Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 19:46

Qırğızıstanda zorlama qurbanları həyatdan küsür və tənhalığa qapılırlar


Nümayişçilər Bişkekdə 8 Mart - Beynəlxalq Qadınlar Günündə qadınlara və qızlara qarşı zorakılığa son qoymağa çağırıblar.
Nümayişçilər Bişkekdə 8 Mart - Beynəlxalq Qadınlar Günündə qadınlara və qızlara qarşı zorakılığa son qoymağa çağırıblar.

Həm serebral iflicin ağır növü və həm də epilepsiya ilə dünyaya gələn Meerim Aliaskarovanın həyatı həmişə çətin keçib ("serebral iflic" deyərkən, müxtəlif səbəblərdən beynin zədələnməsi və ya inkişaf pozğunluğu üzündən ortaya çıxan hərəkət sisteminin xəstəliyi nəzərdə tutulur-red.). Ancaq 2 il yarım öncə ölkənin şimal-şərqindəki Kurmenti kəndində zorlanandan sonra onun həyatı daha da çətinləşib.

AzadlıqRadiosunun müxbiri Farangiz Nacibulla yazır ki, təcavüz nəticəsində Meerim ölü doğulmuş uşaq dünyaya gətirib. Onun ailəsinin fikrincə, qeysəriyyə əməliyyatından sonra yeniyetmə qızlarında tez-tez tutmalar, yüksək qan təzyiqi və narahatlıq var.

"Bu hadisəyədək altı ay boyunca Meerimin heç bir epileptik tutması olmayıb, amma indi ayda iki-dörd dəfə elə tutmalar olur", - bacısı Jıpar belə deyib.

"İnsanlarla ünsiyyətdə olmağı xoşlamır"

"Tutmalar daha şiddətli olub. O, hər tutmadan sonra yemək yemir və 10-15 gün yataq xəstəsi olur. Əvvəllər bir həftə ərzində durumu yaxşılaşırdı", - bacısı AzadlıqRadiosuna danışıb və sözünü bu cür tamamlayıb: "O, qapalı olub, insanlarla ünsiyyətdə olmağı xoşlamır".

Cinayəti törədən 66 yaşlı həmkəndlisi Duyşenalı Adıkov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Oktyabrın 30-da o, sonuncu məhkəmə apellyasiyasını uduzub. Qohumları onun günahsız olduğunu iddia edirlər.

Aliaskarovanın başına gələnlər bu Mərkəzi Asiya ölkəsində geniş yayılan bir neçə oxşar hadisədən biridir. Bu hadisələr hakimiyyət orqanlarını azyaşlı uşaqlara cinsi zorakılığı və digər cinayətləri daha sərt cəzalandırmağa məcbur qoyub. Hökumət əlilliyi olanlara cinsi zorakılıqda təqsirləndirilən şəxslərin də cəzasını ağırlaşdırmağı planlaşdırır.

Ötən il yetkinlik yaşına çatmayanlara qarşı 406 ağır və özəlliklə ağır cinayət faktı qeydə alınıb.
Ötən il yetkinlik yaşına çatmayanlara qarşı 406 ağır və özəlliklə ağır cinayət faktı qeydə alınıb.

Uşaqlara qarşı cinsi zorakılıq ömürlük həbslə cəzalandırılır.

Əvvəllər cinayət zamanı yaşı 60-ı haqlayanlara və ya daha yaşlılara yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılığa görə maksimal cəza verilmirdi. Qırğızıstan hakimiyyəti həmin qərarı bu ilin mayında ləğv edib.

Daha öncə burada pedofiliya ilə bağlı məhdudiyyətlərə dair qanun ləğv olunmuşdu. İndən belə məhkum edilmiş pedofillərin amnistiyası və ya əvf fərmanı ilə azadlığa buraxılması yasaqlanıb.

Rəsmi statistikaya görə, Qırğızıstanda azyaşlı uşaqlara, o cümlədən əlil uşaqlara cinsi zorakılıq və digər cinayətlər geniş yayılıb.

Ötən il Baş Prokurorluqda yetkinlik yaşına çatmayanlara qarşı 406 ağır və özəlliklə ağır cinayət, o cümlədən, azı, 160 zorlama faktı qeydə alınıb.

İyun ayında Cəlalabad vilayətinin polisi çoxmərtəbəli yaşayış binasının həyətində 4 yaşlı qıza təcavüz etməkdə şübhəli bilinən 35 yaşlı kişini saxlayıb.

Avqust ayında cənubdakı Oş vilayətində azyaşlıya cinsi zorakılıqda şübhəli bilinən bir nəfər saxlanılıb. Polisin bilgisinə görə, 14 yaşlı qurban təcavüz nəticəsində baş verən hamiləlikdən sonra bu yaşda ana olub.

Bir ay sonra Aliaskarovanın doğma Tüp rayonunda polis daha bir əlil qızın zorlanması xəbərini verib. Hazırda cinayət işi üzrə araşdırma aparılır.

"Özəl hazırlıqlı sosial işçilər yoxdur"

Uşaq Hüquqları Qoruyucuları Liqasının rəhbəri Nazgül Turdubekova deyir ki, Qırğızıstanda əlilliyi olan uşaqlara hücum edənlər çox vaxt düşünürlər ki, "əlilliyi olan uşaqlar zəifdir, özlərini müdafiə edə bilmir və çox güman, ünsiyyət imkanlarının məhdudluğu onlara inanmağı mümkünsüz edir".

Turdubekova əlilliyi olan azyaşlıların evlərinə daim baş çəkəcək, onların həyat şəraitini qiymətləndirəcək və əlilliyi olan uşaqların qayğısına qalmalarında valideynlərə sayıqlığın önəmini anladacaq özəl sosial işçilərin olmamasını da vurğulayıb.

Bir çox qırğızın fikrincə, azyaşlı uşaqlara qarşı cinsi zorakılıq hallarının gerçək sayı rəsmi rəqəmlərdən xeyli çoxdur. Axı uşaqların çoxu şikayət etməkdən çox qorxur və ya, sadəcə, zorakılığa məruz qaldığını heç anlamır.

"Bu faciə olmasa idi…"

Bir çox halda ailələr mühafizəkar ölkədə ömürlük "rüsvayçılıq"dan qorxaraq, cinayət haqqında bilgi verməməyi üstün sayır.

Lakin Aliaskarovanın ailəsi baş verənləri açıb-ağartmaq və ədalət axtarmaq qərarına gəlib. Cinayətkar həbsxanada olsa da, ailə qorxur ki, Aliaskarova heç vaxt həyatını yenidən qura bilməyəcək.

Gözdənəlil atası Aliaskar Jiqitekov da müdafiəsiz qızını qorumadığına görə özünü günahlandırır: "Bu faciə olmasa idi, bəlkə də, qızım kiminləsə tanış olub ailə qurardı… Bu təcavüz, sadəcə, qızımın həyatını alt-üst etdi".

XS
SM
MD
LG