Keçid linkləri

2025, 04 Yanvar, şənbə, Bakı vaxtı 12:39

Tacik miqrantlar ucqar Rusiya fermasında 'kölə kimi' saxlanılırlar


Tacik mühacirlər Maqadanda köləliyə düşdüklərini deyirlər.
Tacik mühacirlər Maqadanda köləliyə düşdüklərini deyirlər.

Bir qrup Tacikistan vətəndaşı Rusiyanın Uzaq Şərq səmtindəki Maqadan bölgəsində ucqar bir heyvandarlıq fermasında "qul kimi" işləməyə məcbur olunduğunu iddia edir. Dediklərinə görə, qaçıb getmələrinə yol verməmək üçün onları öz fermasında çalışdıran şəxs pasportlarını əllərindən alıb.

Miqrantlardan ikisi AzadlıqRadiosu ilə əlaqə saxlasa da, yaşadıqları məkanın dəqiq adını bilmədiyini deyib. Onlar həmin məkanı "şəhərdən uzaqda, meşənin içindəki bir ferma" kimi təsvir ediblər.

Bu durum Rusiyada çalışan ortaasiyalı miqrantların nə gündə yaşamalarına işıq salır. Jurnalist Gülbahor Murodi və AzadlıqRadiosunun orta asiyalı miqrantlar üzrə qrupunun hazırladığı məqalədə deyilir ki, onların çoxu qeyri-rəsmi razılaşmalarla işləyir, istismar və təhqir edilir.

"İş sahibi bizi söyür"

"Bizi burada gecə vaxtı işləməyə məcbur edirlər. Axşam saat 7-də, qaranlıq düşəndə fermaya gəlirik, səhərədək burada işləyirik. Üç aydır burada çalışırıq, ancaq pulumuzu ödəmirlər, pul istəyəndə də iş sahibi bizi söyür", - onlardan biri kimliyini açıqlamamaq şərtiylə belə deyib.

Bu iki şəxs iş yerləri olduğunu dedikləri məkanın videosunu çəkib göndərib. Bura qarla örtülü bir ərazidə yerləşən köhnə tövlədir. Onların AzadlıqRadiosu ilə paylaşdığı başqa bir videoda isə mətbəx və yemək otağı kimi istifadə edilən və bərbad durumda olan bir yer görünür. Burada bir neçə skamya və plastik süfrə ilə örtülmüş masa var.

Miqrantlardan biri dekabrın 12-də AzadlıqRadiosuna zəng vuraraq deyib ki, Tacikistanın cənubunda yerləşən Xamadonu rayonundan olan 10 kişi bir həmkəndlilərinin onlara yaxşı maaşlı iş vəd etməsindən sonra Maqadana gəlib.

"O bizi bura gətirərək iş sahibinə təqdim etdi. Dedi ki, bizə pulsuz yemək və qalmağa pulsuz yer veriləcək. Birinci ay hərəmizə 20 min rubl (190 dollara yaxın), ikinci aydan etibarən də 30 min rubl (290 dollara yaxın) maaş ödənəcəyini də söylədi. Ancaq hələ ki, bu üç ay ərzində bizə hərəmizə 20 min rubl olmaqla yalnız bir dəfə pul ödənib", - həmin miqrantın sözləridir.

Miqrantlar deyirlər ki, fermanın sahibi gəldikləri gün onların adından iş və yaşayış icazəsinə müraciət edəcəyini deyərək pasportlarını əllərindən alıb. Onların sözlərinə görə, o, hələ də onların sənədlərini geri qaytarmayıb.

Bu fermaya gəlməzdən öncə onlardan yalnız ikisinin qanuni iş icazəsi olduğunu, bu 90 günlük oturum icazəsinin də bitmək üzrə olduğunu deyiblər.

Dəqiq sayı müəyyənləşdirmək çətindir, ancaq Rusiyada, azı, 1 milyon tacik miqrant yaşayır. Onların çoxu zavod, tikinti və kənd təsərrüfatı kimi fiziki əmək tələb edən sahələrdə çalışır.

AzadlıqRadiosu miqrantların ad və telefon nömrəsini ötürdüyü ferma sahibi ilə əlaqə saxlasa da, heç bir cavab ala bilməyib. Maqadan vilayətinin dövlət qurumları AzadlıqRadiosunun telefon zənglərinə cavab verməyib.

Miqrantların işəgötürənlə hər hansı iş müqaviləsi imzalayıb-imzalamadığı bilinmir. Özəlliklə Rusiyaya ilk dəfə gələn tacik miqrantlar arasında artıq ölkədə yaşayan və çalışan tanışları və qohumları vasitəsilə iş tapmaq nadir hal deyil.

20 dərəcədə şaxtada ac saxlayırlar?

Rusiyada bəzi ortaasiyalı miqrantlar - özəlliklə fərdi şəxslər üçün işləyənlər çox vaxt qanuni müqavilə imzalamaq əvəzinə işəgötürənlə sözlü razılaşma əldə edir, bu da onları istismar və təhqirə çox açıq və həssas durumda qoyur.

Bəzi miqrantlar vergi və sənədləşdirmədən yayınmaq üçün qeyri-rəsmi razılaşmaya üstünlük verir, bəziləri də rus dilini, ölkənin qanunlarını və öz haqlarını anlamadıqlarından müqaviləsiz qalır.

AzadlıqRadiosuna danışan iki kişi son üç gündə yemək yemədiklərini, "bu balaca", soyuq yerdə ilişib qaldıqlarını deyiblər. Həmin ərazidə ilin bu çağında temperatur 20 dərəcə şaxta civarında olur.

"Bizi burada qul kimi işlədirlər. Tacikistan dövlət qurumlarının bizi azad etməyə yardım göstərməsini istəyirik. Son üç gündə yemək də yeməmişik. Çay və şəkərlə həyatda qalırıq", - miqrantlardan biri belə deyib.

Onlar yemək almağa pulları olmadığını və fermanı tərk etmək üçün pasportlarını ferma sahibindən geri ala bilmədiklərini də söyləyiblər.

"Əlimizdən gələn tək şey…"

AzadlıqRadiosu Rusiyada tanınmış miqrant haqları müdafiəçisi olan Valentina Çupiklə əlaqə saxlayıb. O deyib ki, miqrantlara tək təcili və gerçək kömək şansı Tacikistan dövlət qurumlarının əlindədir.

"Məcburi əmək və quldarlıq hallarını araşdırmaq Rusiya İstintaq Komitəsinin vəzifəsidir. Ancaq reallıqda kimsə onlara basqı göstərməsə, həmin komitə, çətin ki, belə hallarla məşğul olsun. Biz bənzər hallarla üzləşərkən bunu sınaqdan keçirmişik", - Çupikin AzadlıqRadiosuna dediyi sözlərdir.

"Əlimizdən gələn tək şey Tacikistanın Moskvadakı səfirliyi ilə əlaqə saxlamaq, …səfirlikdən İstintaq Komitəsini öz işini görməyə məcbur etmək üçün Maqadana nümayəndələrini göndərməsini xahiş etməkdir", - Çupik belə deyir.

Maqadanda çətin durumda qalan miqrantlar onları bu fermaya gətirən tanışlarının Rusiyaya daha çox işçi gətirmək üçün Tacikistana qayıtdığını bildiriblər.

XS
SM
MD
LG