Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 21:32

İctimai fəala 3 il həbs cəzası kəsildi: 'Bunun nəyi məhkəmə oldu?'


 Zəka Mirağayev
Zəka Mirağayev

Bir ildən çoxdur həbsdə olan ictimai fəal Zəka Mirağayev 3 il azadlıqdan məhrum edilib. Ona noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində həmin hökm oxunub.

Hökmdən öncə məhkəmədə son sözünü deyən ictimai fəal bildirib ki, ümumiyyətlə, narkotikin necə olduğunu bilmir. Z.Mirağayevin sözlərinə görə, bir çox başqa ictimai-siyasi fəal kimi, onu da narkotiklə şərləyərək həbsə atıblar: "Bu bir ildə həbsdə gördüm ki, polis insanların başına nə oyunlar açır. Türmə işçiləri də etiraf edir ki, narkotiklə həbsdə olanların əksəriyyətini yükləyib göndərirlər. Siz məhkəməyə dedim ki, mənimlə bağlı həqiqəti üzə çıxarmaq üçün videogörüntüləri gətirin. Gətirmədiniz, gücünüz çatmadı. Nə sifariş verilibsə, başınızı aşağı salıb, onu da eləyirsiz. Bunun nəyi məhkəmə oldu?".

"Öz bildiyiniz kimi, nə istəyirsiniz, edin"

İctimai fəal ötən il oktyabrın 11-də saxlanılarkən Səbail rayonundakı 9-cu polis bölməsində döyülüb-qorxudulduğunu, elə bu üzdən ifadəyə qol çəkdiyini deyir. Onun sözlərinə görə, həmin vaxt yanında vəkili də olmayıb.

Z.Mirağayev məhkəmədə ifadəsində bildirib ki, onu sosial media hesabında polislərin əməlləri haqqında yazdıqlarına görə cəzalandırırlar. O, həbsindən öncə də Facebook hesabında polislərin onu narahat etdiyini yazmışdı. Onun sözlərinə görə, daxili işlər naziri Vilayət Eyvazova açıq məktubundan sonra basqılara məruz qalıb.

"Cənab polislər, cənab rəislər, cənab generallar məni zənglərlə narahat etməyin. Onsuz da prosedur üzrə işləmirsiniz. Öz bildiyiniz kimi, nə istəyirsiniz, edin...", - Z.Mirağayev həbsindən öncə - oktyabrın 1-də belə yazmışdı.

Z.Mirağayevin həbsindən sonra onun polislər haqqında yazılarına görə şərlənməsi barədə yaxınlarının iddialarına Daxili İşlər Nazirliyinin mətbuat xidməti cavab vermiş, deyilənləri yalanlamışdı: "Bu iddialar əsassızdır və şəxsi mülahizələrdir".

Xatırlatma

Z.Mirağayev Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsində təhsil aldığı dövrdə fakültədə baş verənlərlə bağlı müsahibə və yazılarına görə 2017-ci ildə məhkum edilmişdi. O zaman dekan müavini Nigar İsmayılzadə onu xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Yasamal rayon Məhkəməsi də tələbənin əməlində təhqir və böhtan olduğu qənaətinə gələrək ona 1 il islah işləri cəzası kəsmişdi. Hökmə görə, 1 il ərzində onun əməkhaqqından hər ay 15 faiz də cərimə olaraq tutulmalı idi.

Hazırda Azərbaycanda onlarla ictimai-siyasi fəal narkotik ittihamı ilə həbsdədir. Onlar bu ittihamın qurama olduğunu, siyasi baxışlarına, tənqidi fikirlərinə görə şərlənib həbs olunduqlarını deyirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu iddiaları rədd edir, onların hər birinin konkret faktlarla saxlandığını bildirir. Hökumət təmsilçiləri də ölkədə heç kimin siyasi baxış və düşüncələrinə görə izlənmədiyini iddia edir.

XS
SM
MD
LG