Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 20:11

Qazaxıstan qanunvericiliyinə 'konstitusiyaya zidd' təkliflər təlaş doğurub


Apreldə daşqınlara məruz qalan Uralsk şəhərinin sakinləri hakimiyyətdən həyatlarını bərpa etmək üçün kömək istəmişdilər.
Apreldə daşqınlara məruz qalan Uralsk şəhərinin sakinləri hakimiyyətdən həyatlarını bərpa etmək üçün kömək istəmişdilər.

Qazaxıstanda jurnalist və fəallar hökumətin qəbul etməyə hazırlaşdığı düzəlişlərin qeyri-konstitusion olduğunu və onların işinə mənfi təsir göstərəcəyini deyirlər.

Bu düzəlişlər parlamentə göndərilib qəbul edilərsə, insanların ianəvermə və ianəgötürmə qaydalarını düzənləyəcək. AzadlıqRadiosunun Almatıda çalışan əməkdaşları Kris Riklton və Manşuk Asautayın hazırladığı materialda deyilir ki, həmin düzəlişlər, necə tərtiblənib yozulsa da, təkcə xeyriyyə sahəsinə təsir göstərməyəcək.

Mədəniyyət və İnformasiya Nazirliyi işçi qrupunun, hələlik, qapalı qapılar arxasında keçirdiyi müzakirələr fandreyzinqi (xeyriyyə fondlarını və ianə toplayan müxtəlif yardım qurumlarını -red.) gözdən salmağa yönəlmiş səsküylü qalmaqalla müşayiət olunur.

Yerli media işadamı və xeyriyyə qurumunun təsisçisi Perizat Kayratın hekayətini dilə gətirməkdən usanmır.

Perizat Kayratın Instagram səhifəsi
Perizat Kayratın Instagram səhifəsi

"Qətiyyən təsadüf sayıla bilməz"

Kayratın sosial media hesablarında onun dəbdəbəli yaşam tərzi, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) lüks səfərləri, bahalı geyim zövqü və bir ərköyün it əksini tapıb.

Noyabrın 14-də Maliyyə Monitorinqi Agentliyi Qazaxıstan vətəndaşlarının "Biz Birgemiz" (Biz birlikdəyik) xeyriyyə təşkilatına ianə etdiyi 3 milyon dollar hesabına belə bahalı yaşam tərzinin mümkün olduğunu iddia edib. Kayratın rəhbərlik etdiyi həmin təşkilat bu ilin yazında Qazaxıstanda baş vermiş dəhşətli selin qurbanlarına yardım məqsədilə ianə toplayıb.

Agentlik 33 yaşlı Kayratın guya bu pullarla aldığı superbahalı avtomobillər, daşınmaz əmlak və gəzintilərin siyahısını diqqətə yetirib. Qurum bunun ardınca fələstinlilər üçün ianə kampaniyasında mənimsəməyə yol verildiyinə dair başqa bir açıqlama yayıb.

Kayratın suçlu olub-olmamasına məhkəmə qərar verəcək. Ancaq Qazaxıstan məhkəmələri tək-tək halda müstəntiqlərin mövqeyindən fərqli qərar çıxarır.

Vadim Boreyko
Vadim Boreyko

Kayratın həbsinin işçi qrupun fəaliyyəti haqda xəbərlərlə eyni vaxta düşməsi işi ianələrdən asılı olan jurnalist və fəalların həyəcan təbili çalmasına səbəb olub. Veteran jurnalist, populyar "Hiperborey" YouTube kanalının aparıcısı Vadim Boreyko deyir ki, bu, "qətiyyən təsadüf sayıla bilməz".

"Bu düzəlişlər hələ qəbul edilməsə də, artıq, əsasən, ianələr sayəsində fəaliyyət göstərən kiçik müstəqil medianı təhdid edir", - Boreykonun sözləridir. O bildirib ki, Kayratın həbsi açıqlanandan sonra "Hiperborey" kanalına ianələrdə qəfil düşüş baş verib.

Xeyriyyəçiliyin stimullaşdırılması və inkişafı?

Mədəniyyət və İnformasiya Nazirliyi bildirib ki, Qazaxıstanda "xeyriyyəçiliyin stimullaşdırılması və inkişafı" üçün yeni təklif və strategiyaların hazırlanması məqsədilə işçi qrup yaradılıb.

Nazirlik çox sayda media qurumunu əmin etməyə çalışıb ki, fərd və qanuni qurumların xeyriyyə ianələrinin məhdudlaşdırılması məsələsi gözdən keçirilmir.

Ancaq AzadlıqRadiosu qazax xidmətinin əldə etdiyi düzəliş layihəsi bu iddia ilə bağlı şübhələr doğurur.

Kulsarı apreldə baş verən daşqın nəticəsində böyük ziyan dəymiş Qazaxıstan şəhərlərindən biri idi.
Kulsarı apreldə baş verən daşqın nəticəsində böyük ziyan dəymiş Qazaxıstan şəhərlərindən biri idi.

Qazaxıstanın xeyriyyəçilik haqda qanunu 2015-ci ildə qəbul edilib və ozamandan bəri bir neçə dəfə dəyişdirilib. Ən son dəyişiklik təklifləri və bununla bağlı qanunlar Parisdə yerləşən hökumətlərarası təşkilatın - Pulyumaya Qarşı Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (Financial Action Task Force) təcrübəsi ilə Qazaxıstan qanunvericiliyinin uyğunlaşdırılması kimi qələmə verilir.

İşçi qrupun indi gözdən keçirdiyi bir təklifdə ianəyə çağırarkən, şəxsi bank hesablarını göstərən kraudfanderlərin yüksək məbləğdə (800 dollaradək) cərimələnməsi nəzərdə tutulub ("Kraudfandinq" ingiliscə kütlə (crowd) və maliyyələşdirmə (funding) sözlərindən yaranaraq, insanların könüllü şəkildə öz vəsaitlərini hər hansı layihənin gerçəkləşdirilməsinə dəstək üçün bir yerə toplamasını nəzərdə tutur).

Dövlət qurumlarından xəbərsiz fandreyzinq kampaniyaları başladan və bitirənlər də cərimələnə bilərlər.

Sənədin müəlliflərinə görə, bu tədbirlər saxta tranzaksiya sayını azaltmaq üçün gərəkdir.

Xeyriyyə qurumunu kim seçsin?

Mobil ianələr ictimaiyyətdən dəstək alan fəalların, jurnalist və adi vətəndaşların yararlandığı başlıca üsuldur.

Qeydiyyatdan keçmiş və öz bank hesabı olan "Biz Birgemiz" kimi xeyriyyə təşkilatlarına bu üsulun elə də aidiyyəti yoxdur. Ancaq işçi qrupun indi müzakirəyə çıxardığı bir sıra başqa təklif belə qurumlara da aiddir. Tutalım, mülki müdafiə haqda düzəliş təklifində hər hansı bölgədə təbii, yaxud antropogen fəlakət zamanı kimlərin maddi vəsait toplaya bilib-bilməməsindən söhbət gedir.

Sənəddə deyilir ki, sözügedən qanun qəbul edilərsə, "vəsait toplamaq üçün xeyriyyə təşkilatını seçmək yetkisi yerli icra qurumuna verilməlidir".

Aida Balayeva
Aida Balayeva

Sektordakı belə köklü dəyişikliklərə Mədəniyyət və İnformasiya Nazirliyi və güclü nazir Aida Balayeva rəhbərlik etməsəydi, bəlkə də, bu addım elə də çox qan qaraltmazdı.

Avqustda prezident Kasım-Jomart Tokayev həmin nazirliyin hazırladığı KİV qanununu təsdiqləyib.

Medianın akkreditasiyasına yeni məhdudiyyətlər gətirən bu qanun jurnalistlərin yalnız bir media qurumunda çalışmasını nəzərdə tutur və dövlət qurumlarının akkreditasiyaları ləğvini daha da asanlaşdırır.

Hökuməti tənqid edənlərlə bağlantılı hər hansı fandreyzinqə Qazaxıstan rəsmilərinin mənfi münasibəti artıq alışılmış haldır. NeMolchi.KZ (Susma) qadın və uşaq haqlarını müdafiə qrupuyla bağlı dillərdə gəzən durum buna misal ola bilər.

Dina Smailova
Dina Smailova

Ötən il polis qrupun lideri Dina Smailova barəsində mənimsəmə iddiası ilə həbs qərarı verildiyini bildirmişdi.

Smailovanın özü keçmişdə onun qurumuna ianə edən yüzlərlə insanın çağrılıb sorğu-suala tutulduğunu, müstəntiqlərin ona qarşı cinayət işi açmağa çalışdıqlarını söyləmişdi.

NeMolchi.KZ ailədaxili və cinsi zorakılıq qurbanı olan qadınları qorumasıyla tanınır. Qrupun son bir neçə işi dövlət rəsmisi, yaxud hüquq-mühafizə orqanlarının əməkdaşı olan şəxslərlə bağlıdır.

"Şübhə doğurur"

"Human Rights Watch" təşkilatı fevralda bu quruma qarşı ittihamların şübhə doğurduğunu bildirmişdi.

Smailova dövlət qurumlarının xeyriyyəçilik fəaliyyətinin tənzimlənməsinə dair qaydaları sərtləşdirməsini qeyri-konstitusion sayır. Onun fikrincə, bu, vətəndaşların öz vəsaitlərindən istədiyi kimi istifadəsini məhdudlaşdırmaqdır.

Kayrat və "Biz Birgemiz" ətrafındakı qalmaqal yerli xeyriyyə sektorunu gözdən salmağı hədəfləsə də, hökumətin özünə də təsirsiz ötüşməyib. Ratel.kz xəbər agentliyinin jurnalistləri hazırda, yaxud keçmişdə hakim "Amanat" (keçmiş "Nur Otan") partiyası ilə bağlantılı, azı, dörd şəxsin adının xeyriyyə qurumunun təsis sənədlərində həmtəsisçi kimi göstərildiyini üzə çıxarıb.

Bugünədək Kayratla birlikdə bu həmtəsisçilərdən hər hansı biri barədə araşdırma aparıldığına dair heç bir açıqlama verilməyib.

XS
SM
MD
LG