Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 19:35

'Kanal 13'ün icraçı direktoru: 'Ümid edirəm, bu gün azadlığa buraxılıb qızımın Yeni il şənliyinə gedərəm...'


Əziz Orucov
Əziz Orucov

"Kanal 13" internet televiziyasının icraçı direktoru, 1 il 1 aydır həbsdə olan Əziz Orucov dekabrın 25-də Səbail rayon Məhkəməsində hakim önünə çıxarılıb.

Jurnalist "20-ci sahə" qəsəbəsində dövlət qurumlarının icazəsi olmadan ev tikməkdə suçlanır və Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsiylə həbsdə saxlanılır.

Dekabrın 25-də məhkəmənin hazırlıq iclasında vəkilləri vəsatət qaldıraraq Ə.Orucov haqqında cinayət işinə xitam verilməsini istəyiblər. Onlar Bakıda 500 min civarında belə ev olduğuna, belə evlərin hamısında insanlar uzun illərdir yaşadığına diqqət çəkiblər. Vəkillər buna görə həmin ev sahiblərinin həbs edilmədiyini, onların haqqında cinayət işi başladılmadığını da vurğulayıblar.

"Səbəb peşə fəaliyyətidir"

"Bu isə onu deməyə əsas verir ki, Əziz Orucov ayrıseçkiliyə məruz qalır. Səbəb də onun peşə fəaliyyətidir", - vəkil Fəxrəddin Mehdiyevin sözləridir.

Ə.Orucovun özü də təqsirsiz olduğunu söyləyib.

Digər vəkil Bəhruz Bayramov cinayət işinə xitam verilməzsə, heç olmasa, hökm çıxarılanadək Ə.Orucovun ev dustaqlığına buraxılması barədə vəsatət verib. Müdafiəçi müvəkkilinin suçlandığı maddənin" az ağır cinayətlər" kateqoriyasına aid olduğunu, bu tipli cinayət işlərində, bir qayda olaraq, adamların həbsdə saxlanmadığını bildirib.

"Bu gün qızımın bağçada Yeni il şənliyi var. Ümid edirəm ki, azadlığa çıxıb onun Yeni il şənliyinə gedərəm", - Ə.Orucov vəkilinin qaldırdığı vəsatətə münasibət bildirərkən belə deyib.

Hakim Günel Səmədova nə onun haqqında cinayət işinə xitam verilməsi, nə də ev dustaqlığına buraxılması haqda vəsatəti təmin edib.

Yanvarın 8-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror ittiham aktını elan edəcək, ardınca dindirmələr başlanacaq.

Xatırlatma

Ə.Orucov ötən il noyabrın 27-də icazəsiz evtikmə ittihamıyla həbs olunub. Bir ay sonra – dekabrın 19-da ona valyuta qaçaqmalçılığı ittihamı da verilib. Həmin ərəfədə eyni cinayət işi üzrə "Kanal 13"ün əməkdaşı Şamo Eminov da həbs edilib. Ona qarşı da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb.

İstintaqın sonunda Ə.Orucovun işi ayrılaraq məhkəməyə göndərilib. İstintaq yekunlaşarkən, onun üzərindən qaçaqmalçılıq ittihamı götürülüb.

Ə.Orucovun işində Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmiş qismində tanınıb. Bu qurumun təmsilçisi məhkəməyə zərərçəkmişin nümayəndəsi kimi qatılacaq.

Jurnalistin ittiham olunduğu CM-in 188.2-ci maddəsində 3 ilədək azadlığın məhdudlaşdırılması, yaxud eyni müddətə həbs cəzası nəzərdə tutulub.

Ötən ilin noyabrından Azərbaycanda "AbzasMedia", "Kanal 13", "Toplum TV", meclis.info, "Meydan TV" kimi çoxsaylı media orqanının 30 nəfərdən çox əməkdaşı qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Media orqanlarının redaksiyaları möhürlənib.

Jurnalistlər bu ittihamları rədd edir, tənqidçi fəaliyyətlərinə görə siyasi sifarişlə cəzalandırıldıqlarını deyirlər.

Hökumət təmsilçiləri ölkədə heç kimin siyasi məqsədlərlə izlənmədiyini, həbs olunanların konkret cinayətlərə görə cəzalandırıldığını iddia edir.

XS
SM
MD
LG