Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 13:34

Prezidentə istintaq altında olanları da əfv etmək səlahiyyəti veriləcəkmi?


AZERBAIJAN -- Azerbaijani President Ilham Aliyev (R) and Russian President Vladimir Putin sign documents during a video conference call in Baku, November 9, 2020
AZERBAIJAN -- Azerbaijani President Ilham Aliyev (R) and Russian President Vladimir Putin sign documents during a video conference call in Baku, November 9, 2020

Bugünlərdə deputat Qüdrət Həsənquliyev parlamentdə prezidentə yalnız məhkumları deyil, istintaq altında olan şəxsləri də əfv etmək səlahiyyətinin verilməsi ilə bağlı təşəbbüs qaldırıb.

Azərbaycanda son bir ildə, əsasən, qaçaqmalçılıq ittihamı ilə 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi, jurnalist həbs olunub. Onlar həbslərini siyasi sayırlar. Amma bir çoxu, hələlik, istintaq altındadır, bəzilərinin də məhkəmələri başa çatmayıb. Bir çox yerli hüquq müdafiəçilər hesab edir ki, ölkədə ümumilikdə 330 civarında siyasi məhbus var. Halbuki hökumət nümayəndələri Azərbaycanda siyasi məhbusların olmadığını, onların məhz törətdikləri əmələ görə həbs olunduqlarını bəyan edirlər. Bəzi ekspertlərin fikrincə, qanun dəyişikliyi istintaq altında olan jurnalist və fəal şəxslərin də azadlığa buraxılması üçün imkan yarada bilər.

"Azərbaycan sanksiyaların, təzyiqlərin hədəfində olmasın"

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Turan"a bildirib ki, Q.Həsənquliyev peşəkar siyasətçi kimi cəmiyyətdə barış və həmrəylik mühitinin formalaşdırılması yönündə müxtəlif təşəbbüslərlə çıxış edir: "Sözügedən məsələ 7 fevral prezident seçkilərindən öncə də namizəd kimi onun tərəfindən gündəliyə gətirilmişdi".

Deputatın sözlərinə görə, parlamentdə səslənən fikirlərin mahiyyəti ondan ibarət idi ki, bir sıra Qərb dairələri Azərbaycana qarşı təzyiqləri gücləndirirlər: "Məqsədləri Vətən (İkinci Qarabağ) müharibəsində qələbə qazanan Azərbaycanın regional yeni geosiyasi aktiv quruculuğunun qarşını kəsməkdir. Ermənistan vasitəsilə proseslərə müdaxilə etməkdir, ölkəmizin içərisindəki müxtəlif qüvvələrdən süni güc yaradaraq hakimiyyətə alternativ kimi göstərməkdir. O üzdən nəinki məhkum olunmuş şəxslər, o cümlədən istintaq altında olan insanlarla da bağlı belə bir mövqe Qüdrət Həsənquliyev tərəfindən dilə gətirildi".

Zahid Oruc
Zahid Oruc

Z.Oruc burada iki məqamı vurğulamağı lazım bilir: "Birincisi, indiyə qədərki dövrdə 70-ə yaxın əfv və 12 amnistiya aktı ilə çıxış edilməsi dövlətimizin humanist xarakterini göstərib. Yəni, 9 minə yaxın insan təkcə əfv qaydasında azadlığa qovuşub".

Deputata görə, ikinci bir tərəfdən, həm beynəlxalq təşkilatların, həm də daxili qüvvələrin siyasi məhbus kimi tərtib etdiyi siyahılar ətrafındakı məsələlər heç vaxt tərəflərə konsensusa gəlməyə imkan verməyib: "Yəni, media platformasında dayanan, amma qanunvericiliklə qaçaqmalçılıq və digər maddələr üzrə məsuliyyətə cəlb olunan şəxslər ətrafında məsələ siyasiləşir, xarici qüvvələrlə dövlət arasında ciddi bir konfrontasiya mövzusuna çevrilib. Bu şəraitdə bir sıra partiyalar, siyasi institutlar alternativ mövqe ilə çıxış edirlər ki, bəlkə, burada alternativ davranışlar seçmək olar. Başlıca məqsədi isə dövlətin mənafelərini qorumaqdır ki, Azərbaycan bu və ya digər sanksiyaların, təzyiqlərin hədəfində olmasın".

Amma Z.Oruc bildirib ki, parlamentin İnsan hüquqları komitəsinə belə bir qanun layihəsinin hazırlanması ilə bağlı qanunvericilik təşəbbüsü qaydasında təklif daxil olmayıb: "Biz nəzərə almalıyıq ki, hər il bilavasitə ölkə rəhbərinin iradəsi ilə əfv qərarı verilir. Bu il artıq vaxt qalmadığını nəzərə alaraq ehtimal edirəm ki, bunlar 2025-ci ilin mart və yaxud da may aylarında gözlənilə bilər. Amma bu, yenə də ölkə başçısının kompetensiyasındadır".

Asif Yusifli
Asif Yusifli

"Vəziyyət kritik olarsa, dərhal bu məsələləri həll etsinlər"

Hüquqşünas, hüquq müdafiəçisi Asif Yusifli isə hesab edir ki, hazırkı təklif məhz həbs olunmuş jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələrinə görə verilib.

"Onsuz da Azərbaycan Konstitusiyasında prezidentin kifayət geniş səlahiyyətləri var. Bu, prezidentin səlahiyyətlərini genişləndirmək məqsədini daşımır. Sadəcə, prezidentin daha çevik hərəkət etməsi üçün müəyyən bir səlahiyyət vermək istəyirlər", - o, AzadlıqRadiosuna söyləyib.

A.Yusiflinin fikrincə, prezidentə istintaq altında olan şəxsləri də əfv etmək səlahiyyətinin verilməsi qanunvericiliyə zidd sayılmamalıdır: "Qədim bir latın ifadəsi var: "xalqın rifahı ən ali qanundur". Əgər bu verilən səlahiyyət hansısa günahsız insanların həbsdən buraxılmasına xidmət edəcəksə, bu təşəbbüsə müsbət yanaşmaq lazımdır".

A.Yusifli vurğulayıb ki, son zamanlar Azərbaycana qarşı sanksiyalar məsələsi geniş şəkildə gündəmə gəlib: "Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın belə bir çağırışla çıxış etməyi hakimiyyəti narahat edir. Daha çevik addımların atılmasına çalışırlar ki, vəziyyət kritik olarsa, dərhal bu məsələləri həll etsinlər".

Bəzi ekspertlərə görə isə, prezidentə belə səlahiyyətlərin verilməsi istintaqın işinə əsassız müdaxiləyə də yol aça bilər. Üstəlik, onların fikrincə, bu dəyişikliklərdən kimlərin yararlanacağı da açıq məsələlərdən biri kimi qalır.

Xatırlatma

Dekabrın 19-da Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı repressiya ilə bağlı qeyri-icbari qətnamə qəbul edib. Qətnamədə 2023-cü ildən bəri Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyəti, siyasi müxalifət, insan haqları müdafiəçiləri, LGBTI+ icması, müstəqil mediaya qarşı sistematik təzyiq apardığı, bunun BMT-nin COP29 iqlim sammiti öncəsi şiddətləndiyi vurğulanır. Avropa Parlamenti Azərbaycanda azı 300 siyasi məhbusun olduğunu qeyd edir. Avropa İttifaqı insan haqları pozuntularına cavabdeh rəsmilər, o cümlədən bəzi hüquq-mühafizə orqanlarının rəhbərlərinə sanksiyalar tətbiq etməyə çağırır.

Azərbaycan Milli Məclisi isə buna cavab olaraq bəyan edib ki, "bu qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir".

XS
SM
MD
LG