Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 21:24

Ermənistanda etirazların lideri 'səhvləri'ni etiraf edib


Baqrat Qalstanyan
Baqrat Qalstanyan

Ermənistanda bu ilin may-iyun aylarında hökumətə qarşı kütləvi etirazlara başçılıq edən arxiyepiskop Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyanı çökdürə bilmədiyinə görə tərəfdarlarından üzr istəyib. O, rejimi dəyişdirmək üçün etiraz kampaniyasını davam etdirəcəyinə də söz verib.

Apreldə Azərbaycanın xeyrinə 4 həmsərhəd kənddən geri çəkilməklə bağlı Paşinyanın qərarından sonra Qalstanyan Tavuş bölgəsində baş qaldıran və müxalifətin də dəstəklədiyi etiraz aksiyalarının liderinə çevrilmişdi. Ərazilərin qaytarılmasını əngəlləyə bilməyən arxiyepiskop Paşinyanı istefaya məcbur etmək üçün etirazçıları paytaxt Yerevana yönəltmişdi.

Ancaq Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasına rəhbərlik edən Qalstanyan oktyabrda mitinqləri bərpa edərkən, az sayda etirazçı gəldiyindən, daha mitinq kerirməyəcəyini bildirmişdi.

İlsonuna yaxın keçirilən mətbuat konfransında üzr istəyən arxiyepiskop bu sözləri dilə gətirib: “Etdiyim və etmədiyim işə görə üzr istəməkdən utanmıram…”. Ardınca o deyib:

"Ayrı-ayrı uğursuzluqlara və yekun nəticəyə nail ola bilmədiyim üçün məsuliyyət tam mənim üzərimdədir. Uğur və qələbə sevimli xalqıma məxsusdur".

Daha sonra Qalstanyan əlavə edib ki, müttəfiqləri ilə birlikdə 2025-ci ildə Paşinyanı hakimiyyətdən kənarlaşdırmağa çalışacaq.

Yanlışlarına da toxunan arxiyepiskop "təşkilati" çatışmazlıqları sadalayıb və onu dəstəkləyən qruplara həddən çox güvəndiyinə təəssüfləndiyini bildirib.

Maydakı etirazlardan bəri bəzi müxalif qruplar Qalstanyanıı tənqid edir, onu hakim rejimi dəyişməkdən ötrü qətiyyətsizlikdə, aydın hərəkət planına sahib olmamaqda suçlayır.

Bu tənqidləri rədd edən arxiyepiskop hazırda öz çevrəsiylə müzakirələr apardığını və "uzun mübarizəyə" hazırlaşdıqlarını bildirib.

Baş nazir Paşinyan mayda etiraz aksiyalarına xarici kəşfiyyat xidmətlərinə çalışanların qatıldığını söyləmiş, hakim partiyanın bəzi üzvləri Qalstanyanı Rusiya casusu adlandırmışdı. Kanada vətəndaşlığı olan 53 yaşlı arxiyepiskopun özü bu ittihamları kinayə ilə qarşılamışdı.

XS
SM
MD
LG