Özbəkistanın Energetika Nazirliyi 2021-ci ildə bildirmişdi ki, ölkədə daxili tələbatı üçqat ödəyəcək qədər qaz çıxarılır. Di gəl, qazla zəngin bu ölkədə son illər hasilat azalıb.
AzadlıqRadiosunun müxbirləri Farangiz Nacibulla və Xurmat Babacanov yazırlar ki, reallıqda özbəkistanlılar evlərini isitmək və yemək hazırlamaq üçün kömür, odun və peyin yandırmalı olurlar. Enerji şəbəkələrini təmin edən bir çox elektrik stansiyası da kömürə möhtacdır.
Ekspert və ictimai fəallar yaranmış durumun çevrəyə təsiriylə bağlı həyəcan təbili çalırlar. Kömür ən zəngin karbon tərkibli yanacaqdır. Onun iqlim dəyişikliyinə mənfi təsiri çox böyükdür. Minlərlə ağacsa odun üçün qanunsuz kəsilir.
Ölkə vətəndaşları hökuməti alternativ təkliflər verə bilməməkdə suçlayırlar
Hər qış adiləşən təbii qaz çatışmazlığı fonunda enerjiyə artan tələbat problemi daha da kəskinləşdirir.
"Noyabrın sonundan soyuqlar lap artıb. Təkcə kəndlərdə deyil, şəhərlərdə də qaz tədarükündə problemlər yaşayırıq", - ölkənin şərqindəki Fərqanə şəhərində yaşayan ictimai fəal Əbdulsəlom Erqaşevin belə deyir.
"Şəhərin mərkəzində yaşayıram. Borularda qazın təzyiqi qışda o dərəcədə azdır ki, soba qızmır. Əlacsızlıqdan insanlar kömür, peyin yandırır, ağacları, hətta meyvə ağaclarını kəsirlər", - yenə onun sözləridir.
Qanunsuz ağackəsmə elə geniş yayılıb ki, hökumət bunun cəzasını da sərtləşdirib. Fevralda qüvvəyə minən qanuna görə, qanunsuz ağackəsməyə görə məhkum olunanlar 17 milyon somadək (1300 dollaradək) cərimələnə bilərlər. Dövlət qulluqçuları, şirkət və digər təşkilatlar üçün cərimələr daha yüksəkdir.
Cəriməylə yanaşı, qanunu pozanlar hər kəsilən ağacın əvəzinə 100 ting basdırmalıdırlar.
Bir çox özbək, özəlliklə şəhərlərdən kənarda yaşayanlar aylar öncədən qışa hazırlaşır. Onlar odun yığmağa, peyin toplayıb qurutmağa, kömür almağa başlayırlar. Bir çox ailədə hətta ceviz qabığı və meyvə çəyirdəkləri yanacaq kimi istifadə edilir.
Ortalama hər kəndli ailəsi qış vaxtı təxminən 1.5 ton kömür yandırır. Üstəlik, oduncaqdan, pambıq liflərindən, qurudulmuş peyin və digər yanacaq növlərindən də yararlanırlar.
Çevrəyə dəyən ziyan təkcə qışda borulardan çıxan qatı tüstüylə məhdudlaşmır.
"Fərqanədə hətta maşını qapalı pəncərəylə sürəndə də havadan gələn üfunət adamı boğur", - sonuncu videoçarxının birində populyar bloqer Əkməl İsomiddinov belə deyir. "Bu, təkcə Fərqanədə baş vermir. Ölkəmizin 90 faizində durum belədir. Bu, çevrəyə və insanların səhhətinə pis təsir göstərir".
Yanacaq kralı kömürmüş?
Rahat yaşam zamana möhtacdır. Özbəkistanın təxminən 36.4 milyon əhalisi var. Sübuta yetirilmiş 1.8 trilyon kubmetr qaz ehtiyatı baxımından dünyada ilk 20 ölkə arasındadır. Di gəl, uzunmüddətli istismar qaz yataqlarını tədricən tükədir və mavi yanacağın çıxarılmasını çətinləşdirir. Hökumətin fikrincə, bu sahədə daha çağdaş texnologiyaya ehtiyac var.
Rəsmi statistikaya görə, 2024-cü ilin ilk 10 ayında Özbəkistanda təxminən 39 milyard kubmetr təbii qaz çıxarılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4.8 faiz azdır.
2018-ci ildə ölkədə təxminən 61.6 milyard kubmetr hasil edilsə də, son beş ildə bu göstərici 24 faiz azalaraq ötən il 46.7 milyard kubmetrə düşüb.
Hökumət hasilatı tədricən 33 faiz artırmağı və 2030-cu ilədək onu 62 milyard kubmetrə çatdırmağı planlaşdırır. Bu da 2018-ci ilin səviyyəsindən azca yüksəkdir.
Bu arada hökumət vətəndaşları daha çox kömür yandırmağa çağırır.
Özbəkistan mediasının bilgilərinə görə, 2023-cü ildə hakimiyyət minlərlə məktəbə, uşaq bağçası və tibb ocağına qazdan kömürə keçmək göstərişi verib.
Hökumətin bildirdiyinə görə, qaz hasilatı azalsa da, kömür istehsalı durmadan artır və illik istehsal 2016-cı ildəki 4 milyon tondan ötən il 6.5 milyon tona yüksəlib.
Gələn il həmin göstəricini 10 milyon tona çatdırmaq planlaşdırılır.
İqlim dəyişikliyinə dair xəbərdarlıqlara gəlincə, hökumət yaşıl enerjiyə sərmayə yatırdığını, elektriklə çalışan avtomobillər üçün subsidiyalar ayırdığını və havanın təmizlənməsinə kömək üçün ölkə boyunca 200 milyon ağac əkməyə başlandığını bildirib.