Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 20:47

Azərbaycana ərzaq idxalı artır, buna çox səbəblər göstərilir...


Kərə yağını marqarinə dəyişməyə məcbur camaat...
Gözlə

No media source currently available

0:00 0:05:07 0:00

Kərə yağını marqarinə dəyişməyə məcbur camaat...

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, Azərbaycanda ərzaq idxalı xərcləri 2024-cü ilin 10 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 10.2 faiz artaraq 1.97 milyard ABŞ dollarına çatıb. Hesabat dövründə qida məhsullarının ümumi ölkə idxalında çəkisi 11.84 faiz təşkil edib.

Ərzaq idxalının son beş ildə 46.8 faiz, son 10 ildə isə iki dəfədən çox artdığı bildirilir.

Halbuki, rəsmi məlumatlara əsasən, qeyri-neft sektorunda yaradılan əlavə dəyərin orta hesabla 10 faizi aqrar sahəyə düşür.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 11 milyard 407.1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur.

Taxıl əkənlər hökumətdən gübrə və su üçün kömək istəyirlər
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

Subsidiyalar artır, məhsulun dəyəri azalır

Ölkənin aqrar sahəsinə müəyyən vəsaitlər xərclənir. Lakin nəticələr o qədər də ürəkaçan görünmür. Hesablama Palatasının "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində bildirilir ki, 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2.2 dəfə, bir hektara düşən subsidiya 2.4 dəfə artıb, subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri isə 12.2 faiz azalıb.

Rəydə habelə qeyd olunur ki, 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484.5 milyon manat subsidiya proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin proqnozundan 41.6 milyon manat və ya 9.4 faiz çoxdur: "Dövlət büdcəsindən maliyyələşdirilən subsidiyaların (əkin, məhsul, toxum, heyvan və s.) nəticəlilik baxımından müsbət təsirləri arzuolunan səviyyədə deyil. 2025-ci ildə bu istiqamətdə xərclərdə 2024-cü ilin proqnozu ilə müqayisədə 9.4 faiz artım nəzərdə tutulduğu halda, bitkiçilik və heyvandarlıq sahələrində istehsalın illik artımının cəmi 0.1 faiz bəndi olması gözlənilir".

Tahir Rzayev
Tahir Rzayev

"İnsanların ərzaq mallarına tələbatı artır"

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də "Turan"a açıqlamasında idxalın ildən-ilə artmasının tərəfdarı olmadığını bildirib: "Yerli bazar formalaşdırılmalıdır, yerli məhsullardan daha çox istifadə olunmalıdır. Ancaq insanlar məhsulların xarici görünüşünü nəzərə alır, yerli məhsullara üstünlük vermir. İnsanlar elə bilirlər ki, xaricdən gələn ərzaq məhsulları daha keyfiyyətlidir. Ancaq bir çox hallarda onların keyfiyyəti bizim yerli məhsullardan daha aşağı olur".

Amma deputat hesab edir ki, ərzaq məhsullarının idxalında artım həm də tələbat məsələsidir: "İnsanların ərzaq mallarına tələbatı artır. Əhalinin artımı ilə də əlaqəli ola bilər... Həm də xarici turistlərin sayının artımı ilə bağlı ola bilər ki, onlar burada bu məhsullara ehtiyac duyur və iş adamları bu məhsulların idxalında maraqlı ola bilər".

Onun fikrincə, xaricdən idxalı azaltmaq və yerli istehsalı artırmaq üçün sistemli iş getməlidir: "Tələbata uyğun bazar nizamlanmalıdır".

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

"Artım yeyinti məhsullarında deyil"

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov AzadlıqRadiosuna məsələ ilə bağlı bir sıra detalları sadalayır: "Rəsmi statistikada ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında 1 faiz artım göstərilib. Diqqətlə izləsək, görərik ki, bu artım yeyinti məhsullarında deyil. Bizim DSK çalışır ki, istehsalda azalma olduğunu göstərməsin, ona görə də artım 1 faiz göstərilir. 1 faiz artım isə o deməkdir ki, artım olmayıb. Bu səbəbdən də idxalımız artır".

Ekspertin sözlərinə görə, hökumətin xaricdə bahalaşma olduğuna görə idxalın dəyərinin də artdığı ilə bağlı bəyanatları bir elə də həqiqətəuyğun deyil: "Xaricdən idxal olunan bəzi məhsulların qiyməti hətta azalıb".

O hesab edir ki, vəziyyətdən çıxmaq üçün peşəkar kadrlar hazırlanmalı, ayrılan vəsaitin şəffaflığı təmin olunmalıdır: "Artıq üç ildir ki, işğaldan azad edilmiş ərazilər həm buğda əkini, həm də heyvandarlıq üçün istifadə olunur. Bu, istehsalı artırmalı idi, ora da investisiya olub. Əsas odur ki, investisiya səmərə versin, məhsuldarlıq artsın. Bu il isə taxılın məhsuldarlığı 6 faiz aşağı düşüb".

V.Məhərrəmov vurğulayır ki, idxal artdıqca ölkədən valyuta axını artır və ölkə daxilində bahalaşma baş verir: "Ölkədə idxal monopoliyadadır. Həmin monopolistlər də qiymətləri diktə edir. Digər ölkələr də var ki, məhsul çatışmazlığı var, idxal edir, amma orada idxal olunan mallar Azərbaycandan 20-30 faiz aşağıdır".

XS
SM
MD
LG