Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 20:56

Növbədənkənar parlament seçkilərinə verilən qiymətlər...


Parlament seçkilərində aşkar pozuntu: Topa bülletenlər
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Parlament seçkilərində aşkar pozuntu: Topa bülletenlər

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə əlaqədar ilkin nəticələrini açıqlayıb.

Açıqlanan ilin nəticəyə görə, deputat mandatının yarıdan çoxunu (68) yenə hakim Yeni Azərbaycan Partiyası (YAP) qazanıb. 13 mandatın isə ümumilikdə 10 partiyaya düşəcəyi gözlənir. Vətəndaş Həmrəyliyi Partiyası üç, Ədalət, Hüquq və Demokratiya Partiyası iki yerlə təmsil ediləcək. Daha səkkiz partiya - Respublikaçı Alternativ Partiyası, Milli İstiqlal Partiyası, Demokratik İslahatlar Partiyası, Ana Vətən Partiyası, Böyük Quruluş Partiyası, Böyük Azərbaycan Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası hərəyə bir deputat mandatına malik olmağa yaxın sayılır.

44 mandatı isə bitərəflər qazana bilər. Hərçənd müxalifət onları hakimiyyətyönlü sayır. Onlar isə belə dəyərləndirməni qəbul etmirlər.

Bu parlament seçkilərinə ölkədə Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) başqa bütün qeydiyyatdan keçmiş partiyalar qatılmışdı. AXCP ölkədə azad və ədalətli seçkilər üçün şərait olmadığını bildirərək onu boykot etmişdi.

Seçki günü pozuntularla bağlı çoxsaylı şikayətlər səsləndi. Bir sıra müşahidəçilər ayrı-ayrı seçki məntəqələrində topa bülletenlərin atıldığını, bir şəxsin bir neçə yerdə səs verdiyini (karusel) iddia etdilər.

MSK: "Şəffaf şəkildə araşdırılacaq"

MSK sədri Məzahir Pənahov bildirib ki, seçki günü quruma rəsmi heç bir müraciət daxil olmayıb: "Amma MSK-ya nə müraciət daxil olacaqsa, arzu edilən bütün beynəlxalq müşahidəçilərin, media nümayəndələrinin iştirakı ilə araşdıracağıq. Pozuntu kimi təqdim edilən bütün məsələlər çox ətraflı, şəffaf şəkildə araşdırılacaq və müvafiq qərarlar qəbul olunacaq".

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

YAP: "ABŞ-də də qanun pozuntuları olur"

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Hikmət Babaoğlu "Turan"a bildirib ki, VII çağırış növbədənkənar parlament seçkiləri milli demokratiyanın yeni bir səhifəsidir: "İlk dəfədir ki, seçicilərimiz tam seçici hüququndan istifadə edib doğulduqları yerdə - Xankəndidə, Şuşada, Laçında və digər ərazilərdə səs veriblər. Ən böyük demokratiya hadisəsi budur. Hər bir insanın doğulduğu yerdə yaşaması və orada öz siyasi fəaliyyətini həyata keçirməsi mühüm bir hadisədir".

H.Babaoğlunun fikrincə, YAP-ın qələbəsi gözlənilən idi və heç kəsi təəccübləndirmir: "Çünki YAP həm milli demokratiyanın inkişafı, həm dövlətçiliyimizin möhkəmlənməsi və həm də ərazi bütövlünün bərpası baxımından seçicilərimizin gözləntilərini yerinə gətirən bir partiyadır. Partiyamızın sədri həm də Azərbaycan prezidentidir. Seçicilərimiz bu fəaliyyətimizi qiymətləndirməyi bacarırlar".

Seçkilərdə pozuntulara gəldikdə isə, onun sözlərinə görə, istənilən şərti demokratik cəmiyyətdə seçkilərdə qanun pozuntuları da, müxtəlif mövqelər də ola bilir: "Amerika Birləşmiş Ştatlarında (ABŞ), Fransada, Qərbin digər ölkələrində də müəyyən qanun pozuntuları olur. Ona görə də bu, demokratiyanın tərkib hissəsi kimi qəbul edilməlidir. Şübhəsiz ki, ideal seçkiləri heç bir demokratik cəmiyyətdə keçirmək mümkün deyil. Amma əsas belə bir pozuntular təsbit olunarsa, seçkini keçirən qurumun buna necə reaksiya göstərməsidir. Azərbaycanda isə bu, çox adekvatdır".

Arif Hacılı
Arif Hacılı

"...hətta demokratiyanı imitasiyası belə etmir"

Seçkilərdə iştirak edən, amma ilkin nəticələrə görə, bir mandat belə qazana bilməyən müxalif Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı AzadlıqRadiosuna açıqlamasında xatırladır ki, onlardan 34 namizəd irəli sürülüb, yalnız 25 nəfərin namizədliyi qeydə alınıb: "Biz seçki prosesində həm iştirak etdik, həm də onu izlədik. Namizədlərimiz uğurlu seçki kampaniyası apardı, Müsavat Partiyasının platformasını seçicilərə təqdim etdilər. Ancaq bütün seçki prosesi, əvvəlcədən gözləndiyi kimi, hakimiyyətin tam nəzarəti altında keçdi".

A.Hacılı vurğulayır ki, ölkədə demokratik seçki mühiti mövcud deyildi, söz, ifadə, sərbəst toplaşmaq azadlığı təmin olunmamışdı, yüzlərlə siyasi məhbus var: "Eyni zamanda, seçki administrasiyalarının hakimiyyətin tam nəzarəti altında olduğu bir vəziyyətdə keçirilən seçkilərin nəticələrini təxmin etmək mümkün idi. Son illər, əvvəlki illərdən fərqli olaraq, Azərbaycan hakimiyyəti hətta demokratiyanın imitasiyası ilə belə məşğul deyil".

Onun sözlərinə görə, Müsavat Partiyası seçkilərdə iştirak etməklə həm seçicilərə öz fikirlərini çatdıra bildi, həm də seçki zamanı baş verən pozuntuları ortaya qoydu: "Bununla da Azərbaycan cəmiyyətində hakimiyyətə etimadın olmadığı üzə çıxdı. Bütün "karusel" əməliyyatlarına baxmayaraq, seçici fəallığının aşağı olmasını gizlətmək mümkün olmadı. Müşahidəçilərin fikrincə, seçici fəallığı 10 faizdən də az oldu. Bu, bir tərəfdən, seçicilərin onların səsi vasitəsilə hər hansı dəyişikliklərin olacağına ümidlərini itirməsi ilə bağlıdırsa, digər tərəfdən, onların Azərbaycan hakimiyyətinə etimadsızlığının göstəricisidir".

Seymur Həzi
Seymur Həzi

"Bu prosesə seçki adını vermək çox çətindir"

Boykot qərarı verən AXCP-nin sədr müavini Seymur Həzinin fikrincə, Azərbaycanda seçkilər geridə qalmış ölkələrin sistemi ilə həyata keçirilir və saxtakarlıqlarla müşayiət olunur: "Azərbaycandan başqa neçə ölkə tapmaq olar ki, seçkilər bu cür keçirilir? Ona görə də bu prosesə "seçki" adını vermək çox çətindir".

S.Həzinin sözlərinə görə, hətta mübarizənin getdiyi bir-iki dairələrdə belə seçki olmayıb: "Bir hökumət namizədi min səs alıb, amma bir gecə içində nə baş veribsə, səhər-səhər bu səslərin sayı 5 min olub. Belə bir şəraitdə hansısa seçkilərdən danışmaq, məncə, doğru olmazdı".

Amma o qeyd edib ki, vətəndaş cəmiyyəti nümayəndələri olan namizədlərin göstərdiyi təşəbbüs və hökumət namizədlərinə yaratdıqları çətinliklər təqdirolunandır.

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

"Seçici fəallığı belə şişirdilib"

Siyasi şərhçi Nəsimi Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, bu seçkilərin nəticəsi səsvermə günündən xeyli öncə məlum idi: "İlkin açıqlamaya görə, 88 nəfər (70.4%) hazırkı MM üzvləri yenidən mandat aldı. 37 nəfər (29.6 faiz) yenidir. 37-nın 7-si daha öncə deputat olub".

Ekspertin hesablamalarına görə, YAP 68 mandat (54.4 faiz) qazanıb: "Bunlardan 50-si öncədən deputat idi. YAP-ın 18 yeni deputatı var. 18-in 6-sı daha öncə də deputat olub. Bitərəflərin 44 (35.2 faiz) mandatı olacaq. Bunlardan 30 nəfər Milli Məclisdə təmsil olunurdu. 14 yeni deputatdır. Parlamentdə 11 partiya təmsil olunacaq".

N.Məmmədlinin sözlərinə görə, seçkilərə start veriləndən qanun pozuntuları aşkar izlənirdi: "Müstəqil və müxalif namizədlərin əksəriyyətinin qeydiyyata alınmasına süni əngəllər yaradılmışdı. Seçki kampaniyası dövründə çoxsaylı pozuntular olmasa da, seçki günü total saxtakarlıq halları var idi".

O hesab edir ki, seçici fəallığı belə şişirdilib: "Mənim müşahidələrimə görə, 11 faiz seçici iştirakı oldu. Seçicilərin səsverməyə gəlməməsinin səbəbi seçkilərin total saxtalaşdırılmasıdır. Seçicinin kimə necə səs verməsi MSK-nın əlindəki siyahılara bir elə təsir etmir".

Xatırlatma

Əslində parlament seçkiləri bu ilin noyabrında gözlənirdi. Hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay ölkədə BMT-nin iqlim konfransının (COP29) keçiriləcəyini səbəb göstərərək bundan əvvəlki (VI çağırış) parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış etdi. Təşəbbüs parlamentdə qəbul edildi və seçki tarixi bir neçə ay önə çəkildi.

Bundan əvvəlki parlament və prezident seçkiləri də Azərbaycanda növbədənkənar olub. Onda parlament seçkilərinin önə çəkilməsi "prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi", prezident seçkisinin növbədənkənar keçirilməsi isə Qarabağda suverenliyin bərpası ilə izah edilmişdi.

Bəzi müxalifət partiyaları həmin seçkilərdə bəyan etmişdilər ki, hakimiyyət seçkiləri əslində önə çəkməklə onu tələsik saxtalaşdırmaq məqsədi güdür.

XS
SM
MD
LG