Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 21:25

ABŞ Gürcüstana əlavə sanksiyalar tətbiq edə bilər


Antoni Blinken
Antoni Blinken

ABŞ dövlət katibi Antoni Blinken "Gürcü arzusu"na ciddi xəbərdarlıq edərək onu "özbaşına həbs və fiziki zorakılıq" kimi repressiv taktikadan əl çəkməyə çağırıb.

"ABŞ "Gürcü arzusu" partiyasının ölkə vətəndaşlarına, etirazçılara, kütləvi informasiya vasitələrində çalışanlara və müxalifət nümayəndələrinə qarşı qəddar və əsassız zorakılığını qətiyyətlə qınayır", - Blinkenin bəyanatında belə deyilir.

Blinken ABŞ-nin gürcü xalqı ilə həmrəyliyini və demokratik niyyətlərini bir daha təsdiqləyərək xəbərdarlıq edib ki, gürcülərin azadlıq hüququnu boğmağa çalışanlar "məsuliyyətə cəlb olunacaqlar", o sıradan əlavə sanksiyalarla.

Bu arada həbs edilərkən döyülüb huşuna itirən "Axali" partiyasının sədri Nika Qvaramiyanın durumu normallaşmaqdadır. Vəkilinin dediyinə görə o, məhkəmə iclasını gözləyir.

"Axali" partiyası "Dəyişiklik uğrunda Koalisiya"nın nəzdində fəaliyyət göstərir. N.Qvaramiya dekabrın 4-də Tbilisidəki ofisində axtarışlar zamanı saxlanılıb. Polislər onun qarnına bir neçə dəfə zərbə vurduqdan sonra müxalifətçi huşunu itirib. Onun vəkili Dito Sadzaqişvili bildirib ki, Qvaramiyanın durumu qənaətbəxşdir və o, xırda xuliqanlıq və polis əmrlərinə tabesizlik suçuyla həbsdə saxlanır. Vəkil əlavə edib ki, müxalifətçinin məhkəməsi 48 saat içində baş tutmalıdır.

Polis əməliyyatı nəticəsində "Dəyişiklik uğrunda Koalisiya"nın bir başqa tanınmış üzvü - Qela Xasaya da saxlanılıb.

Tbilisidə nümayişçilər polisdən gizlənmək üçün metro stansiyasına qaçırlar.
Tbilisidə nümayişçilər polisdən gizlənmək üçün metro stansiyasına qaçırlar.

ABŞ-nin fikrincə, Gürcüstan polisinin qəddarlığı insan ləyaqətini üstələməməlidir

ABŞ Gürcüstan hökumətinə Tbilisidəki etirazçılarla ləyaqətlə davranmağı tövsiyə edib.

Dekabrın 4-də ABŞ səfirliyi Facebook sosial şəbəkə hesabında qısa bir "Ləyaqəti olan rəhbərlik?" paylaşımı edib.

Səfirlik gün başlarkən, "Başqalarını suçlamayın" paylaşımıyla yadda qalmışdı. Diplomatik nümayəndəlik Gürcüstanın Avropa İttifaqi ilə üzvlük danışıqlarının və ABŞ-Gürcüstan strateji tərəfdaşlığının dayandırılması səbəblərini "Gürcü arzusu"nun son qərarlarına bağlayıb.

Üç nüfuzlu ABŞ senatoru - ABŞ Helsinki Komissiyasının həmsədri Ben Kardin, Rocer UikerCon Kornin etirazçıları dəstəkləyən və hökumətin onlara qarşı zorakılığını qınayan birgə bəyanat qəbul ediblər.

""Gürcü arzusu"nun Avropa İttifaqına üzvlüklə bağlı müzakirələrdən geri çəkilmək qərarı gürcü xalqının Avropa dəyərləri və institutlarını qəbul etmək üçün aydın və qarşısıalınmaz istəyinə ciddi xəyanətdir", - birgə bəyanatda belə deyilir.

Senatorlar hökuməti Gürcüstanı "Rusiya yoluyla avtokratiyaya sürükləyən" etibarsız rejimə bənzədiblər.

"Bu hərəkətlər beynəlxalq demokratik normaları kobud şəkildə pozur və gürcü xalqının qanuni arzularını sarsıdır", - bəyanatdakı sözlərdəndir.

Dekabrın 4-də səhər saatlarında polis ard-arda altıncı gecə keçirilən etirazları dağıtmaq üçün su şırnağına və gözyaşardıcı qaza əl atıb.

Ötən günlərdə olduğu kimi, parlament binasına girişi qapadan polis etirazçıları Rustavelli küçəsindən sıxışdıraraq uzaqlaşdırıb. Bir neçə etirazçı həbs edilib.

Polislər bir neçə müxalifət partiyasının ofislərində axtarış da aparıb. Bunların arasında "Birləşmiş Milli Hərəkat" və "Dəyişiklik uğrunda Koalisiya"nın bölmələri də vardı.

Sonuncunun nəzdində fəaliyyət göstərən "Axali" partiyasının sədri Nika Qvaramiya və "Dəyişiklik uğrunda Koalisiyanın" digər tanınmış üzvü Qela Xasaya saxlanılıblar.

Hüquq-mühafizə orqanları etiraz aksiyalarının koordinasiyasının asanlaşdırılması ilə tanınan "Daitove" Facebook platformasınin inzibatçısı İlya Qlontinin evinə soxulublar.

Ötən həftə "Gürcü arzusu" Avropa İttifaqı ilə üzvlük danışıqlarını dayandırmaq qərarını açıqlayandan bəri Gürcüstanda etirazlar daha da artıb. Hökumət aksiyaların xaricdən maliyyələşdirildiyini deyib.

Xatırlatma

Ötən ilin dekabrında Aİ-yə namizəd statusu qazansa da, Gürcüstanda "xarici agentlər" və cinsi azlıqlara dair mübahisəli qanunlar qəbul edilib. Brüssel bu qanunları Avropanın dəyər və prinsiplərinə zidd saydığından Gürcüstanın Aİ-yə üzvlük danışıqlarını başlatmaqdan vaz keçib.

Qərb dövlətləri oktyabrda keçirilən parlament seçkilərinin sonuclarına şübhəylə yanaşır. Rəsmi bilgiyə görə, hakim "Gürcü arzusu" 54 faiz səslə seçkidə qalib gəlib. Ancaq seçkilərin qanun pozuntuları və Rusiyanın müdaxiləsiylə keçirildiyi iddia edilir. Müxalifətin iki ekzit-polu hakim partiyanın 42 faiz səs topladığını göstərib. Həmin sorğularda dörd müxalif partiyanın, açıq-aşkar, səslərin çoxunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.

XS
SM
MD
LG