Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 19:42

Tatarıstanda yanğın çörəkpulu üçün gələnlərin acı durumlarını üzə çıxardı


Yanğın
Yanğın

Tatarıstanda əmək miqrantlarının qaldığı daxmada baş verən yanğın altı nəfərin həyatına son qoyub. Bu olay Rusiyaya çörəkpulu üçün gələn miqrantların çox ağır durumda olduğuna bir işarədir.

Baş vermiş yanğınla bağlı cinayət işi açılıb. Ferma ərazisindəki taxta daxmada 30-dan çox özbəkistanlı əmək miqrantı qalırmış.

Durumları pis olsa da, Özbəkistan kimi Mərkəzi Asiya ölkəsindən gələn miqrantlar uzun illər bütün Rusiyanı çox gərəkli işçi qüvvəsiylə təmin ediblər.

Bu ilin oktyabrında Rusiyada 2025-ci ildə əcnəbilər üçün yaşayış icazəsi üzrə kvotanın, az qala, yarıyadək endirilməsi təsdiqlənib. Buraya gələn əmək miqrantlarının sayı son 10 ilin ən aşağı səviyyəsinə enib. Belə bir durumda əcnəbilərə yaşayış kvotasının azaldılması işçi qüvvəsi çatışmazlığını daha da kəskinləşdirib.

Əhalinin 80 faizi Rusiyada miqrant görmək istəmir

Miqrantlara qarşı mənfi ictimai rəy də artıb. Keçirilən sorğuya qatılan rusiyalıların, az qala, 80 faizi özəlliklə Mərkəzi Asiya və Qafqazdan gələn çox sayda miqrantdan rahatsızdır.

Sözügedən yerlərdən gələn yüz minlərlə əmək miqrantı Rusiyada qanunla işçi vizası əsasında məhdud vaxt ərzində qalıb işləyə bilər. Yaşayış icazəsi isə Rusiyada uzun illər qalmağa imkan verir.

Ancaq bu ilin martında Moskva yaxınlığındakı "Crocus City Hall" əyləncə mərkəzində 140 nəfərin ölümünə səbəb olan terror aktından sonra bir çox rusiyalı Mərkəzi Asiyadan miqrant gəlməsini istəmir.

Terror aktında əli olmaqda şübhəli bilinən bir neçə tacikistanlı həbs edilib.

Mərkəzi Asiyadan olan miqrantlara qarşı şübhələr dekabrın 17-də Moskvada yüksəkrütbəli generalın qətliylə bağlı bir özbəkistanlının həbsindən sonra daha da artıb.

"Miqrantları alçaldan sözlər çoxalıb"

29 yaşlı gəncin həbsi Rusiyadakı Mərkəzi Asiya əsilli miqrantları qorxuya salıb. General-leytenant İqor Kirillov Ukrayna savaşı başlanandan bəri öldürülən ən yüksəkrütbəli rusiyalı zabit sayılır.

Tatarıstan hakimiyyəti yanğını miqrantlara qarşı addımlara bağlamır. İstintaq getsə də, respublikanın başçısı Rüstəm Minixanov Tatarıstan fermalarında çalışan işçilərin yaşayış yerlərinin yoxlanılmasına göstəriş verib. O, yanğından zərər çəkənlərə yardım göstəriləcəyini də bildirib.

Britaniyadakı "Central Asia Due Diligence" tədqiqat təşkilatının direktoru, özbəkistanlı təhlilçi Əlişer İlhamovun fikrincə, son zamanlar Rusiya siyasətçiləri arasında miqrantlara qarşı aşağılayıcı ritorika çox populyardır və "indi bu ritorika daha da güclənəcək".

XS
SM
MD
LG