Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 21:25

Rusiyanın Pokrovsku ələ keçirməsi Ukraynadakı savaşda hansı anlama gəlir?


Ukraynanın 24-cü ayrı mexanikləşdirilmiş briqadasının hava hücumundan müdafiə bölməsinin əsgərləri Donetsk bölgəsində təlimlər keçirlər.
Ukraynanın 24-cü ayrı mexanikləşdirilmiş briqadasının hava hücumundan müdafiə bölməsinin əsgərləri Donetsk bölgəsində təlimlər keçirlər.

Bir zamanlar içində həyat qaynayan Pokrovsk bu soyuq, qarlı dekabr günlərində ruha bənzəyir. Todd Prins və Aleksey Prodayvoda bu şəhərin durumu və önəmi barədə yazıblar.

Müharibədən öncə 60 min sakini olan şəhərin küçələri bomboşdur. Ara-sıra, uzaqdan gələn avtomat və artilleriya səslərindən başqa heç bir səs eşidilmir.

Bir zamanlar Ukraynanın şərqindəki Donetsk bölgəsinin zəngin sənaye qovşağı olan Pokrovsk indi Rusiya ordusunun işğalı qorxusuyla üz-üzə qalan növbəti şəhərdir.

Ötən ilin oktyabrında Ukraynanın Rusiya qoşunlarını ölkədən çıxarmaq məqsədilə gerçəkləşdirdiyi əkshücum uğursuz bitdi. O zamandan bəri Rusiya qoşunları yavaş-yavaş qərbə doğru irəliləyərək Donetskin Avdeyevka və Uqledar şəhərlərini ələ keçiriblər. Rusiya hazırda Donetskin 60 faizinə nəzarət edir.

İndi şəhərin sərhədlərindən cəmi bir neçə kilometr aralıda olduğu deyilən Rusiya qoşunları mövcud cəbhə xəttinin yaxınlığında yerləşən önəmli təchizat qovşağı sayılan Pokrovsku tezliklə ələ keçirə bilər.

"Bu, ukraynalılar üçün ciddi zərbə olardı. Onların bunun baş verməsinin qarşısını ala biləcəklərinə də əmin deyiləm", - Kornell Universitetinin hərb tarixi professoru Devid Silbi AzadlıqRadiosuna belə deyib.

Pokrovsk itirilsə…

"Əgər onlar Pokrovsku itirsələr, öz müdafiə xətlərinə birbaşa çıxışlarını itirmiş olacaqlar. Bu da həmin əraziyə qoşun toplamağı və döyüşləri sürdürməyi çətinləşdirəcək", - yenə onun sözləridir.

Pokrovsk əsas nəqliyyat qovşağına və cəbhə xəttinə yaxın olduğundan strateji önəm daşıyır. Bu şəhər həm də Donbas bölgəsindəki hərbi əməliyyatlar üçün təchizat qovşağı rolunu oynayır.

Qərbin hərbi yardımı çoxalsa da, Rusiyanın Donetskdə ələ keçirdiyi ərazilərin sahəsi də avqustdan bəri hər ay artmaqdadır. Bu, Rusiyanın müharibədə ciddi dönüş yarada biləcəyinə dair narahatlığı artırır.

Pokrovskun itirilməsi Rusiyanın hərbi məqsədlərindən birinə nail olmasını daha da asanlaşdıracaq. Söhbət Donetsk bölgəsinin qalan bölümünün ələ keçirilməsindən gedir. Donetsk Moskvanın 2022-ci ilin noyabrında özünə birləşdirdiyini açıqladığı dörd bölgədən biridir. Digər üç bölgə - Luqansk, Zaporojye və Xersondur.

Rusiya prezidenti Vladimir Putin iyun ayında Ukraynanın bu dörd bölgədən qoşunlarını çəkəcəyi və NATO-ya qoşulmaq iddiasından boyun qaçıracağı halda atəşkəs və sülh danışıqlarına razı olacağını demişdi.

"Çox uzun marafonun sonu"

Ancaq ABŞ-də yerləşən Savaş Araşdırmaları İnstitutunun hərbi təhlilçisi Corc Barrosa görə, Rusiyanın indi Pokrovskda qazanacağı taktiki qələbəni Ukraynanın içərilərində operativ irəliləyişə çevirmək üçün yetərli resursu olmaya da bilər.

"Bizim burada gördüyümüz rusların çox kiçik, obyektiv olaraq kiçik ərazidə irəliləmək üçün gözyaşardıcı dərəcədə çox resurs xərclədiyi çox-çox uzun marafonun sonudur", - Barros belə deyir. Onun fikrincə, rusiyalılar Pokrovsku ələ keçirərsə, qüvvə və resurs məhdudluğu üzündən indiki kampaniya yekunlaşacaq.

Barros vurğulayıb ki, Rusiya ordusu bu müharibənin ən ağır döyüşlərinin sonunda - Baxmut yaxınlığında əldə etdiyi qələbənin ardınca yaxınlıqdakı strateji hündürlükdə yerləşən Çasov Yar şəhərini ələ keçirə bilməyib. Bu, ordunun əldən düşməsindən də qaynaqlanıb.

Barrosa görə, Rusiyanın Pokrovsk istiqamətində irəliləyərkən inanılmaz dərəcədə çox itki verməsi Ukraynaya imkanlar aça bilər: "Ukraynalıların yetərli resursu olsa … və onlar cəbhəyə daha çox yaxşı silahlanmış canlı qüvvə gətirə bilsələr, bu, yorğun və əldən düşmüş düşmənə qarşı əkshücum təşkil etmək və ruslara bəlli zərbələr endirmək üçün ideal zaman ola bilər".

Ancaq hərbi ekspertlərin fikrincə, Rusiya qoşunlarına bu il Ukraynanın şərqində irəliləməyə imkan verən hər şeydən öncə Ukraynanın orduya əsgər cəlb etmək və təlimlə bağlı üzləşdiyi problemlərdir.

Ukrayna prezidenti Volodımır Zelenskinin hökuməti xalqın qəzəbindən çəkindiyi üçün aylarla yeni çağırış qanununu parlamentə təqdim etməyi ləngidib. Bu müddətdə isə ön cəbhədəki qoşunlar rotasiya problemləri üzündən güc itiriblər.

Parlamentin, nəhayət, apreldə təsdiqlədiyi bu yeni qanuna görə, çağırış yaşı 27-dən 25-ə endirilib.

Qanun layihələri ilə bağlı tərəddüd ABŞ-nin hərbi yardıma verdiyi altı aylıq ara ilə üst-üstə düşdü. Bu da Ukraynanın cəbhə xəttindəki qüvvələrini daha da zəiflətdi.

Canlı qüvvə azlığı

ABŞ-nin Ukraynanı daha çox silah-sursatla təchiz etməsi və ölkənin özünün dron istehsalını artırması sayəsində hazırda Rusiya istər atəş gücü, istərsə insansız hava maşınları baxımından ciddi üstünlüyə malik deyil.

Ancaq canlı qüvvə azlığı cəbhənin bütün istiqamətlərində ciddi problem olaraq qalmaqdadır. İtki sayının çox yüksək olması fonunda yeni çağırışçılar piyada qoşunlarında xidmətdən yayınmağa çalışırlar.

Ukrayna Pokrovskun çöküşünün qarşısını almaq üçün bu əraziyə bacardıqca çox əsgər göndərməyə çalışır. Bura silahlı qüvvələrin digər növlərindən də əsgərlər göndərilir. Ancaq Kornell Universitetinin professoru Silbi deyir ki, bu, digər istiqamətlərdəki müdafiə xətlərinin zəifləməsi bahasına başa gəlir.

O deyir ki, Ukrayna sürəkli hücum altında olduğundan öz qoşunlarını yenidən qurmaq imkanına sahib deyil.

Ukrayna eyni zamanda Rusiyanın Kursk bölgəsində də yavaş-yavaş geri itələnir. Burada rusiyalılar Şimali Koreyadan gətirilən canlı qüvvədən istifadə edirlər. Avqustda həyata keçirdiyi sürpriz hücumla Kursk bölgəsinin bir hissəsini ələ keçirən Ukrayna artıq bu torpaqların yarıya qədərini itirib.

Kiyev Kursku ələ keçirməkdə məqsədinin gələcəkdə sülh danışıqlarında bu ərazidən Rusiyanı Ukrayna torpaqlarından çıxarmaq üçün alət kimi istifadə etmək olduğunu bildirmişdi.

Ölkənin şərqində canlı qüvvə qıtlığı fonunda Kursk əməliyyatı da bəlli ziddiyyətlər yaradıb. Bəzi ekspertlər deyirlər ki, bu əməliyyat rusiyalıları öz qoşunlarını Donetskdəki cəbhə xəttindən geri çəkməyə məcbur etmək məqsədinə nail olmayıb.

Rusiyanın supergüc kimi "sonuncu" savaşı

Silbi deyir ki, Rusiya qoşunları Pokrovsku ələ keçirərlərsə, böyük ehtimalla, öncə mövqelərini möhkəmləndirmək üçün ara verəcək, ardınca Donetskin növbəti əsas yol qovşağını ələ keçirmək üçün şimala - Kramatorsk istiqamətində hərəkətə başlayacaqlar.

Onun sözlərinə görə, Putin Ukrayna ilə razılaşma əldə etməyə çalışmazdan öncə Rusiya qoşunlarını Luqansk və Donetsk sərhədlərinə doğru hərəkət etdirə bilər. Donbas bölgəsi bu iki bölgədən ibarətdir.

Silbi deyir ki, Rusiya Ukraynanın içərilərinə doğru hərəkəti davam etdirə bilməz. Onun sözlərinə görə, Moskva verdiyi itkilərin yerini doldura bilmədiyindən artıq bəziləri 1950-ci illərin əvvəllərində düzəldilmiş köhnə sovet tanklarını anbarlardan çıxarmağa başlayıb.

"Rusiya udur, ancaq bu onları bir hərbi güc kimi məhv edir. Bu, artıq onların nə zamansa vuruşacağı sonuncu supergüc savaşıdır, axı onlar Sovet İttifaqı zamanından qalan bütün ehtiyatlarını işlədib bitirirlər", - yenə Silbinin sözləridir.

XS
SM
MD
LG