Keçid linkləri

2025, 04 Yanvar, şənbə, Bakı vaxtı 12:27

Tacikistan sakinləri çətin zamanlarında falçı və mollalara üz tuturlar


Tacikistan falçılarından müsadirə edilmiş muncuqlar, pullar və digər əşyalar
Tacikistan falçılarından müsadirə edilmiş muncuqlar, pullar və digər əşyalar

Sevara (ad dəyişdirilib) dörd il evli olduğu ərindən ayrılıb. O, ərinin hər işi yarımçıq qoymasından narazıdır. Onlar artıq bir-biri ilə danışmırlar. Sevara bəd taleyinin çarəsini Düşənbədəki evinin yaxınlığında yaşayan bir falçıda axtarır.

"O mənə dedi ki, bir adam evliliyimizi pozmaq üçün bizə cadu edib", - 33 yaşlı bağça müəlliməsi belə deyir.

Sevara həftədə bir dəfə çox inandığı falçısını ziyarət edir və "cadunu götürməsi" üçün hər dəfə ona 5 dollar verirmiş. Ancaq bu yaxınlarda polis falçıya xəbərdarlıq etdiyindən o, daha müştəri qəbul etmir.

AzadlıqRadiosunun əməkdaşı Fərəngis Nəcibulla ilə radionun tacik xidmətinin hazırladığı materialda deyilir ki, Tacikistanda dövlət qurumları son aylarda falçılara və "inanc loğmanları"na (mollalara) qarşı reydləri gücləndirib. Hökumət ölkədə əsrlərlə sürən bu yaşam tərziylə mübarizəyə başlayıb.

Həbs var, dolğun bilgi yox

Ölkə prezidenti Emomali Raxmon ötən ay hüquq-mühafizə orqanlarının cadugərlik və falçılıqla məşğul olan 1500 nəfəri və 5 min "kəmsavad" mollanı saxladığını deyib.

Raxmon olub-bitənlərin onun tapşırığı ilə gerçəkləşdirildiyini söyləsə də, 6500 nəfərin həbsi ilə nəticələnən belə tədbirlər haqda ayrıntılı bilgi verməyib.

Daxili İşlər Nazirliyinin avqustun 24-də verdiyi məlumata görə, təkcə avqust ayında 150-dən çox falçı saxlanıb.

Dövlət mediası və polis reydlərdə saxlanan falçı və cadugərlərin fotolarını vaxtaşırı dərc edir. Televiziya kanalları tez-tez onların etiraflarını yayımlayır.

Daha öncə görünməyən tədbirlər çərçivəsində polis falçı və mollaların, onların müştərilərinin hərəkətlərinə daha yaxşı nəzarət etmək üçün onları qeydiyyata alır.

Düşənbə şəhərində falçı evi
Düşənbə şəhərində falçı evi

Falçılıq fəaliyyəti 2008-ci ildən bəri qanunsuz elan edilib. Bu ilin iyununda Tacikistan hökuməti falçılığa görə cəzaları sərtləşdirib. İlk dəfə tutulanlar qanun pozuntusunda suçlanıb-cərimələnir, ya da 15 günlük həbs cəzası alırlar. Ancaq qanunu təkrar pozanlar cinayətkar sayılır, onlara 13 min 500 dollaradək cərimə və 2 ilədək həbs cəzası kəsilir.

Falçılıq ölkənin 10 milyonluq əhalisinin əksər bölümünün inandığı İslam dinində də qadağandır.

Tacikistanda bir çox falçı xəstələri sağaltdığını da iddia edir. Onlar ənənəvi və dini inanclara əsaslanan "dərman"lardan yararlanır, bununla da cadu və inanc loğmanlığı arasındakı xətti silirlər.

Bundan başqa, yalnız mollalıqla məşğul olan minlərlə adam var. Ancaq polis deyir ki, onların çoxunun dini, yaxud tibbi təhsili ya yoxdur, ya da çox azdır.

"Müalicə" seanslarında qadına sataşanlar

Qanun belə mollalığı yasaqlamır, ancaq bu cür işlərlə məşğul olan onlarla adam başqa cinayətlərdə, məsələn, fırıldaqçılıqda ittiham olunub.

"Müalicə" seansları zamanı qadın müştərilərinə sataşdığı üçün həbs edilən bir neçə kişi molla da var.

Dövlət qurumları belə insidentlərin gizli kameralarla çəkildiyi iddia edilən videolarını da yayıb.

Falçı və mollalardan kömək umanların çoxu qadınlardır.

Daha öncə Düşənbədə bəzi tanınmış və populyar falçılar müştərilərinin arasında yüksəkvəzifəli dövlət rəsmilərinin ailə üzvlərinin də olduğunu və yaxınları üçün kömək istədiyini iddia ediblər. AzadlıqRadiosu bu xəbəri müstəqil qaydada təsdiqlədə bilməyib.

İstər qanunda, istərsə dində yasaqlanan falçılar Tacikistan cəmiyyətində gələcəyi bilmək arzusunda olan müştərilər sarıdan qıtlıq çəkmirlər.

AzadlıqRadiosuna danışan bir neçə nəfər deyib ki, müştərilər çox zaman ərlərinin onları tərk etməməsi, bizneslərinin çiçəklənməsi, yaxınlarına məhkəmədə həbs cəzası kəsilməməsi üçün onların yanına cadu etdirməyə gəlirlər.

Düşənbə şəhərində falçı evi
Düşənbə şəhərində falçı evi

Gizli ziyarətlər

Falçı və mollaların xidmətlərinin qiyməti populyarlıq dərəcəsi və məkana görə 2 dollardan bir neçə yüz dollaradək dəyişir.

Ölkənin cənubundakı Boxtar şəhərində polisin qısa müddətə saxlayıb xəbərdarlıq etdiyi falçılar arasında bir məşhur falçının da adı çəkilir. Ancaq həmin adamın müştərilərindən birinin dediyinə görə, daimi müştəriləri hələ də onu gizli ziyarət edirlər.

"O, müştəri qəbul etməyi dayandırıb. Ancaq mən və bir neçə başqa adam hələ də istədiyimiz vaxt özümüzü dost və ya qohum kimi qələmə verərək onun yanına gedirik", - anonimlik şərtiylə danışan qadın belə deyib.

Bir başqa qadın evliliyinin böhranlı zamanlarında falçıya getməyin "sakitləşməyə və hisslərini idarə etməyə kömək edən yeganə şey" olduğunu deyib.

Tacikistan Orta Asiyada falçılığı yasaqlayan tək ölkə olsa da, qonşu dövlətlərdən də bu yöndə tədbir gördüyünü deyənlər var.

Türkmənistan və Qırğızıstan 2016 və 2024-cü illərdə cadu xidmətləriylə bağlı reklam və elanları qadağan edib.

Türkmənistan güvənlik xidmətləri də falçıların evlərinə qəfil reydlər keçirir, onlardan iş icazəsi almalarını və gəlirlərinə görə vergi ödəmələrini tələb edir.

Öncəliklərin yerini səhv salan hökumət

Tacikistanın sadə vətəndaşları hökuməti öncəliklərin yerini səhv saldığı üçün tənqid edirlər. Onlar hökumətin işsizlik, inflyasiya və ölkədəki kəskin elektrik enerjisi qıtlığı kimi mühüm məsələlərlə məşğul olmasını istəyirlər.

"Bizə gündə cəmi bir neçə saat elektrik verilir. Özümüz də ailələrimizi yedirə bilmək üçün Rusiyada işləməli oluruq. Ancaq hökumətimiz falçıları qovalamaqla məşğuldur. Ondansa əsas diqqətini insanların həyatının yaxşılaşdırmağa yönəltsin", - Tacikistanın şimalında yerləşən Xücənd şəhərinin bir sakini kimliyini açıqlamamaq şərtiylə AzadlıqRadiosuna deyib.

XS
SM
MD
LG