Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
"Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 aprel saat 06:00-dək uzadılıb", - qərarda yazılıb.
Bundan əvvəl xüsusi karantin rejimi 2025-ci il yanvarın 1-i saat 06:00-a qədər uzadılmışdı.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.
Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb. Bəzi müxalifət partiyalarının rəhbərləri pandemiyanın başa çatmasına baxmayaraq, bəzi məhdudiyyətin saxlanmasını hakimiyyətin siyasi, iqtisadi maraqları ilə izah edir.
Hakimiyyət rəsmiləri isə son vaxtlar öz çıxışlarında Nazirlər Kabinetinin qərarından fərqli olaraq sərhədlərdə məhdudiyyətin hələ də saxlanılmasını, əsasən, təhlükəsizlik amili ilə yozurlar.
Amma iki gün öncə, dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması sərhədlərin açılması məsələsini yenidən gündəmə gətirmişdi.
Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.
Bəzi təhlilçilər hesab edirlər ki, Bakı ilə Qroznı arasında məsafə elə də uzaq deyil. Onların fikrincə, əgər quru sərhədlər açıq olsaydı, bir çox insanlar heç Azərbaycandan Çeçenistana (Rusiya) getmək üçün təyyarədən istifadə etməzlər. Yeri gəlmişkən, bu təyyarə olayından sonra istintaq başa çatana qədər həmin istiqamətdə uçuşların dayandırıldığı açıqlanıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir.
Azərbaycanda isə indiyə kimi 830 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 400-nün vəfat etdiyi bildirilir. Amma son illər bu virusa yoluxmanın kəskin şəkildə azaldığı vurğulanır. ÜST ötən il mayın 5-də koronavirus pandemiyasının başa çatdığını açıqlayıb.