Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 20:57

ABŞ-dakı zavodun çinli sahibləri sanksiyaya düşən elektronikanı Rusiyaya göndəriblər


Ukrayna istehkamçıları 500 kiloqramlıq "uçan" bombanı təhlükəsiz şəkildə məhv etmək üçün çıxarırlar.
Ukrayna istehkamçıları 500 kiloqramlıq "uçan" bombanı təhlükəsiz şəkildə məhv etmək üçün çıxarırlar.

Kaliforniyadakı bir zavodun sahibi olan "Yangzhou Yangjie Electronic Technology Company Limited" adlı Çin şirkəti Rusiyanın Ukraynaya hərbi təcavüzündən bəri Rusiyaya yüzlərlə qutu yasaqlanmış elektron mallar göndərib. AzadlıqRadiosunun əməkdaşları Mayk Ekel və Mark Krutovun hazırladıqları yazıda deyilir ki, şirkətin müştəriləri arasında Rusiya ordusu ilə bağlantılı, sanksiya altında olan şirkətlər də var.

Ukrayna ordusunun ictimaiyyətə açıq məlumat bazasından götürülən bilgiyə görə, şirkətin istehsal etdiyi hissələrdən, azı, biri Ukraynada döyüş meydanından götürülmüş Rusiya silah yönləndirmə sisteminin içindən tapılıb.

Vaşinqtonda yerləşən, data təhlili və qlobal araşdırmalarla məşğul "C4ADS" adlı qeyri-kommersiya təşkilatının əldə etdiyi gömrük bilgilərinə görə, Şanxayın şimal-qərbindəki Yançjo şəhərində yerləşən "Yangjie Technology" 2022-ci ilin fevralından bəri Rusiyaya, azı, 238 qutu spesifik mal göndərib.

"İkili" istifadəyə imkan verən 17 bağlama

"C4ADS"in əldə etdiyi və AzadlıqRadiosu ilə bölüşdüyü siyahıdan belə məlum olur ki, Rusiyaya göndərilən qutuların içərisində, potensial baxımdan, ABŞ-da hazırlanmış və Rusiya silah sistemlərinə yarar saxlayacaq "yüksək öncəlikli" kimi təsnif edilən elektron hissələr olub.

Gömrük bilgilərinə görə, azı, 17 belə bağlama ABŞ sanksiyaları altındakı bir Rusiya şirkətinə göndərilib.

Əldə edilən bu bilgilər bir daha Rusiya ordusunun Qərb texnologiyasına çıxışını kəsməklə bağlı Qərb ölkələrinin üzləşdiyi çətinlikləri ortaya qoyur.

Ukraynada istifadə edilən Rusiya silahlarından çıxan elektron komponentlər arasında "Yangjie Technology" tərəfindən hazırlanmış diod da var.
Ukraynada istifadə edilən Rusiya silahlarından çıxan elektron komponentlər arasında "Yangjie Technology" tərəfindən hazırlanmış diod da var.

Ukrayna müharibəsi ərzində Çinin Moskva ilə münasibətləri həm strateji, həm də iqtisadi sahələrdə dərinləşib.

Vaşinqton və Avropa İttifaqı "ikili istifadə" kateqoriyasına daxil texnologiyaları satdığından bəzi Çin şirkətlərinə də sanksiya tətbiq edib. Çin aylarla sürən basqılardan sonra oktyabr ayında özünün yeni ixracata nəzarət qaydalarını açıqlayıb. Bu qaydalar "ikili istifadə" mallarının Rusiyaya göndərilməsinin məhdudlaşdırılmasını hədəfləyib.

Di gəl, Qərb rəsmiləri deyirlər ki, Çin mallarının axını Rusiyanın bu müharibədəki gücünün artırılmasında önəmli rol oynayır.

Ayrıcalığı olan diod və tranzistorlar

Gömrük sənədlərinə görə, "Yangjie Technology"nin göndərdiyi məhsullar arasında ayrıcalığı olan diod və tranzistorlar varmış.

Ukrayna hərbçiləri "Yangjie Technology"nin istehsal etdiyi, azı, bir diodu Rusiyanın UMPK yönləndirmə sistemində istifadə olunan bir modulun içərisində aşkar ediblər. Havadan atılıb "süzülən" bombaları yönləndirmək, hərəkətini izləmək üçün UMRK-dan yararlanırlar. Rusiyanın atdığı bu bombalar Ukraynada dağıdıcı effekt yaradır.

"Yangjie Technology" "Simmetron Electronic Components" adlı Rusiya şirkətinə də, azı, 173 dəfə yüksək öncəlikli "ikili istifadə" texnologiyası göndərib. "Simmetron" ötən ilin mayında ABŞ-ın sanksiya siyahısına daxil edilib.

Gömrük sənədləri göstərir ki, "Simmetron"a ünvanlanan, azı, üç çatdırma 2023-cü ilin avqust-sentyabr aylarında - sanksiyaların tətbiqindən sonra göndərilib.

Həm "Yangjie", həm də "Simmetron" AzadlıqRadiosunun açıqlama xahişinə cavab verməyib.

XS
SM
MD
LG