“Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimova 8 il həbs cəzası verilib. Üstəlik, əlavə cəza kimi, ona 2 il də jurnalist fəaliyyətilə məşğul olmaq qadağan edilib.
T.Kərimovla birlikdə mühakimə olunan reportyor İstək Totiyevaya isə şərti cəza verilib. Bu barədə dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarıb.
Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb-etmə) maddəsilə - Fərrux Ələkbərov adlı şəxsdən saytdan materialın silinməsi üçün 10 min manat pul tələb edib, sonda 1000 manat almaqda təqsirli bilinib.
Ancaq T.Kərimov deyir ki, yalandır, nə F.Ələkbərovdan pul tələb eləyib, nə də alıb. Elə bu məsələnin araşdırılması üçün də məhkəmədə telefon anten məlumatlarının sorğu ilə alınmasını istəyirdi. Amma hakim bunu etməyib. Onun sözlərinə görə, istintaqda yol verilən çoxsaylı qanun pozuntuları məhkəmədə də davam edib: “Azad Məcidov o hakimlərdəndir ki, onun əlindən adamlar qan ağlayır...”
Etiraz aksiyalarını, vətəndaşların hüquqlarının pozulması ilə bağlı hadisələri çəkib yaydığına görə sifarişlə həbs edildiyini vurğulayan T. Kərimov son sözündə bildirib ki, saxlanılarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb: “Sonda məni dubinka ilə zorlamaqla təhdid edib ifadə aldılar”.
T.Kərimov son sözündə əlavə edib ki, himayəsində 4 azyaşlı uşağı var, evin yeganə gəlir gətirənidir. Hazırda ailəsi dost-tanışının maddi dəstəyi sayəsində dolanır: “Necə olur, dövlətin 27 milyonunu yeyən Səlim Müslümovu Bakı Ağır Cinayətlər Məhkəməsi azadlıqda saxlayır, heç bir günahı olmayan adamları illərlə həbsxanada çürüdür? Budur sizin vicdanınız?”
Xatırlatma
Teymur Kərimov 2023-cü il dekabrın 11-dən həbsdədir. O, polislərin Qarabağ müharibəsi əlillərini döyməsini çəkib yaydığına görə cəzalandırıldığını deyir. Jurnalist saxlanılarkən və daha sonra etirafedici ifadə verməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qaldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti T.Kərimovun hədələnməsi, işgəncəyə məruz qalması haqda iddiaları rədd edib.
Son 13 ay ərzində Azərbaycanda 30-dan artıq jurnalist və bloqer həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq, hədə-qorxu ilə tələb etmə və başqa ittihamlarla üzləşiblər.
Jurnalistlər ittihamları qurama sayır və bunu peşə fəaliyyətlərinə bağlayırlar. Rəsmilərsə ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı həbs olunmalarına dair fikirləri qəbul etmirlər.