitəcək müqaviləni uzatmamaq bəyanatına reaksiya idi. Görüş zamanı Ukraynadakı hərbi durum və savaşın tez bir zamanda danışıqlar yolu ilə bitməsi müzakirə edilib.

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Ukraynanın NATO-ya üzvlüyünü ertələməyi təklif edib. Bu təklifə toxunan Putin deyib ki, o, hələ 2021-ci ildə bunu Co Baydenlə müzakirəyə çıxarıb. Putin Qərb ölkələrinə hədə-qorxu gələrək, gərəkərsə, "Oreşnik" kimi daha güclü ortamənzilli ballistik raketlərdən yararlana biləcəyini də söyləyib.

"Ancaq biz tələsmirik", - Putin belə deyib.

'Toplum TV' işi üzrə həbs müddətləri uzadılıb

Toplum TV-nin ofisi martın 6-da möhürlənib
Toplum TV-nin ofisi martın 6-da möhürlənib

"Toplum" İnternet Televiziyası (İT) işi üzrə tutulan şəxslərin həbs-qətimkan tədbirinin müddəti 2025-ci il aprelin 6-dək uzadılıb.

Dekabrın 27-də Xətai rayon Məhkəməsində istintaq orqanının III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, habelə "Toplum" İT-nin təsisçi Ələsgər Məmmədli və redaktoru Müşfiq Cabbarın həbs müddətinin 3 ay uzadılması ilə bağlı vəsatətinə baxılıb.

Məhkəmə vəsatəti təmin edib.

Müdafiə tərəfinin fikrincə, həm vəsatətin, həm də məhkəmə qərarının hüquqi əsası yoxdur. Vəkillər qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Proseslər zamanı müdafiə tərəfi jurnalistlərin barəsində seçilmiş həbs-qətimkan tədbirini digər, həbslə bağlı olmayan qətimkan tədbiri ilə əvəzlənməsi barəsində vəsatətlə çıxış etsələr də, həmin vəsatət təmin olunmayıb.

A.Qurbanov, R.Babayev, İ.Əmrahov, Ə.Zeynal və M.Cabbar bu il martın 6-da, R.İzzətli və Ə.Məmmədli isə martın 8-də həbs olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və onlar barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Sonradan bu həbs müddəti iki dəfə uzadılmışdı.

Onlar özlərini təqsirli bilmir və həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Xatırlatma

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Azərbaycanda karantin aprelin 1-nə kimi uzadılıb

Quru sərhədlərin bağlı olması vətəndaşın hüququnu pozurmu?
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

"Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 aprel saat 06:00-dək uzadılıb", - qərarda yazılıb.

Bundan əvvəl xüsusi karantin rejimi 2025-ci il yanvarın 1-i saat 06:00-a qədər uzadılmışdı.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.

Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb. Bəzi müxalifət partiyalarının rəhbərləri pandemiyanın başa çatmasına baxmayaraq, bəzi məhdudiyyətin saxlanmasını hakimiyyətin siyasi, iqtisadi maraqları ilə izah edir.

Hakimiyyət rəsmiləri isə son vaxtlar öz çıxışlarında Nazirlər Kabinetinin qərarından fərqli olaraq sərhədlərdə məhdudiyyətin hələ də saxlanılmasını, əsasən, təhlükəsizlik amili ilə yozurlar.

Amma iki gün öncə, dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması sərhədlərin açılması məsələsini yenidən gündəmə gətirmişdi.

Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.

Bəzi təhlilçilər hesab edirlər ki, Bakı ilə Qroznı arasında məsafə elə də uzaq deyil. Onların fikrincə, əgər quru sərhədlər açıq olsaydı, bir çox insanlar heç Azərbaycandan Çeçenistana (Rusiya) getmək üçün təyyarədən istifadə etməzlər. Yeri gəlmişkən, bu təyyarə olayından sonra istintaq başa çatana qədər həmin istiqamətdə uçuşların dayandırıldığı açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda isə indiyə kimi 830 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 400-nün vəfat etdiyi bildirilir. Amma son illər bu virusa yoluxmanın kəskin şəkildə azaldığı vurğulanır. ÜST ötən il mayın 5-də koronavirus pandemiyasının başa çatdığını açıqlayıb.

Deputat: 'Bu hadisə ilə bağlı üzrxahlıq olmalıdır'

Rasim Musabəyov
Rasim Musabəyov

Dekabrın 26-da Qərbin "Euronews", "Reuters" media orqanları, eləcə də Türkiyənin "Anadolu" agentliyi Azərbaycan hökumətindəki mənbələrə istinadla Aktauda təyyarə qəzasına Rusiyanın "yer-hava" tipli raketinin səbəb olduğunu deyib.

Elə hakimiyyətin nəzarətində olan yerli media orqanları da bu informasiyanı qərb mediasına istinadla yayıblar.

Mənbələrin bildirdiyinə görə, təyyarəyə raket Qroznı üzərində "dron fəaliyyəti" zamanı atılıb. Raket təyyarənin yaxınlığında partlayıb, sərnişinlərə və ekipaja qəlpələr dəyib.

Zədələnmiş təyyarənin Rusiya aeroportlarına eniş etməsinə icazə verilmədiyi bildirilir. Pilotlar təcili eniş icazəsi istəyiblər, ancaq onlara Xəzər üzərindən Qazaxıstanın Aktau şəhərinə uçmaq əmri verilib. Dəniz üzərində uçuş zamanı təyyarənin GPS naviqasiya sistemlərinin bloklandığı vurğulanır.

Deputat Rasim Musabəyov "Turan"a bu xəbərləri şərh edərkən deyib ki, təyyarənin Rusiya ərazisində, Qroznı səmasında vurulduğunu inkar etmək qeyri-mümkündür.

Onun sözlərinə görə, Rusiyada kimlərsə bununla bağlı izləri itirmək üçün mediada müəyyən hərəkətlər edirlər: "Nahaq edirlər. Azərbaycan hökuməti isə mövqeni ortaya qoymaqla deyir ki, indi zəhmət çəkin, bildirin. Durub hansısa izləri itirmək üçün mediada kampaniya aparmaq lazım deyil. Hər şey olur, bu hadisələr, çox təəssüf ki, olur. Ancaq buna adekvat reaksiya lazımdır".

R.Musabəyov vurğulayıb ki, bu hadisə ilə bağlı üzrxahlıq olmalıdır: "Bunu törədən şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir, kompensasiya ödənilməlidir. Bu olmadığı halda, təbii ki, münasibətlər ayrı müstəviyə keçir".

Xatırlatma

Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.

Bayden Ukraynaya yeni hərbi yardım sözü verib

"Ballistik raketlər daxil, 70-dən çox raket, yüzdən çox PUA atılıb".
"Ballistik raketlər daxil, 70-dən çox raket, yüzdən çox PUA atılıb".

Yeni il yaxınlaşır, amma Rusiyanın Ukrayna infrastrukturuna şiddətli hava zərbələri səngimək bilmir. Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın çox soyuq havada yüz minlərlə insanın işıqsız və istiliksiz qalmasına yol açan bu hava hücumunu "insana yaraşmayan" davranış adlandırıb: "Putin bilərəkdən hücum üçün Milad bayramını seçdi. Bundan qeyri-insani nə ola bilər? Ballistik raketlər daxil, 70-dən çox raket, yüzdən çox PUA atılıb".

Yanvarın 20-də Ağ evi tərk edəcək Co Bayden sözügedən hücumla bağlı Ukraynaya yeni dəstək və yardım sözü verib.

"Müdafiə Nazirliyinə tapşırmışam ki…"

"Bu dəhşətli hücumun məqsədi Ukrayna xalqını qışda istilik və elektrik enerjisindən məhrum etmək və enerji sisteminin güvənliyini təhlükəyə atmaqdır", - Baydenin sözləridir. ABŞ prezidenti əlavə edib ki, Ukrayna Rusiya təcavüzünə son qoyanadək ölkəsi və beynəlxalq ictimaiyyət bu ölkəni dəstəkləməlidir: "Müdafiə Nazirliyinə tapşırmışam ki, Ukraynaya silah tədarükünü fəal şəkildə davam etdirsin. Rusiya ordusundan müdafiə olunan Ukraynanın öz mövqelərini gücləndirməsi üçün ABŞ yenə dayanmadan çalışacaq".

Hava hücumu nəticəsində Dnepropetrovsk vilayətində bir nəfər ölüb, Xarkovda isə altı nəfər yaralanıb. Şəhərin mülki qeyri-yaşayış infrastrukturuna da ziyan dəyib. Xarkov, Dnepropetrovsk və Çerniqov zərbələrin əsas hədərlərinə çevrilib.

Zərbələrin Ukraynanın hərbi-sənaye kompleksini enerjiylə təchiz edən çox önəmli obyektlərə endirildiyini deyən Rusiya Müdafiə Nazirliyi bütün hədəflərin vurulduğunu bildirib.

Rusiya rəsmilərinin bilgisinə görə, Ukrayna ordusunun Kursk vilayətinin Liqov şəhərinə hücumu nəticəsində dörd nəfər ölüb, bir yaşayış evinə ziyan dəyib. Belqorod və Voronej vilayətləri də Ukrayna PUA-larının hücumuna məruz qalıb.

"Ukraynada silahlar sussun"

Böyük Britaniyanın baş naziri Kir Starmer Ukraynanın enerji infrastrukturuna davam edən hücumu qınayıb.

Roma Papası Fransisk bütün insanlara, xalqlara və millətlərə üz tutaraq, onları fikir ayrılıqlarını arxada qoymağa və silahları susdurmağa çağırıb: "Qoy günahsız əziyyət çəkən Ukraynada silahlar sussun".

Ukrayna əhalisinin çoxu pravoslav xristianlardır. Ancaq ard-arda ikinci ildir ki, ölkə Milad bayramını Qərb ölkələriylə birgə - dekabrın 25-də qeyd edir. Rusiyalılar, serblər və digər pravoslav xalqlar bayramı yanvarın 7-də keçirir.

'Taliban': Pakistanın hava zərbələri 40-dan çox insanın ölümünə yol açıb

Əfqanıstanla həmsərhəd Cənubi Vəziristanda Pakistan əsgəri keşik çəkir.
Əfqanıstanla həmsərhəd Cənubi Vəziristanda Pakistan əsgəri keşik çəkir.

Pakistan ordusunun Əfqanıstanın şərqinə hava zərbələri endirməsi nəticəsində, çoxu qadın və uşaq, 46 dinc sakin ölüb. Dekabrın 25-də "Taliban" hökuməti bu bilgini yayıb.

Rəsmi İslamabadın bilgisinə görə, hava zərbələri sərhədyanı ərazilərdə gizlənən yaraqlıları hədəf götürüb. Cənubi Vəziristan əyalətində keçirilən gecə əməliyyatında 13 yaraqlı məhv edilib.

Bu zərbələrin iki qonşu arasında gərginliyi daha da artıracağı bildirilir.

Pakistan iddia edir ki, "Təhrik-e Taliban Pakistan" (TTP) islamçı qruplaşmasının üzvləri sərhədi keçərək Əfqanıstanda gizlənirlər. Rəsmi İslamabadın "Taliban" hökumətindən onlara qarşı tədbir görmək istəyi nəticə verməyib. Taliblər TTP-nin Pakistan ərazisində yerləşdiyini deyirlər.

Hava zərbələrindən bir neçə gün öncə TTP sərhəd yaxınlığına basqın edərək 16 güvənlik qüvvələrinin 16 əməkdaşını öldürüb, daha 8-ni də yaralayıb.

Pakistanda şəriət qanunu tətbiq etmək istəyən TTP hücuma görə məsuliyyəti öz üzərinə götürüb və hətta 35 pakistanlının öldürüldüyünü iddia edib. Yaraqlıların itkiləri barədə bilgi verilməyib.

"Taliban" 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra Pakistanın şimal-qərbində TTP hücumları çoxalıb.

Rusiyadan Ukraynanın enerji infrastrukturuna daha bir zərbə

Dnepropetrovska raket zərbəsi
Dnepropetrovska raket zərbəsi

Dekabrın 25-də Ukraynanın enerji və digər mülki infrastrukturu Rusiyanın çox güclü hava hücumuna məruz qalıb.

Ukrayna rəsmilərinin bilgisinə görə, ballistik raketlərin zərbəsi nəticəsində Xarkov vilayətində üç nəfər xəsarət alıb, mülki qeyri-yaşayış infrastrukturuna da ziyan dəyib. Xarkov şəhərinin özünə isə çox güclü raket zərbəsi endirilib.

"Şəhərdə bir neçə partlayış səsi eşidilib. İndiyədək şəhər istiqamətində ballistik raketlər uçur", - şəhər meri Oleq Terexov Telegram sosial şəbəkəsindəki paylaşımında belə deyib.

Ukraynanın energetika naziri German Qaluşenko bildirib ki, enerji sisteminə qarşı hücumların mənfi nəticələri azaltmaq üçün istehlak məhdudlaşdırılır.

Dnepropetrovsk vilayətinin qubernatoru Serqiy Lisakın dediyinə görə, Rusiya qoşunları regionun enerji sistemini məhv etməyə çalışır.

Səhər saatlarından Ukraynanın bütün ərazisində hava hücumundan müdafiə siqnalları işə salınıb. Bildirilir ki, Rusiya Qara dənizdəki hərbi gəmilərindən "Kalibr" raketləri atıb.

2022-ci ilin fevralından bəri hava hücumları nəticəsində Ukraynanın enerji sektoruna dəfələrlə ciddi ziyan dəydiyindən ölkə tez-tez qaranlığa qərq olub.

Nazim Bəydəmirli saxlanma şəraitindən narazıdır

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Həbsdə olan iqtisadçı və keçmiş deputat Nazim Bəydəmirli saxlanma şəraitindən narazıdır. Bu barədə onun yoldaşı Fəridə Bəydəmirli məlumat verib. Onun sözlərinə görə, iqtisadçını 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüblər və bu barədə yaxınlarına heç bir məlumat verməyiblər: "Ötən cümə günü, dekabrın 20-də Nazim əvvəlcə zəng etməyib deyə (qanunvericiliyin verdiyi imkandan yararlanmayıb), 1 saylı İstintaq Təcridxanasına zəng vurdum. Mənə hər şeyin qaydasında olduğunu dedilər. Amma üstündən bir neçə saat keçdi, Nazim zəng vuraraq artıq 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyünü dedi".

F.Bəydəmirlinin sözlərinə görə, dekabrın 24-də yoldaşı ilə görüşüb: "Karantindədir, amma görüşümüzə şərait yaradıblar. Nazim mənə dedi ki, saxlandığı şərait bərbaddır. Üstəlik də, hazırda 20 məhkumla bir otaqda saxlanılır. Onların hamısı da müxtəlif ittihamlarla 20-25 il müddətinə həbs olunmuş adamlardır".

İqtisadçının yoldaşı onun səhhətində hələ də ciddi problemlərin olduğunu qeyd edib: "Keçən ildən bu günə qədər Nazimin səhhətində yaranmış xəstəlikləri müalicə etmək üçün heç bir ciddi addım atılmayıb və ürəyində yaranmış problem qalır. Nazimi bu şəraitdə saxlamaq onu ölümə tərk etməkdir. Mən Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova müraciət edirəm: Nazim bəyin başqa cəzaçəkmə müəssisəsinə köçürülməsinə göstəriş verməyinizi xahiş edirəm".

Xanımın bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Bundan əvvəl də keçmiş deputatın yaxınları onun səhhəti ilə bağlı narahatlıqlarını ifadə etmişdilər.

N.Bəydəmirli ötən il iyulun 4-də Cinayət Məcəlləsinin 182.2.4-cü (əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə qəsb etmə) maddəsi ilə saxlanıb. Ertəsi gün onun haqqında həbs-qətimkan tədbiri seçilib. Bəydəmirli ittihamı rədd edərək onu uydurma adlandırıb.

Həmin il sentyabrın 1-də Bəydəmirliyə qarşı daha bir ittiham irəli sürülüb - Cinayət Məcəlləsinin 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə. O, bu ittihamı da qəbul etməyib.

Bu il sentyabrın 30-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib. Dekabrın 11-də apellyasiya məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Xatırlatma

61 yaşlı N.Bəydəmirli 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. Keçmiş deputatın sözlərinə görə, ötən ilin yayında Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazları ilə əlaqədar kimisə qurban vermək lazım idi, onu seçiblər. Bu üzdən özünü "ekologiya məhbusu" adlandırır.

2023-cü ilin iyununda Söyüdlü sakinləri kənddəki qızıl zavodundan axan su vasitəsilə gölün zəhərlənməsi və bunun da əhaliyə mənfi təsirinə etiraz edirdi.

N.Bəydəmirli elə Gədəbəy rayonundan deputat olub.

Paşinyan MDB sammitinə getmir, koronavirusa yoluxub

Nikol Paşinyan və Vladimir Putin Moskvada MDB sammitində (Foto arxiv)
Nikol Paşinyan və Vladimir Putin Moskvada MDB sammitində (Foto arxiv)

Ermənistanın baş naziri Nikol Paşinyan COVID-19 testinin müsbət çıxması səbəbindən MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcək.

O deyib ki, dekabrın 26-dakı Avrasiya İqtisadi Birliyinin (AİB) zirvə görüşünə qatılıb-qatılmaması ilə bağlı qərarı günün sonunadək verəcək.

MDB sammiti zamanı Putinin Paşinyanla görüşü planlaşdırılmayıb

Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri liderlərinin bu həftə keçiriləcək sammiti zamanı ayrıca görüş keçirməyi planlaşdırmır. Dekabrın 25-də bu bilgini Kreml açıqlayıb.

Dekabrın 26-da Sankt-Peterburqda MDB-nın qeyri-rəsmi sammitindən sonra Ermənistanla yanaşı, daha dörd keçmiş sovet respublikasının üzv olduğu Avrasiya İqtisadi Birliyinin (AİB) zirvə görüşü baş tutacaq.

"Putinin Paşinyanla ayrıca görüşü planlaşdırılmayıb, ancaq ehtiyac olarsa, liderlər kuluar söhbətləri apara bilərlər", - Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə belə deyib.

AİB-in son dəfə mayda, Moskvada keçirilən sammitindən sonra iki liderin oxşar danışıqları olub. Qısa bir müddət sonra, Ermənistanla münasibətlərdə davam edən gərginlik fonunda Kreml Yerevandakı səfirini məsləhətləşmələr üçün geri çağırmışdı.

Ermənistan bu il AİB-ə sədrlik etsə də…

Paşinyan iqtisadi blokun sammitinə ev sahibliyindən, ardınca da Sankt-Peterburq görüşünə qatılmaqdan boyun qaçırıb. O, imtinasının səbəbini heç də bütün AİB liderlərinin Ermənistanda xoş qəbul edilməməsiylə əsaslandırıb.

Baş nazir arzulanmaz şəxslərin Rusiya prezidenti Vladimir Putin və ya Belarus lideri Aleksandr Lukaşenko olduğuna dair yozumlara aydınlıq gətirməyib. İş burasındadır ki, Lukaşenkonun ilin əvvəlində Bakıya səfərində səsləndirdiyi Azərbaycanyönlü açıqlamalar Minsklə Yerevan arasındakı münasibətləri soyudub.

Yerli təhlilçilərin və müxalif siyasətçilərin fikrincə, bir il öncə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna qoşulan Ermənistan hakimiyyəti Putinin ölkəyə gəlişini istəmir.

Roma Statutunun ratifikasiyası Ermənistan-Rusiya münasibətlərindəki çatı dərinləşdirib. Yerevan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvləriylə birgə Rusiyanı Ermənistanın güvənliyinə dair öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.

Paşinyan dekabrın 4-də Ermənistanın KTMT çərçivəsində fəaliyyətini bərpa etməyəcəyini də bildirib.

Buna qədərsə Ermənistan iqtisadiyyatının nəhəng Rusiya bazarından güclü asılılığını və alınan qazın nisbətən ucuz olduğunu görən rəsmi Yerevan AİB-dən uzaqlaşmamağa çalışırdı.

Suriyada qiyamçı qruplar birləşərək Müdafiə Nazirliyinə tabe olacaq

Əhməd əş-Şaraa
Əhməd əş-Şaraa

Suriyanın faktik lideri Əhməd əş-Şaraa (digər adıyla Colani) dekabrın 24-də qiyamçı birləşmələrin keçmiş komandirləriylə razılığa gəlib. Yeni administrasiyanın bilgisinə görə, buraxılacaq bütün qruplaşmaların üzvləri Müdafiə Nazirliyinin rəhbərliyi altında bir araya gələcəklər.

Ötən həftə suriyalı baş nazir Məhəmməd əl-Bəşir bildirib ki, qiyamçıları və Əsəd ordusunun fərari zabitlərini cəlb etməklə Müdafiə Nazirliyi yenidən formalaşdırılacaq.

"Reuters"in bilgisinə görə, əş-Şaraa çökmüş Əsəd rejiminə qarşı vuruşan bir çox qruplaşma arasında toqquşma olmamasına çalışacaq.

Murhaf Əbu Kəsra müvəqqəti hökumətin müdafiə naziri təyin edilib. O, Əsəd rejimini çökdürməyə səy göstərən "Həyat Təhrir əş-Şam" (HTŞ) qruplaşmasının əsas simalarından biridir. HTŞ ABŞ və bir çox başqa ölkədə terrorçu təşkilat kimi tanınır. Əhməd əş-Şaraa HTŞ-nin başçısıdır.

Əhməd əş-Şaraa son günlər Dəməşqə səfərə çıxan Qərb ölkələri rəsmilərini əmin edib ki, onun keçmiş hakimiyyətdən qisas almaq, yaxud dini və etnik azlıqların nümayəndələrinə qarşı repressiyalar törətmək niyyəti yoxdur.

Analitiklər Rusiyanın məqsədini çək-çevir edən vaxtda Ukraynanın şərqində aramsız toqquşmalar səngimir

Dnepr çayında Ukrayna dəniz piyadaları.
Dnepr çayında Ukrayna dəniz piyadaları.

Rusiya qoşunları irəlilədikcə Ukraynanın şərqindəki cəbhə xəttinin böyük bölümündə toqquşmalar ara vermir.

Dekabrın 23-dən bəri 235-dək toqquşma qeydə alınıb, Xarkov, Donetsk və Kupyanks istiqamətlərində aramsız döyüşlər gedir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı dekabrın 24-də bu bilgini açıqlayıb.

ABŞ Savaş Araşdırmaları İnstitutu (ISW) dekabrın 24-dəki hesabatında bildirib ki, Rusiya qoşunları tədricən Donetsk vilayətinin açar şəhərindən - Pokrovskdan cənuba və cənub-qərbə doğru irəliləsə də, rusiyalıların döyüş öncəlikləri qaranlıq qalır: "Rusiya qüvvələrinin bu irəliləyişlərdəki niyyətinin şəhəri ələ keçirmək, yoxsa Donetsk vilayətinin inzibati sərhədinə çıxmaq olduğu hələ də bəlli deyil".

Ötən həftə Rusiya prezidenti Vladimir Putin geniş açıqlama verməsə də, Moskvanın savaşdakı əsas məqsədinə çatmağa yaxın olduğunu deyib.

"Biz buna son qoymalıyıq"

2023-cü ilin oktyabrında Ukraynanın işğalçı Rusiya ordusunu sıxışdırıb çıxarmaq üçün uğursuz əks-hücumundan bəri Rusiya qüvvələri yavaş-yavaş qərbə doğru irəliləyərək Donetsk bölgəsinin Avdeyevka, sonra da Uqledar şəhərini ələ keçirib. Hazırda Rusiya bölgənin 60 faizinə nəzarət edir.

Bilgilərə görə, Rusiya qoşunları əsas logistika mərkəzi olan Pokrovsku ələ keçirməyə hazırlaşır. İşğalçı qüvvələr şəhər kənarından cəmi bir neçə kilometr aralıdadır.

Strateji önəmli Pokrovsk həm də əsas nəqliyyat qovşağıdır. Cəbhə xəttinə yaxın olan bu şəhər Donbasda döyüşlər aparmaqdan ötrü təchizat anbarı rolunu oynayır.

Son həftələr Rusiyayla Ukrayna arasında döyüşlər gərginləşib. Moskva Ukraynanın mülki və enerji infrastrukturuna PUA və raket zərbələri endirib. Ukrayna da cavabında Rusiya ərazisindəki neft və enerji obyektlərinə, o sıradan neftlə zəngin Tatarıstanın paytaxtı Kazana hava hücumu gerçəkləşdirib.

Putin ötən həftə ənənəvi illik mətbuat konfransında Qərb ölkələrinə üstüörtülü güzəşt işarələri verib. Ancaq güzəşt deyərkən, Ukraynanın Rusiyaya tabe olmasını, NATO ilə Qərbdən ən ciddi güvənlik təminatlarını nəzərdə tutub. O, Ukraynanın indiki prezidenti Volodimir Zelenskini qanuni prezident saymadığını da söyləyib.

Yanvarın 20-də andiçmə mərasimi keçiriləcək ABŞ prezidenti seçilmiş Donald Tramp savaşı mümkün qədər tez bitirməyə çalışacağını bildirib: "Biz buna son qoymalıyıq. Bu, dəhşətli savaşdır".

Azərbaycanda minimum əməkhaqqı 400 manat olur

Minimum əməkhaqqı
Minimum əməkhaqqı

2025-ci il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manat müəyyən edilib. Bu, prezident İlham Əliyevin dekabrın 23-də imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamda öz əksini tapıb.

Habelə, Nazirlər Kabinetinə tapşırılıb ki, əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir aya prezidentə təqdim etsin.

Buna qədər ölkədə minimum əməkhaqqı 345, əmək pensiyasının minimum məbləği isə 280 manat idi.

Azərbaycanda hələ bu ilin ortalarından minimum əməkhaqqının artırılacağı gözlənilirdi. Müzakirələr zamanı bir çox müstəqil iqtisadçılar deyirdilər ki, Azərbaycanda minimum əməkhaqqı azı 500 manata çatdırılmalıdır. Onlar bu fikirlərini inflyasiya və mövcud qiymətlərlə izah edirdilər.

Z.İsmayıl: "Qiymətlər Avropadakına yaxındır, əməkhaqqı isə dəfələrlə azdır"

İqtisadçı Zöhrab İsmayıl da AzadlıqRadiosuna deyib ki, artım yetərli deyil: "Azərbaycanın indiki durumu üçün bu, pozitiv görünə bilər. Ancaq, ümumiyyətlə, biz ölkədəki pensiya və əmək haqlarını Baltikyanı ölkələrlə, Türkiyə kimi başqa ölkələrdəki maaşlarla, pensiyalarla müqayisə etsək, bu, çox azdır. Belə templərlə bizim onların maaşlarının indiki səviyyəyə çatmaq üçün on illər lazımdır".

İqtisadçı vurğulayıb ki, ölkədə gündəlik tələbat mallarının qiymətləri Avropadakına yaxındır: "Əməkhaqqı isə dəfələrlə azdır".

2024-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 773.3 min nəfər olub. Onlardan 881.7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 891.6 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Ölkədə əməkqabiliyyətli insanların isə bundan təqribən üç dəfə çox olduğu bildirilir.

Dələduzların aldatdığı rusiyalı pensiyaçılar qorxulu əməllərə əl atıblar

Sankt-Peterburqda yandırılan bankomat.
Sankt-Peterburqda yandırılan bankomat.

Dekabrın 21-də Moskva və Sankt-Peterburqda dələduzların aldatdığı bir neçə pensiyaçı tünlük yerlərdə qorxulu əməllər törədib.

Polisin bildirdiyinə görə, bir neçə pensiyaçı saxlanılıb, daha bir şübhəli şəxsin də axtarışı gedir. Dələduzluğun arxasında kimlərin durduğu aydın deyil.

Hadisələrdən biri Moskvanın şimal-şərqindəki alış-veriş mərkəzlərinin birində baş verib. Bir pensiyaçı dövlət xidmətləri göstərən mərkəzdə fişəng partladıb. İnsanlar buradan çıxarılsa da, basabasda bir nəfər yıxılaraq xəsarət alıb. Saxlanılan şəxs deyib ki, fırıldaqla ondan 120 min rubl (2 min 36 manat – red.) qoparan tanımadığı adamların göstərişiylə bu əməli törədib.

Moskva ətrafındakı Korolyov və Ximki şəhərlərində də ticarət mərkəzindən və poçt məntəqəsindən insanlar təxliyə ediliblər. Korolyovdakı hadisəni törətməkdə şübhəli bilinən 64 yaşlı pensiyaçı da polis bölməsində fişəng partlatmaq istəyib. Ximkidəki poçt məntəqəsində olan partlayışla bağlı 70 yaşlı qadın saxlanılıb.

Dekabrın 21-də Sankt-Peterburqda telefon dələduzlarının göstərişiylə iki pensiyaçı qadın polis maşınını yandırmaq istəyib. Saxlanılan qadınlara terrorçuluq maddəsiylə cinayət işi açılıb. Rusiyanın ən böyük bankında – "Sberbank"da yaşlı bir qadın bir bankomatın üzərinə tezalışan maye töküb.

Krasnoyarskda oxşar hadisəni bir qız törədib. Dələduzların aldatdığı 19 yaşlı bu qızın özü də 2-ci dərəcəli yanıq xəsarəti alıb.

'Keşlə' bazarının satıcılarının tələbi qismən nəzərə alındı

"Dövlətin xəbəri olsa, izn verməz" - Satıcılar 'Keşlə' bazarının sökülməsini gözləyirlər
Gözlə

No media source currently available

0:00 0:04:28 0:00

Dekabrın 22-də Bakıda "Keşlə" bazarında fəaliyyət göstərən satıcılar etiraz aksiyası keçiriblər. Onlar yanvarın 1-dən bazarın bağlanacağı haqqında deyilənlərə etiraz ediblər.

Satıcılar bazarın bağlanmasını martın 21-i, Novruz bayramına kimi təxirə salınmasını xahiş edirlər. "Bizə əvvəlcədən xəbərdarlıq etməli idilər. İndi bu boyda malla hara gedək?", - satıcılardan biri sual edib.

Aksiya zamanı satıcıların ərazidəki yolu bağlamağa cəhd göstərdiyi, polisin qarşısını aldığı, amma kimsənin saxlanmadığı bildirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Keşlə" bazarının sökülməsi istəyini Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel, metronun "Koroğlu" stansiyasına qədər yeni avtomobil yolunun tikinti işlərinin icrası ilə izah edir. Qurum artıq maydan bazar rəhbərliyinə məsələ ilə bağlı xəbərdarlıq verdiyini vurğulayır. Agentliyin bu dediklərinə bazar rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Dekabrın 23-də isə Agentlikdən "Turan"a bildirilib ki, sözügedən bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq orada söküntü işlərinin başlanılması 2025-ci il fevralın 1-nə qədər təxirə salınıb.

Agentliyin son açıqlamasına, hələlik, bazardakı sahibkarlar və satıcılardan münasibət bildirilməyib.

Kreml: Trampla danışıqlar hələ planlaşdırılmayıb

Donald Tramp Buenos-Ayresdə G20 liderlərinin sammiti zamanı "ailə şəkli" çəkdirərkən Vladimir Putinə baxır. 2018
Donald Tramp Buenos-Ayresdə G20 liderlərinin sammiti zamanı "ailə şəkli" çəkdirərkən Vladimir Putinə baxır. 2018

Ukraynada atəşkəs sazişinə dair danışıqların fəallaşması fonunda Rusiya prezidenti Vladimir Putinin Donald Trampla görüşü planlaşdırılmayıb. Kremlin mətbuat katibi Dmitri Peskov bu bilgini dilə gətirib.

"Yanvardakı andiçmə mərasiminədək Trampla görüş üçün hələ heç bir real impuls yoxdur", - Peskovun sözləridir.

Dekabrın 22-də mühafizəkarlarla görüşündə ABŞ prezidenti seçilmiş Tramp bildirib ki, Putin onunla mümkün qədər tez bir vaxtda görüşmək istəyir.

Rusiya və Ukraynanın qarşılıqlı zərbələri

Son həftələr Rusiyayla Ukrayna arasında döyüşlər gərginləşib. Moskva Ukraynanın mülki və enerji infrastrukturuna PUA və raket zərbələri endirib. Ukrayna buna cavabında Rusiya ərazisindəki neft və enerji obyektlərinə, o sıradan neftlə zəngin Tatarıstanın paytaxtı Kazana hava hücumu gerçəkləşdirib.

Ötən həftə ənənəvi illik mətbuat konfransında Putin Qərb ölkələrinə üstüörtülü güzəşt işarələri versə də, kompromisə görə NATO və Qərbdən ən ciddi güvənlik zəmanətləri tələb edib.

Slovakiya baş naziri Moskvaya səfər edib

Ukraynadakı hərbi durum və savaşın nizamlanması dekabrın 22-də Moskvada Slovakiyanın baş naziri Robert FitsoVladimir Putin arasındakı görüşdə də müzakirə edilib. Di gəl, görüşün əsas müzakirə mövzusu Ukrayna ərazisiylə tranzit edilən və ilsonu müddəti bitəcək təbii qaza dair müqavilənin uzadılması olub.

Ukraynada üç il öncə başlanan savaşdan sonra Putinlə münasibətləri qoruyub saxlayan azsaylı Avropa İttifaqı (Aİ) ölkəsi liderlərindən olan Fitso rəsmi Kiyevə hərbi yardımın kəsilməsinin, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının qaldırılmasının və Ukraynanın NATO-ya üzv olmamasının tərəfdarıdır.

Ukrayna gələn ilin əvvəlindən Rusiya qazının öz ərazisindən tranzitini dayandıracağını bildirib. Ancaq rəsmi Kiyev qaz hüquq baxımından Rusiyaya məxsus olmasa, Avropa Komissiyasının sorğusu əsasında tranziti bərpa etməyə hazırdır.

İndiki müqaviləyə görə, bu qaz xəttiylə ildə 40 milyard kubmetr mavi yanacaq göndərilməlidir. Amma ötən il tranzit göstəricisi 15 milyard kubmetri keçməyib. Sözügedən qaz borusu Rusiyanın Avropanı qazla təmin edən iki xəttindən biridir.

Bu xətlə Avropanın qaza ehtiyacının cəmi 5 faizi ödənilsə də, Macarıstanın tələbatının 47 faizi, Slovakiyanınsa 97 faizi bu xəttin payına düşür. Üstəlik, Slovakiya Rusiya qazının Avropaya sonrakı satışından ildə 500 milyon avro qazanır.

İran suriyalıları qiyamçı hökumətə dirəniş göstərməyə çağırıb

Əli Xamenei
Əli Xamenei

İranın ali dini lideri Əli Xamenei suriyalıları Bəşər Əsədin çöküşündən sonra Suriyada yaranmaqda olar qiyamçı hökumətə dirəniş göstərməyə çağırıb.

Dekabrın 22-dəki çıxışında Xamenei deyib ki, qiyamı Qərb ölkələri hazırlayıb. O əlavə edib ki, suriyalılar, özəlliklə gənclər, "güclü iradələriylə qeyri-sabitliyi yaradan və gerçəkləşdirən qüvvələrin önünü kəsməlidirlər".

"Həyat Təhrir əş-Şam" (HTŞ) və keçid hökuməti israrla bütün suriyalıların hüquqlarını qoruyacağını bildirsə də, Xamenei sonda, əvvəl-axır, ölkədə İslam respublikası hökumətini dəstəkləyən qruplaşmanın qalib gələcəyini söyləyib.

Bir çox ekspertin fikrincə, Əsəd rejiminin çöküşü rəsmi Tehrana daha bir zərbədir. İranın bölgədəki "dirəniş oxu"na daxil olan qruplaşmalar son 14 ayda ciddi uğursuzluqlar yaşayıb.

ABŞ və Avropa İttifaqının terrorçu təşkilat saydığı HƏMAS Qəzza zolağında İsrailə qarşı başladığı savaşda darmadağın edilib.

HƏMAS-ı dəstəkləmək üçün İsrailə hücum edən "Hizbullah"ın da çoxdankı lideri və bir çox yüksəkvəzifəli məmuru öldürülüb.

Xamenei onların İranla əlaqələrinin önəmini azaltmağa çalışaraq deyib ki, qruplaşmalar İsrailə qarşı öz əqidələrinə görə vuruşub: "Onlar zaman-zaman deyirlər ki, İslam respublikası bölgədə proksi qüvvələrini itirib. Bu, daha bir yanlışdır. İslam respublikasının heç bir proksi qüvvəsi yoxdur… Günün birində addım atmağı planlaşdırsaq, proksi qüvvəyə ehtiyacımız olmayacaq".

Xalq Cəbhəsi üzvü beton döşəmədə ac-susuz saxlandığını deyir

Ceyhun Novruzov
Ceyhun Novruzov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati qaydada 10 gün müddətinə həbs edilmiş fəalı Ceyhun Novruzovun polis bölməsində pis rəftardan şikayətləndiyi bildirilir. Bu barədə dekabrın 20-də onunla görüşən vəkil Nemət Kərimli məlumat verib.

Vəkilin bildirməsinə görə, Novruzov deyib ki, dekabrın 13-də saxlandıqdan sonra onu Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gətiriblər və bütün gecə soyuq beton döşəmədə ac-susuz saxlayıblar, daha sonra barəsində inzibati protokol tərtib edərək məhkəməyə çıxarıblar.

Novruzov həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Hələlik, bu açıqlamaya Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

16 dekabr

Xalq cəbhəsi üzvü 10 sutka həbsə məhkum edilib

Dekabrın 14-də Bakının Səbail rayon Məhkəməsinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) eyni adlı rayon təşkilatının sədri Ceyhun Novruzovu 10 sutka həbs etdiyi bildirilir.

AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinib

Partiyadan vurğulandığına görə, C.Novruzov dekabrın 13-də Səbail rayonunun "20 Sahə" adlanan ərazisində polisin taksi sürücülərini cərimələməsinə etiraz etdiyi üçün saxlanıb: "Məhkəmədə Ceyhun Novruzov saxlanmasının təfərrüatı barədə danışıb. Deyib ki, saat 20:00 radələrində o, deyilən ərazidə mağazalardan birinin qarşısında yol polisinin parklanmış maşınlara cərimələr yazacaqlarını görüb. Maşınlarda sürücü və sərnişinlər olmayıb. Ceyhun polislərə onların əməllərin qanunsuz olmasını deyib. Onun polis nəfərlərinə irad bildirməsi xoşlarına gəlməyib və Ceyhunu polis idarəsinə aparıblar. Səhərisi günü isə məhkəmə olub".

AXCP hesab edir ki, Novruzova verilən ittiham quramadır, o, vətəndaşların hüquqlarını qoruduğu üçün cəzalandırılıb.

Hələlik, bu fikirlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

C.Novruzov bundan öncə də bir neçə dəfə oxşar ittihamla inzibati qaydada həbs edilib. Həmin vaxtlar da o, ittihamı qurama sayıb.

Hazırda müxalifətdə olan AXCP-nin 12 üzvü uzunmüddətli, daha bir neçəsi isə inzibati həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Çexiya Krım tatarlarının sürgün edilməsini soyqırımı kimi tanıyan 7-ci ölkə olub

Krımdan qovulmuş Krım tatarları
Krımdan qovulmuş Krım tatarları

Krım tatarlarının lideri Mustafa Cemilev xalqının SSRİ-də 1944-cü ildə sürgün edilməsini soyqırımı kimi tanıyan Çexiyanı alqışlayıb.

Dekabrın 18-də Çexiya parlamentinin 74 senatorundan 70-i müvafiq qətnamənin lehinə səs verib. Kanada, Estoniya, Latviya, Litva, Polşa və Ukraynadan sonra Çexiya oxşar qətnamə qəbul edən sayca 7-ci ölkədir.

"Bu qərar mənəvi baxımdan Krım tatarlarını və Ukraynanı dəstəkləyərək digər ölkələri də bu addımı atmağa həvəsləndirir", - Krım tatarların milli lideri və Ukrayna parlamentinin üzvü Mustafa Cemilev AzadlıqRadiosunun Ukrayna xidmətinə belə deyib.

"Bu, həm də… Ukraynaya dəstəkdir"

O, 2014-cü ildə Krımın işğalından sonra və Ukraynada 3 il sürsə də, hələ bitməyən savaşın fonunda bu qətnamənin önəminin həmişəkindən daha çox olduğunu bildirib: "Bu, özəlliklə indi işğal altında olan Krım tatarları üçün olduqca önəmli hadisədir, onlara mənəvi dəstəkdir. Bu, həm də çox da yaxşı olmayan qonşusuyla savaşan Ukraynaya mənəvi dəstəkdir".

Cemilev onu da deyib ki, Çexiya hökuməti digər ölkələri, özəlliklə Rusiyanın ənənəvi təsiri dairəsində olanları bənzər qətnamələr qəbul etməyə həvəsləndirmək üçün öz təsirindən yararlanmağa hazırdır.

O, Ukrayna prezidenti Volodimir Zelenskinin hazırda yarımadanı güc yolu ilə geri almaq üçün Kiyevin hərbi imkanların olmaması barədə son açıqlamasını anladığını da söyləyib.

Cemilev ümid edib ki, Almaniya və Fransa kimi ölkələr ABŞ-nin yeni administrasiyasını Rusiya qoşunlarının hücumlarını dəf etmək üçün Ukraynaya dəstəyi davam etdirməyə inandıracaqlar.

Xatırlatma

SSRİ lideri İosif Stalinin əmriylə 1944-cü ildə 200 mindən çox Krım tatarı Orta Asiyaya sürgünə göndərilib. Bu türk müsəlman xalqının yarımadadakı mədəniyyətini isə, əslində, məhv edib.

Deportasiya zamanı və sürgünün ilk illərindəki ağır ortamda on minlərlə Krım tatarı həlak olub. Onlar yalnız 1980-ci illərin sonlarında - sovet hökuməti deportasiyanı qınayıb cinayət kimi tanıyandan sonra geri qayıtmağa başlayıblar.

Davamı

XS
SM
MD
LG