Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 21:10

Prokuror ictimai fəala 8 il həbs cəzası tələb edir


Rail Abbasov
Rail Abbasov

Həbsdə olan ictimai fəal Rail Abbasova prokuror 8 il həbs cəzası istəyib. Dekabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı iddia edib ki, R.Abbasova verilmiş dələduzluq ittihamı məhkəmədə təsdiqini tapıb.

İctimai fəalın özü və vəkili bununla razılaşmırlar. Prokurorun çıxışından öncə də vəkil bir sıra məsələlərin müəyyənləşməsindən ötrü vəsatətlər qaldırıb. Məlum olub ki, R.Abbasova ev almaqdan ötrü pul verdiyini iddia edən və zərərçəkmiş kimi tanınan Əsgər Həziyev əvvəllər narkotikə görə həbsdə olub. Pulun R.Abbasova verilməsinə şahidlik etdiyini deyənlərlə bağlı da faktlar ortaya qoyulub. Müdafiəçinin sözlərinə görə, onlardan biri başqa bir cinayət işi üzrə də şahid qismində məhkəmədə ifadə verib. Digəri isə 10-a yaxın işdə şahidlik edib.

Vəkil vurğulayıb ki, şahidlərin kimliyi də R.Abbasov haqqında cinayət işinin qurama olduğunu sübut edir.

Müdafiəçi zərərçəkmiş Ə.Həziyev və ailə üzvlərinin ölkəyə giriş-çıxış tarixləriylə bağlı məlumatların məhkəməyə təqdim olunmasını istəyib. Ancaq məhkəmə bu vəsatəti təmin etməyib: "Bu vəsatətin məqsədi budur ki, Əsgər Həziyev ev üçün verdiyini iddia etdiyi pulu uşaqlarının Rusiyada qazandığını deyir. Araşdıraq görək, həqiqətən belədir, ya yox".

Hakimlər bu məsələni araşdırmağa ehtiyac duymayıb

Bütövlükdə müdafiə tərəfinin qaldırdığı bir neçə vəsatət təmin olunmayıb. Vəkil də, R.Abbasovun özü də etirazını bildirib, ancaq məhkəmə istintaqı yekunlaşıb. Sonra prokuror çıxış edərək R.Abbasova 8 il həbs cəzası istəyib.

Dekabrın 26-da vəkil müdafiə çıxışı edəcək, ardınca R.Abbasov son sözünü deyəcək və hökm oxunacaq.

R.Abbasov özünü təqsirli bilmir və həbsdə olan başqa bir ictimai fəalla - Bəxtiyar Hacıyevlə dostluğuna görə cəzalandırıldığını deyir.

"Mən Bəxtiyar Hacıyevə görə girovam. Bəxtiyarla dostluğumuza, onu müdafiə etdiyimə görə bu gün buradayam. Həbsimdən öncə bununla bağlı mənə bir neçə dəfə xəbərdarlıq olunmuşdu. Deyilmişdi ki, əgər Bəxtiyarın müdafiəsindən geri çəkilməsən, sənin özünü həbs edəcəklər. Günün birində də dediklərini etdilər", - R.Abbasov məhkəmədə ifadə verərkən belə deyib.

Xatırlatma

R.Abbasov ötən il sentyabrın 19-da Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə suçlanaraq həbs edilib. Cinayət işinin materiallarında iddia edilir ki, daşınmaz əmlak alqı-satqısıyla məşğul olan R.Abbasov ev almaq istəyən Ə.Həziyevi aldadıb. İttihama görə, Ə.Həziyev R.Abbasova 217 min manat versə də, nə ev ala bilib, nə də pulunu geri götürüb.

R.Abbasov isə deyir ki, yalandır, ona pul verilməyib: "Notarial qaydada alqı-satqı prosesi oldu, evin pulu da bank vasitəsilə satıcıya köçürüldü. Bundan sonra məni restorana dəvət etdi ki, "gəl bir çörək kəsək". Restoranda mənə klyok verdi, dedi ki, "evə görə şirinlikdir, şokolad gətirmişəm". Mən də açıb içinə baxdım, gördüm ki, həqiqətən, şokoladlardır. Amma polisə şikayət edib ki, guya mənə verdiyi klyokda 217 min pul olub. Niyə birinci dəfə bankla köçürdü, ikinci dəfə mülk sahibini, bankı qoyub maklerə verirdi o pulu?".

B.Hacıyev isə 2022-ci il dekabrın 9-dan həbsdədir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində onun da mühakiməsi davam edir.

XS
SM
MD
LG