Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 20:51

Zurabişvili prezident seçkisini legitim saymır. Kobaxidze: 'Radikal müxalifət uduzdu'


Tbilisidə etirazçılar. 14 dekabr, 2024-cü il
Tbilisidə etirazçılar. 14 dekabr, 2024-cü il

Gürcüstanın baş naziri İrakli Kobaxidze müxalifətin küçə etirazlarında uduzduğunu, ölkədə Ukraynanın "Maydan" ssenarisinin iflasa uğradığını deyib.

"Radikal müxalifət əvvəlcə seçkiləri uduzdu, sonra da küçədə. Bilirsiniz ki, dörd partiyaya xaricdən ciddi dəstək var, 10-dan çox zəngin QHT-lər var. Ancaq onlar son günlər birlikdə aksiyalara heç 2 min adam yığa bilmirlər", – Kobaxidze şənbə günü brifinqdə söyləyib.

Baş nazir hesab edir ki, hakimiyyət "radikal" müxalifətin "zorakı" resursunu tam neytrallaşdıra bilib.

Zurabişvilinin bəyanatı

Gürcüstan Mərkəzi Seçki Komissiyası Mixeil Kavelaşvilini prezident seçkisinin qalibi elan edib. Parlamentdə səsvermədən iştirak edən 225 nümayəndədən 224-ü ona səs verib.

Gürcüstan Seçici Kollegiyasında ümumilikdə 300 nümayəndə var. Amma müxalifət üzvləri səsverməni boykot ediblər.

Nə Gürcüstan prezidenti Salome Zurabişvili, nə də müxalifət bu seçkinin legitimliyini tanıyıb.

Prezident S.Zurabişvili seçki barədə deyib: "Heç nə olmayıb. Heç kim heç kimi seçməyib. Heç nə baş verməyib".

+++

Azərbaycan prezidenti İlham Əliyev M.Kavelaşviliyə təbrik məktubu göndərib. İ.Əliyev ikitərəfli əlaqələrin möhkəmləndirilməsi yönündə birgə səylərə inandığını bildirib.

+++

İlk dəfədir Gürcüstanda prezidenti əhali deyil, Seçici Kollegiyası seçir. Yeganə namizəd isə keçmiş futbolçu Mixeil Kavelaşvili idi. O, hakim "Gürcü arzusu"ndan rəsmən ayrılmış "Xalqın gücü" partiyasının üzvüdür. Onun namizədliyini hakim partiyanın fəxri sədri, milyarder Bidzina İvanişvili verib.

Seçici Kollegiyasında hakim partiyanın 211 təmsilçisi var. Onlardan 89-u parlament üzvü, 109-u yerli idarəetmə orqanlarının təmsilçiləri, 13-ü Acariyadan deputatlardır. Beləliklə də, səsvermənin keçirilməsi, birinci turda prezidentin seçilməsi üçün yetərincə səs var.

Kollegiyada dörd müxalifət partiyasından 61 deputat formal təmsil olunsa da, onlar parlamenti boykot ediblər, səsverməyə qatılmayıblar.

Hakim partiya andiçmənin dekabrın 29-da keçiriləcəyini bildirib.

Prezidentin bəyanatı

Zurabişvili deyir ki, onun mandatı yeni parlament yeni prezident seçənədək qüvvədə olacaq.

"Sabah parlamentdə nə baş verəcəksə, parodiya olacaq. Bu, legitimlikdən tamamilə uzaq, qeyri-konstitusion hadisə olacaq", – Zurabişvili dekabrın 13-də mətbuat konfransında deyib.

Prezident daha öncə seçkilərin Rusiyanın köməyi ilə manipulyasiya olunduğunu bildirmişdi.

Müxalifətdən olan deputatlar parlament seçkilərinin nəticəsini tanımayıb, "Gürcü arzusu"nun hakimiyyətini saxlamaq üçün seçkini saxtalaşdırdığını iddia ediblər.

Ötən ay hakim partiya Gürcüstanın Avropa İttifaqına üzvlük danışıqlarının təxirə salınması barədə qərarı ölkədə siyasi böhran yaradıb.

Hakimiyyət nümayişlərə sərt reaksiya verib, son iki həftədə yüzlərlə insan saxlanılıb.

ABŞ və Aİ müxalifətə, jurnalistlərə qarşı zorakılığı pisləyib.

ABŞ Dövlət Departamenti dekabrın 12-də Gürcüstan rəsmilərinə ölkədə "demokratiyanı sarsıtmağa" görə viza məhdudiyyətləri tətbiq edib.

Milyarder, keçmiş baş nazir Bidzina İvanişvilinin təsis etdiyi "Gürcü arzusu" 2012-ci ildən hakimiyyətdədir.

XS
SM
MD
LG