Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 13:10

Ermənistanın sabiq prezidentləri Paşinyanı yalan danışmaqda suçlayırlar


Nikol Paşinyan, Serj Sarkisyan, Robert Koçaryan və Levon Ter-Petrosyan
Nikol Paşinyan, Serj Sarkisyan, Robert Koçaryan və Levon Ter-Petrosyan

Dekabrın 23-də Ermənistanın üç sabiq prezidenti baş nazir Nikol Paşinyanı yenidən yalan danışmaqda ittiham edib.

Onlar bildiriblər ki, Paşinyan həmsədrlərin keçmiş sülh təklifləri barədə son sözləriylə Dağlıq Qarabağla bağlı məsuliyyəti öz üzərindən atmaq istəyir.

Levon Ter-Petrosyan, Robert Koçaryan Serj Sarkisyanın ofisləri birgə bəyanatlarında ABŞ, Rusiya və Fransanın həmsədri olduğu ATƏT Minsk qrupunun vasitəçiliyi ilə on illərlə sürən Ermənistan-Azərbaycan danışıqlarının tarixini baş nazirin yenə təhrif etdiyini vurğulayıb.

Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi sədrinin müavini Levon Zurabyan AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, Paşinyan Artsaxın (ermənilərin Dağlıq Qarabağa verdiyi ad - red.) dağıdılmasına görə günahı boynundan atmaq istədiyindən hər fürsətdən, hər çıxışdan yararlanır: "Bu, günah duyğusu, bu cavabdehlik yükü ömrünün sonunadək onu izləyəcək".

Savaş qaçılmaz oldu?

Parlamentdə Koçaryanın başçılıq etdiyi "Hayastan" fraksiyasının üzvü Artur Xaçatryan deyib ki, Paşinyanın 2020-ci ildəki dəyişkən siyasəti və Qarabağ münaqişəsi ilə bağlı düşüncəsiz açıqlamaları Azərbaycanla savaş doğurub: "1991-ci ildən bəri təklif edilən nizamlama variantlarının hər biri indiki durumumuzdan qat-qat yaxşı olub".

Ermənistanın müxalifət liderləri iddia edirlər ki, Paşinyan "Madrid prinsipləri"nin son variantını rədd etməklə fəlakətli nəticələrə gətirən savaşı qaçılmaz edib.

Paşinyan ikinci Qarabağ savaşından sonra dəfələrlə "Madrid prinsipləri"ni tənqid edib. O, Facebook-dakı paylaşımında qeyd edib ki, 1994-cü ildən etibarən vasitəçilərin hazırladığı bütün sülh planları Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına yönəlmişdi. Baş nazirin iddiasına görə, bunun əvəzində Ermənistana heç nə təklif edilməyib.

Paşinyanın fikrincə, 2018-ci ildə hakimiyyətə gələndən sonra bu gerçəyi ermənilərə anlatmaması onun böyük yanlışı olub.

ATƏT Minsk qrupunun irəli sürdüyü "Madrid prinsipləri"nə əsasən, ilk mərhələdə Qarabağa daxil olmayan beş rayon geri qaytarılmalı, bölgədəki bütün kommunikasiyalar açılmalı, sülhməramlılar yerləşdirilməli, köçkünlər evlərinə qayıtmalılıydı. Sonrakı mərhələdə Laçın və Kəlbəcər rayonları tam azad edilməli, azərbaycanlı icma Qarabağa qayıtmalı, ardınca Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağın hüquqi statusu müəyyənləşdirilməliydi.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" keçirmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı. Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG